Ziyalı sözü - vətəndaş
mövqeyi
I Avropa
Oyunları Azərbaycanın tarixinə yeni tarix yazacaq
Fikrət QOCA,
xalq şairi, əməkdar
incəsənət xadimi
Ötən hər gün bizi iyunun 12-28-də keçiriləcək I Avropa Oyunlarına yaxınlaşdırır. Bu da bir şansdır ki, biz bu tarixi hadisənin iştirakçılarıyıq. Aprelin 26-da Bakıdan, əsrlərin yadigarı “Atəşgah”dan start götürən Oyunların məşəli bölgələrimizi oba-oba dolaşmaqdadır. Azərbaycan ziyalısı, Azərbaycan şairi kimi mən də ilk Avropa Oyunlarını böyük səbirsizliklə gözləyirəm. Mən də o fikirdəyəm ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük etimadın, inamın göstəricisidir. Sevindirici hal həm də odur ki, Oyunlar təkcə paytaxtda deyil, ölkəmizin hər yerində coşqu ilə, bayram əhval-ruhiyyəsi ilə qarşılanır. İnsanlara, xüsusilə ölkə gənclərinə bu sevinci bəxş edən Prezident İlham Əliyevə yaşlı nəslin nümayəndəsi kimi minnətdarlığımı bildirirəm.
“Bakı-2015” I Avropa Oyunları ilə bağlı Azərbaycana 10 minə yaxın insanın gələcəyi gözlənilir. Artıq Bakıda müxtəlif ölkələrdən, müxtəlif xalqların nümayəndələrini görmək mümkündür. Mənim özümə yaxın və uzaq xarici ölkələrdən yazıçı və şair dostlarımdan zənglər olur. Onlar bu möhtəşəm idman oyunlarına tamaşa etmək, gündən-günə gözəlləşən paytaxtımızı görmək, gəzmək, burada istirahət etmək istəyirlər. Gələn qonaqlar Azərbaycandakı inkişafı öz gözləri ilə görüb, müsbət qiymət verəcəklər. Oyunlar ərəfəsində Azərbaycanın uğurları dünyada geniş təbliğ olunacaq, dövlət kimi nüfuzu, güc və qüdrəti, beynəlxalq etibarı daha da möhkəmlənəcək. Məhz bu baxımdan əldə edilən nailiyyətlər Azərbaycan rəhbərliyinin, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətin, dövlətçiliyimizə verdiyi töhfələrin nəticəsidir. İllərdir, ölkə rəhbərinin bu siyasəti, atdığı addımlar, görülən işlər göz önündədir. Bütün bunlar ölkəmizin Avropada mədəni, demokratik və eyni zamanda, Avropa dəyərlərinə, Avropa tələblərinə cavab verən bir ölkə kimi tanınmasına böyük zəmin yaratmışdır. Şəhərimizdə və regionlarda müasir infrastruktur, xidmət obyektləri tikilib. Elə indinin özündə də böyük işlər görülür, ictimai yerlər gözəlləşdirilir, parklar salınır, binalar bərpa edilir.
Azərbaycan müstəqilliyini bərpa edəndən sonra, xüsusilə son 10-15 ildə çox böyük, misli görünməmiş uğurlara imza atıb. Bu oyunlar Azərbaycanın imicinə, nüfuzuna böyük təsir edir. Azərbaycana olan münasibət müsbət mənada dəyişir. Bəzən kənardan baxanda, kənardan deyiləndə başqa cür səslənir, amma onlar gəlib həm idmanımızla, həm də milli mətbəximizlə, milli mədəniyyətimizlə, tarixi abidələrimizlə, incəsənətimizlə, ədəbiyyatımızla, bir sözlə, ölkəmizin reallıqları və insanlarımızla yaxından tanış olanda düşüncələrində başqa təəssürat yaranacaq. Bu baxımdan I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tarixinə yeni tarix yazacaq.
Azərbaycan yenə
də dünyaya sevincli günlər bəxş edəcək
Fidan QASIMOVA,
“Şöhrət” ordenli xalq artisti
Musiqi kimi, idmanın da xalqları birləşdirmək
missiyası var. İdman yarışlarında da ünsiyyət
qurur, münasibət yaradırlar. Bu baxımdan I Avropa
Oyunları daha böyük əhəmiyyət kəsb edir.
