Alov zirvələrdən sahilə endi

 

Məşəl oba-oba yurdumuzu dolaşdıqca, aranın, dağların, zirvələrin üzərindən uçub müjdə gətirən qaranquş kimi dövrə vuraraq I Avropa Oyunlarının başlanmasına sayılı günlərin qalmasından xəbər verir. Zərdüştlüyün, atəşpərəstliyin əsrlərlə yaşadığı bu torpaqda I Avropa Oyunlarının məşəli qərib görünmür, hər yerdə onu hərarətlə, alqışlarla qarşılayır, məhəbbətlə yola salırlar.

Məşəlin qarşılanmasına xeyli vaxt qaldığı üçün şəhəri gəzirik. Qarşımızda çiçək kimi açılan gözəlliklərə baxmaqdan doymaq olmur. Xaçmaz ölkənin bayram ovqatını yaşadığı günlərdə ayrı cür yaraşıqlı görünür. Heydər Əliyev və Bakı prospektlərinin kəsişməsində zövq oxşayan bulaq kompleksi şəhərin boynuna atılan zərif incilərdən biridir. Avropa üslubunda inşa edilən bənzərsiz tağlı qapı, səkiləri yenidən çəkilən 6 kilometr uzunluğunda Bakı prospekti, “Heydər bulağı” və “İlham bulağı” kompleksləri arasında 4 hektar ərazidə müasir üslubda salınan park şəhərə xüsusi yaraşıq verir. 12 metr hündürlüyündəki samovar isə biz azərbaycanlıların çaya olan sevgisinin təcəssümüdür. Şəhərin müxtəlif yerlərində quraşdırılan fəvvarələrdən göyə ucalan su şırnaqlarının da öz dili, öz musiqisi var. Tikilən istirahət mərkəzləri, səkilərlə haşiyələnən yaşıllıq zolaqları, dünyanın müxtəlif ölkələrindən gətirilmiş minlərlə ağac, bəzək və gül kolları Xaçmazın simasını büsbütün dəyişmişdir. Bu şəhər bölgədə muzeyləri ilə də məşhurdur. Xalça və Şəxsiyyətlər muzeyləri həm məzmun, həm də memarlıq baxımından hamını heyran qoyur.

Elman Məmmədov Yeni Azərbaycan Partiyasının fəal gənclərindəndir:

- Avropa Oyunlarının məşəlini qarşılamağa bütün rayonda neçə gündür ki, ciddi hazırlıq gedirdi. Məşəlin keçəcəyi yollarda hərəkət zolaqları yenidən rənglənib, xüsusi keçid işarələri qoyulub. Yürüş marşrutu isə lap əvvəldən müəyyənləşdirilmişdi. Bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün əlimizdən gələni etmişik. İndi I Avropa Oyunlarının başlanmasına sayılı günlər qalıb. “Atəşgah” məbədindən alovlanıb rayonlara qanadlanan məşəlin işığı hamımızın qəlbində yanır. Hədsiz sevincqürur hissi keçiririk. Özümüzə, dövlətimizə və Prezidentimizə inamımız getdikcə artır.

Sərin meh, buludlu hava günortaya yaxın küçə və meydanlara çıxan minlərlə sakinə, qonaqlara rahatlıq, dinclikxoş ovqat bəxş edirdi. Ara-sıra buludların arxasından boylanan günəş də sanki bu bayram təntənəsindən ayrı düşmək istəmirdi.

Tədbir başlayana yaxın I Avropa Oyunlarının rəmzi qapısı qurulan yerə - Heydər Əliyev seyrəngahına gəlirik. Əllərində rəngbərəng bayraqlar, dəstə-dəstə şarlar tutan məktəblilər və gənclər sevinir, gülür, səbirsizliklə məşəli gözləyirdilər. Onların arasında orta və yaşlı nəslin nümayəndələri də kifayət qədər çox idi.

