Londonun Lord meri: “İnanıram ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla keçəcək”

 

“Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi ilə bağlı işlər yekunlaşmaqdadır. London da Olimpiya Oyunlarına ev sahibliyi edib. Azərbaycanlılar da bizim kimi Oyunlardan əvvəl həyəcan keçirirlər. İnanıram ki, ilk Avropa Oyunları uğurla keçəcək”.

Bu fikirləri London şəhərinin Lord meri Alderman Alan Yarrou Azərbaycana səfərinin yekunları ilə bağlı iyunun 2-də Bakıda keçirdiyi mətbuat konfransında deyib.

Alderman Alan Yarrou ilk Avropa Oyunlarının açılış mərasimində Böyük Britaniyadan gələcək rəsmi nümayəndə heyətinin yaxın günlərdə məlum olacağını söyləyib.

Səfərinin məqsədinin Azərbaycan ilə Böyük Britaniya arasında əlaqələrin inkişafına töhfə vermək olduğunu deyən Lord mer hazırda Azərbaycanda təxminən beş min britaniyalının çalışdığını qeyd edib. “Biz Azərbaycana iqtisadiyyat sahəsində apardığı işlərdə dəstək göstərməyə hazırıq. Azərbaycanda Dövlət Neft Fondunun yaradılması vasitəsilə neft gəlirlərinin idarə olunması məndə yaxşı təəssürat yaradıb. Neft Fondu iqtisadiyyatda müəyyən dəyişiklik etməyə qadirdir. Bunun üçün imkanlar da var. İnteqrasiyaya, şaxələndirilməyə daha çox diqqət yetirilməlidir” - deyə Alderman Alan Yarrou bildirib.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.