Bu həm də fürsətdir ki,
özümüzü avropalılara olduğumuz kimi təqdim
edək. Bu oyunlarla əlaqədar beynəlxalq
təşkilatların təmsilçilərinin fikirləri də
maraq doğurur. Məsələn, Avropa
İttifaqının Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Malena Mard iyunun 12-dən 28-dək Bakıda
keçiriləcək I Avropa Oyunları ilə bağlı
dedi ki, 6 mindən artıq avropalı idmançının
qatıldığı bu tədbirin başlanması səbirsizliklə
gözlənilir. Məncə, onun məqsədi bunları
söyləmək idi: “Bu Oyunlar Azərbaycana özünü
təqdim etmək imkanı verəcək”.
Azərbaycan
Prezidenti İlham Əliyevin bildirdiyi kimi, biz güclü
dövlətik və özümüzü dünyaya təqdim
etmək üçün bu, yaranmış bir şansdır:
“Güclü siyasi iradə, texniki imkanlarımız vardır,
səfərbərlik təmin edilibdir. Yəni,
bu Oyunları biz elə keçirəcəyik ki, gələcək
Olimpiya Oyunları üçün də nümunə olsun.
Azərbaycan özünü dünyaya yenidən
müasir, dinamik inkişaf edən, güclü dövlət
kimi təqdim edəcəkdir”.
Dövlətimizin müstəqillik tarixinin son illərində
əldə etdiyimiz uğurlar, həmçinin vətənimizdə
müxtəlif xalqların nümayəndələri ilə
tolerantlıq mühitində yaşamağımız
dünyaya nümunədir. Biz bunları təqdim
edəcəyik.
Avropa dövlətlərindən gələcək
qonaqlar xalqımızın milli sərvəti ilə də
maraqlanacaqlar.
Biz də sənətimizlə əlaqədar
xarici ölkələrə qastrol səfərləri edəndə
diqqətimizi çəkən ilk növbədə əhalinin
yaşayış tərzi, onlara xas xüsusiyyətlər,
tarixləri, mədəniyyətləri və folkloru olub.
Vətənini, xalqını, dövlətini sevmək vətəndaşlıq
borcu və milli kökə bağlılıqdan irəli gəlir. Xalqımızda
çox yüksək səviyyədə olan bu hisslər
çoxlarına örnəkdir. Yəqin
ki, Azərbaycandan uzaqlarda yaşayan, qəlbi Vətənlə
döyünən soydaşlarımız da bu Oyunların
başlanmasını səbirsizliklə gözləyir.
I Avropa Oyunları əsl idman festivalı olacaq. Eyni zamanda mədəniyyət
tədbiridir. Azərbaycan yenə də
dünyaya sevincli günlər bəxş edəcək. Bu dəfə daha çox.
Avropa Oyunları deyiləndə ilk
olaraq Azərbaycan xatırlanacaq
Məryəm ƏLİZADƏ,
teatrşünas, sənətşünaslıq doktoru, professor
Dünya
idman tarixində ilk dəfə olaraq Azərbaycanda keçiriləcək
I Avropa Oyunlarının başlanmasına az
qalıb. Aprelin 26-da Bakıdan, əsrlərin yadigarı “Atəşgah”dan
start götürən məşəl
bölgələrimizi oba-oba dolaşaraq Bakıya qayıdacaq.
Bu idman bayramının yerlərdə necə
sevinclə qarşılandığının şahidi olduq.
Artıq yarışla bağlı işlər
tamamlanmaq üzrədir. Bu möhtəşəm
tədbir vasitəsi ilə respublikamızın ictimai-siyasi və
sosial-iqtisadi gerçəkliklərinin dünya ictimaiyyətinə
çatdırılması mühüm əhəmiyyət kəsb
edir.