Fürsətdən istifadə edərək bir dəstə yaşlı adama yaxınlaşıb hal-əhval tutur, Oyunların məşəlinin Xaçmaza gətirilməsinin onlar üçün hansı məna kəsb etdiyini soruşuruq. Onlardan biri həmin dəqiqələri hamının səbirsizliklə gözlədiyini bildirir və əlavə edir ki, rayonun Ağsaqqallar Şurasının sədri Böyükağa Məmmədov da burdadır, hamının adından o danışsa daha yaxşı olar. Böyükağa müəllim uzun bir ömür yaşadığını, İkinci Dünya müharibəsindən bu yana bir çox hadisələrin canlı şahidi olduğunu bildirir:

- Çox məşəqqətli bir tariximiz olub, mən də hamı kimi çətin sınaqlardan, ağır günlərdən keçən bir ömür yaşamışam. Bu rayonda insanların qazmalarda yaşadığı günlər yadıma gəlir. Müharibə, aclıq bizi çox sınağa çəkib. Kiminsə əynindən çıxan paltarı bizə geyindirəndə uşaq kimi sevinərdik. O günlərlə bu günümüzü müqayisə edəndə fərq yerlə göy qədərdir. O zaman Azərbaycanı kim tanıyırdı ki... Hamı elə bilirdi bir sovet xalqı var. Ulu öndərin xalqımıza bəxş etdiyiPrezident İlham Əliyevin göz bəbəyi kimi qoruduğu azadlıq bizə özümüzü dərk etməyə, dünyada yerimizi tutmağa imkan verdi. I Avropa Oyunlarının ölkəmizdə keçirilməsi isə bir daha özümüzü dünyaya tanıtmaq üçün böyük şansdır. Buna qəlbən sevinir, qürur duyuruq. İndi bütün dünyada hamı Azərbaycanla maraqlanır, çoxları gəlmək, buraları görmək istəyir. Bu Oyunlar Azərbaycan tarixinin şanlı səhifəsinə çevriləcək, unudulmaz hadisə kimi yaddaşlardan silinməyəcək. Evdə nəvələrim internetə girir, müxtəlif saytları oxuyur və mənə deyirlər ki, Azərbaycan, Bakıda keçirilən I Avropa Oyunları haqqında yazmayan informasiya agentliyi yoxdur.

Budur, Oyunların məşəlinin rəmzi qapısında Mübariz Həsənov görünür. O, qürur hissi ilə məşəlin Xaçmaz yürüşünə başlayır. 4,1 kilometrlik məsafədə məşqçilər Zöhrab Mahmudov, Rəşad Cümşüdov, Əlif Əlifov, Yalçın Cabbarlı məşəli növbə ilə bir-birinə ötürürlər. Alqış səsləri də sanki idmançıların arxasınca irəliləyir. Rayonda ictimai fəallığı ilə seçilən gənclər Şəmsəddin İsrafilovAqil Osmanov da estafeti alqış sədaları altında uğurla başa vururlar. Cüdo üzrə Avropa ikincisi Vasif Talıbov xüsusi hazırlanmış səhnəyə qalxır, I Avropa Oyunlarının məşəlini alovlandırır. Əvvəlkindan daha gur alqış sədaları tədbirin yekun vurulduğu şəhər Dövlət Bayrağı meydanı ərazisində yerləşən Bayraq muzeyi qarşısında başa çatır.

Dövlət Bayrağı meydanında iynə atsan yerə düşməz, məşəlin səhnəyə çıxmasını seyr edənlərin alqışları daha da güclənir, dalğa-dalğa bütün şəhəri bürüyür. Meydana toplaşanların sevincinin həddi-hüdudu yoxdur. Hamı bir-birini təbrik edir, sonsuz maraqla səhnəni izləyirlər. Rəmzi çıraq yandırılır və Oyunlar sona çatanadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verilir.

Mərasim bayram konserti ilə davam etdirilir. Oynayıb, deyib-gülən insanlar bir-birinə qarışır, dəniz kimi izdihamın başı üstündə yüzlərlə bayraq dalğalanır.

Mərasim başa çatandan sonra məşəl alqış sədaları altında Şabran rayonuna yola salınır.

 

Bahadur İMANQULİYEV,

Akif ƏLİYEV,

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.7.