Kiyevdə ilk Avropa Oyunları ilə bağlı bayram yürüşü

 

Azərbaycan-Ukrayna Beynəlxalq Alyansı, “Düşüncə” Gənclərin İnkişafına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı və “Trendİnformasiya Agentliyinin dəstəyi ilə təşkil olunan bayram yürüşündə Kiyevin tanınmış “Super Barabanşitsı” ansamblı şəhərin mərkəzi Xrişatik küçəsində I Avropa Oyunlarının loqosu olan bayraqlarla birgə marş keçiriblər.

AZƏRTAC xəbər ki, şəhərin mərkəzində bayram yürüşü zamanı paytaxt sakinlərinə və qonaqlara I Avropa Oyunları ilə bağlı bukletlər, jurnallar paylanılıb, onlara Oyunlar barədə ətraflı məlumat verilib.

Ümummilli lider Heydər Əliyevin abidəsi qarşısında da bayram yürüşü təşkil olunub. Azərbaycan-Ukrayna Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib ki, respublikamız ilk Avropa Oyunlarına ev sahibliyi etməklə bir daha idman ölkəsi olduğunu sübut etdi. O qeyd edib ki, Azərbaycanda ilk Avropa Oyunları uğurla keçiriləcək və bir daha gücümüz dünyaya bəyan olacaq.

Trendİnformasiya Agentliyi baş redaktorunun müavini, “Düşüncə” İctimai Birliyinin sədri Emil Hüseynli isə çıxışında deyib ki, Azərbaycan I Avropa Oyunlarına yüksək standartlar tətbiq etməklə hazırlaşıb: “Azərbaycan dövləti və xalqı həmrəylik nümayiş etdirərək qarayaxma kampaniyasına baxmayaraq, ilk Avropa Oyunlarına ciddi hazırlaşıb. Oyunlardan sonra ölkəmizin qüdrəti bir daha dünya ictimaiyyətinə bəlli olacaq”.

Qeyd edək ki, ilk Avropa Oyunları ilə bağlı tədbirlər Ukraynanın digər şəhərlərində də keçiriləcək.

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.8.