Bu Oyunlar Avropa və dünya məkanında
respublikamızın nüfuzunun göstəricisi kimi xarakterizə
olunacaq. Marafon ölkəmizə böyük siyasi dividendlər
qazandıracaq. Respublikamızın qədim
tarixə, zəngin mədəniyyətə, yüksək tolerantlıq
mühiti və qonaqpərvərliyə malik olmasını
dünyaya nümayiş etdirəcək. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi, Xocalı
soyqırımı, 20 Yanvar hadisəsi və Azərbaycanın
üzləşdiyi haqsızlıqlara dair gerçəklikləri
beynəlxalq arenaya daşıyacaq.
Bakı ilə yanaşı, ölkəmizin digər iri
şəhərlərinin, bölgələrinin
abadlığının dünyaya tanıdılması Azərbaycana
turizm axınını gücləndirəcək. Təəssüf
ki, ölkəmizin inkişafını gözü
götürməyənlər, bədniyyətlər Azərbaycanı
nüfuzdan salıb, beynəlxalq imicinə zərbə vurmağa
çalışırlar. Lakin istəklərinə nail ola bilmirlər və ola da bilməyəcəklər.
Çünki atalar demiş, yalan ayaq tutar, amma yeriməz! Respublikamızın bütün sahələrdə
çiçəklənməsi göz qabağındadır.
Bu mötəbər yarış həqiqətən də
tarixi hadisədir. Qərinələr keçsə də, I
Avropa Oyunları deyiləndə ilk olaraq Azərbaycan
xatırlanacaq, yada düşəcək. Bu,
böyük uğurdur. Kimsə bunu adi bir
tədbir kimi dəyərləndirə bilər, amma illər
keçdikcə, biz onun əhəmiyyətini daha dərindən
dərk edəcəyik.
Azərbaycanın iri beynəlxalq tədbirlərin
keçirilməsi sahəsində zəngin təcrübəsi
var. Oyunlar zamanı ölkəmizə xarici
idmançılarla yanaşı, çoxlu turist də gələcək. Azərbaycanın
inkişafını, yol infrastrukturunu, idman qurğularını
və turizm guşələrini gözləri ilə görəcəklər.
Dincəlmək üçün müxtəlif
məkanlara üz tutacaqlar. Ölkənin təbliğində
tarixi-mədəni irsi özündə əks etdirən
suvenirlərin də əhəmiyyəti böyükdür.
Bakının qədim tarixini özündə
yaşadan İçərişəhər bu günlər həm
də xatirə əşyaları satılan mağazaların
çoxluğu ilə diqqət çəkir. Suvenirlər
arasında Qız qalasının kiçik maketləri,
muğam üçlüyünün kuklaları və
müxtəlif personajlar, üzərində Bakının və
İçərişəhərdəki tarixi binaların təsviri
çəkilmiş boşqablar, brelok, milli kəlağayılar,
şərflər və s. üstünlük təşkil
edir.
Pespublikamızın mədəniyyət ocaqları da bu
möhtəşəm tədbirə böyük həvəslə
hazırlaşıblar. Paytaxtın teatrlarında qonaqlar
üçün maraqlı repertuarlar tərtib edilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının
repertuarındakı ən məşhur nümunələr
ingilis dilinə tərcümədə təqdim olunacaq. Bundan başqa, proqram və afişalar Azərbaycan,
rus və ingilis dillərində olacaq. Qonaqlar
repertuarımızın şah əsəri olan “Leyli və Məcnun,
“Trubadur”, “Traviata” operalarını, “Yeddi gözəl”, “Min bir
gecə” kimi məşhur balet nümunələrimizi izləyə
biləcəklər. Qonaqlara xoş anlar
yaşatmaq üçün iyun ayının ikinci
ongünlüyünün sonunda Fərəc Qarayevin “Qobustan
kölgələri” baleti Qobustanda açıq səma
altında nümayiş etdiriləcək.
Avropa Oyunları müddətində Akademik Milli Dram
Teatrı tamaşaçı rəğbəti qazanan səhnə
əsərləri ilə gündəmə gələcək. Bundan başqa Azərbaycan
Dövlət Musiqili Teatrı, Azərbaycan Dövlət Rus
Dram Teatrı, Gənc Tamaşaçılar Teatrı və Azərbaycan
Dövlət Kukla Teatrı klassik və müasir əsərlər
əsasında hazırlanmış tamaşalarla qonaqların
və tamaşaçıların xidmətində olacaq.
