Mariyan KVESİÇ: “Azərbaycan gələcək Avropa Oyunlarının təşkili üçün yüksək standart yaradacaq

 

Bu sözləri BosniyaHerseqovina Milli Olimpiya Komitəsinin (BHMOK) prezidenti Mariyan Kvesiç AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində söyləyib.

M.Kvesiç deyib: “Nəzərə alsaq ki, bu yarışlar ilk dəfə keçirilir, o zaman təşkilatçı ölkənin üzərinə böyük məsuliyyət düşür. Mən həmkarlarımla birgə Avropa Olimpiya Komitəsinin (AOK) sessiyalarında iştirak edərkən Azərbaycan Milli Olimpiya Komitəsinin “Bakı-2015”ə hazırlıqla bağlı təqdimatlarını izləmək şansı əldə etmişəm. Belə bir nəticəyə gəlmək olar ki, AOK bu cür mötəbər bir tədbirə ilk dəfə məhz Azərbaycanı ev sahibi ölkə olaraq seçməklə düzgün qərar verib”.

BHMOK-nın prezidenti bildirib ki, ölkəsi ilk Avropa Oyunlarında 90 nəfərdən ibarət nümayəndə heyəti ilə təmsil olunacaq: “Atletlərimiz son bir neçə aydır ki, Azərbaycanda keçiriləcək bu yarışlara ciddi hazırlaşırlar. Atletika, boks, avarçəkmə, velosiped, cüdo, stolüstü tennisüzgüçülük idman növləri üzrə “Bakı-2015”də mübarizə aparacaq idmançılarımızın hədəfləri bu yarışlardan medallarla qayıtmaqdır”.

Azərbaycanda yarışlara hazırlıq çərçivəsində görülən işləri diqqətlə izlədiyini bildirən M.Kvesiç nəzərə çatdırıb ki, ölkəsi azərbaycanlı idmançıların uğurlarına hər zaman sevinir. O deyib: “Ümumiyyətlə, Olimpiya dəyərləri hər şeydən əvvəl, dostluğu və hörməti tərənnüm edir. Ölkələrimizin idmançıları tərəfindən təbliğ olunan bu ali dəyər Azərbaycan ilə BosniyaHerseqovina arasında səmimi əlaqələrin güclənməsinə töhfə verir. İlk Avropa Oyunlarından hörmət, mükəmməllik və Olimpiya hərəkatının ruhunu yaşadacaq digər dəyərləri əks etdirməsini gözləyirik. Əminik ki, yarışlarda göstərəcəkləri nəticələrindən asılı olmayaraq, BosniyaHerseqovina idmançıları Azərbaycandan gözəl və unudulmaz xatirələrlə qayıdacaqlar”.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.