“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Kiyevdə təbliğat aksiyası keçirilib

 

“Bakı-2015” birinci Avropa Oyunları ilə bağlı Kiyevdəki Mərkəzi Olimpiya Stadionunda dövlət rəsmilərinin iştirakı ilə kütləvi təbliğat aksiyası keçirilib.

Aksiyada Avropa Oyunlarına qatılacaq ukraynalı idmançılar və idman azarkeşləri ilə yanaşı, Azərbaycanın gənc fəalları, mədəniyyət və incəsənət nümayəndələri, o cümlədən bu ölkədəki səfirliyimizin əməkdaşı Nazim Əliyev və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva da iştirak ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi (BUAK) və Ukrayna Azərbaycanlı Gənclər Birliyinin (UAGB) birgə təşkilatçılığı ilə keçirilən aksiyaya xeyli sayda yerli sakin də qatılıb.

Ukrayna Milli Olimpiya Komitəsinin prezidenti Sergey Bubka deyib ki, ölkəsində Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına böyük maraq var. Ukraynanın 243 idmançıdan ibarət ən hazırlıqlı komandası bu oyunlarda iştirak edəcək: “İlk Avropa oyunlarının Azərbaycanda keçirilməsi tək idman hadisəsi deyil. Bu, həm də Azərbaycanın avroatlantik məkana inteqrasiya olunmasında üzərinə götürdüyü öhdəliklərin uğurla yerinə yetirilməsinin əyani təzahürüdür”. O, qarşıdakı beynəlxalq idman yarışında ukraynalı idmançıların ən yaxşı nəticələr göstərəcəklərinə inandığını deyib.

Ukraynanın gənclər və idman naziri İqor Jdanov isə ilk Avropa Oyunlarınin onlar üçün xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Bildirib ki, ölkəsinin idmançılarından bu oyunlarda Ukrayna bayrağının daha ucada dalğalandırılmasını gözləyir.

BUAK-ın sədri Rövşən Tağıyev Azərbaycanda bütün sahələrlə yanaşı, idmanın inkişafına xüsusi diqqət və qayğı göstərildiyini söyləyib, Avropa Oyunlarına hazırlıqla bağlı Azərbaycanda görülən işlər, inşa olunmuş müxtəlif növ idman kompleksləri haqqında məlumat verib.

1996-cı ildən etibarən ölkəmizin olimpiya oyunlarına qatıldığını bildirən R. Tağıyev ötən dövr ərzində Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini qeyd edib: “İlk Avropa oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin idman sahəsində əldə etdiyi beynəlxalq nüfuzun göstəricisidir”.

Sonda tədbir iştirakçıları Ukrayna Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Olimpiya Stadionunun qarşısında təşkil etdiyi Azərbaycan guşəsində xalqımızın qədim və zəngin mədəniyyəti ilə tanış olublar. İştirakçılara Azərbaycana dair informasiya bukletləri paylanılıb, Bakıya gələcək idmançılara ölkəmizlə bağlı məlumat verilib.

Azərbaycanlı musiqiçilərin ifasında konsert proqramı ilə yekunlaşan tədbir yerli mediada geniş işıqlandırılıb.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.