Ümidvarıq ki, idmançılarımız da bu
Oyunlarda əzmkarlıq göstərəcək, onlara göstərilən
etimadı doğruldacaq və Azərbaycan bayrağını
uca zirvələrə qaldıracaqlar.
Avropa Oyunlarının məşəli
nəinki ölkəmizi, dünyanı nura qərq edir
Mələkxanım ƏYYUBOVA,
xalq artisti
Azərbaycanı
əbəs yerə Odlar yurdu adlandırmayıblar! Bu istilik xalqımızın xarakterinə də
hopub. Bizi istiqanlı xalq kimi tanıyıb
bəşəriyyət. Dilimiz, mədəniyyətimiz,
mətbəximiz zəngin, tariximiz qədim və uludur. Bundan ancaq qürur duymaq olar.
Zəngin mədəniyyətə malik
xalqımızın tarixi həm də keşməkeşli
olub.
Zaman-zaman yadellilər bu cənnət məkanın təbii sərvətlərinə
diş qıcayıb, torpaqlarını zəbt etmək
üçün illərlə çirkin siyasət
yürüdüblər. Qarış-qarış
azalsa da, bərəkəti tükənməyən
torpağımızın qədrini bilib uğrunda
canımızdan keçmişik - şəhid olmuşuq.
Təki, “Vətən yaşasın” -
demişik. Vətənimizi və
xalqımızı dünyaya təqdim etmək
üçün Tanrı bizə dahilər bəxş edib - sərkərdələr
və başçılar - lider, öndər olaraq.
Ümummilli lider Heydər Əliyev dünən, Prezident
İlham Əliyev isə bu gün məhz xalqımızın
yetişdirdiyi liderlər kimi tarixə imza atdılar. Son illər Azərbaycan
dövlətinin Avropaya və dünyaya inteqrasiyası da məhz
Prezidentimizin məqsədyönlü siyasətinin nəticəsidir.
Bu gün Avropa Azərbaycanı inkişaf
etmiş dövlət kimi tanıyır və beynəlxalq
miqyaslı tədbirlərin burada keçirilməsini məqbul
sayır. Neçə dövlətin
arasından Azərbaycanın seçilməsi hamımız
üçün şərəfdir. “Bakı-2015”
I Avropa Oyunlarının ölkəmizi bürüyən şənlik
növrağı neçə vaxtdır dünyaya səs
salıb. Avropa Oyunlarının məşəli
nəinki ölkəmizi, dünyanı nura qərq edir. Dostlarımız bundan qürur duyur, düşmənlərimiz
məyus olur. Qısa zamanda belə
inkişaf və təntənəyə layiq olduğumuzu
sübut etmək fürsəti əldə etmişik.
I Avropa
Oyunları Təşkilat Komitəsinin ilk iclasında Azərbaycan
Prezidenti İlham Əliyev bu Oyunların Bakıda keçirilməsinin
əhali tərəfindən çox yüksək səviyyədə
dəstəkləndiyini bildirmişdir: “Biz bu dəstəyi əvvəlki
dövrdə də hiss etmişik. Çünki,
bildiyiniz kimi, Azərbaycan iki dəfə öz namizədliyini
Yay Olimpiya Oyunlarının keçirilməsi
üçün vermişdir. O zaman rəy
sorğuları keçirilmiş və müəyyən
edilmişdir ki, Azərbaycan əhalisi Olimpiya Oyunlarının
Bakıda keçirilməsini arzulayır, dəstəkləyir
və bu amil də çox mühüm rol oynayır”.
Mən də bir sənətçi kimi bu Oyunları
yalnız idmanın deyil, həm də mədəniyyətimizin
və tariximizin bayramı kimi qəbul edirəm. Uğurla start
götürmüş ilk Avropa Oyunları Azərbaycan tarixinə
qızıl hərflərlə yazılacaq.
Elçin CƏFƏROV,
Elgün MƏNSİMOV,
Rəşad BAXŞƏLİYEV,
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan. - 2015.- 4 iyun.- S.7.