Avropa Oyunları və silsiləlik prinsipi
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarına bir neçə böyük idman tədbirləri silsiləsinin hissəsi kimi baxılmalıdır. Bir çox tanınmış iqtisadçıların araşdırmalarına əsasən, böyük idman yarışları bir ölkədə, yaxud şəhərdə silsilə şəklində keçiriləndə uzunmüddətli iqtisadi, sosial və siyasi dividendlər gətirir. Düzdür, ilk dəfə keçirilən irimiqyaslı idman yarışı böyük sərmayələr tələb edir və təkcə bu yarışın təşkil edilməsi ilə məhdudlaşdığı təqdirdə həmin şəhər və ya ölkə lazımi mənfəət əldə edə bilmir. Ancaq silsilə şəklində keçirildiyi halda növbəti iri idman yarışları artıq mövcud olan infrastruktur üzərində qurula bilər ki, bu da elə çox vəsait tələb etmir. Bu, klassik biznes modelidir.
Son 10 il ərzində Azərbaycanda ildə təqribən 10 faiz iqtisadi artım, rəqabətlilik reytinqlərində yüksəliş dinamikası müşahidə olunur, korrupsiya ilə mübarizə sahəsində ardıcıl nailiyyətlərə imza atılır. Bütün bunlar ölkədə olan dayanıqlı sabitliyin və dinamik inkişafın bariz ifadəsidir.
Vacib amillərdən biri də ölkənin potensial turist və sərmayəçilər üçün stabil və təhlükəsiz imicinin nümayiş etdirilməsidir. İrimiqyaslı idman tədbirləri və ən əsası da silsilə şəklində keçirilən (Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Avro 2020, “Formula-1” və s.) yarışlar Azərbaycanı tanıtmaq üçün yaxşı fürsətdir. Düzdür, yuxarıda qeyd etdiyimiz kimi, ilkin mərhələdə, konkret desək, I Avropa Oyunlarının keçirilməsi üçün müəyyən maliyyə xərcləri tələb edildi. Lakin sadaladığımız sonrakı tədbirlər zamanı xərclərin həcmi xeyli azalacaq.
Onu da qeyd edək ki, silsilə idman tədbirlərinin iqtisadi strategiyası daha çox Avropa modelidir və bu qitədə tətbiq edilən metoddur. Təsadüfi deyil ki, məşhur iqtisadçı Baade Avropa ölkələrinin məhz silsilə idman yarışlarının keçirilməsi nəticəsində uğur qazandığını qeyd edir. Digər iqtisadçı Noll da bildirir ki, ABŞ-dan fərqli olaraq, Avropada ardıcıl bir neçə irimiqyaslı idman yarışının keçirilməsi nəticəsində lazımi iqtisadi və sosial dividendlər əldə etmək mümkün olur.
Əlbəttə, idman yarışlarına yatırılan sərmayəyə dair bütün proqnoz və təhlillər heç də həmişə müsbət qiymətləndirilmir. Baade qeyd edir ki, iri idman tədbirlərinin keçirilməsi zamanı ölkəyə idmançı, azarkeş və kütləvi informasiya vasitələri nümayəndəsi qismində minlərlə şəxsin gəlməsi bura gələn turistlərin sayına mənfi təsir göstərə, sıxlıq baxımından onları səfərlərindən çəkindirə bilər.
Amma bu fərziyə Azərbaycana münasibətdə fərqli xarakter daşıyır. Azərbaycanda bütün qeyri-neft sahələri kimi, turizm də sürətlə inkişaf edir. Düzdür, klassik turizm ölkələrindən fərqli olaraq, Azərbaycana turist axını hələlik arzuolunan səviyyəyə çatmamışdır. Lakin ölkə rəhbərliyinin apardığı hərtərəfli islahatlar kursu, Azərbaycanın təhlükəsiz dövlət və etibarlı tərəfdaş kimi beynəlxalq nüfuzunun yüksəlməsinə xidmət edən məqsədyönlü strateji siyasət xətti turizm, eləcə də idman sahəsində ölkəmizə töhfəsini verir. Bu baxımdan, Azərbaycanda keçirilən idman yarışlarının yalnız müsbət tərəfləri haqqında danışılmalıdır.
İdman yarışlarının keçirilməsində siyasi və iqtisadi məntiq nədən ibarətdir? Sosial, iqtisadi tələbatın ödənilməsi, büdcədən ayrılan vəsaitlərin səmərəli istifadəsi necə təşkil olunmalıdır? Bu suallar hər zaman böyük tədbirləri təşkil edən ölkələrin, o cümlədən Azərbaycanın gündəmində olan məsələlərdir. Həmin suala qısa cavab olaraq siyasi elmlər üzrə mütəxəssis Holger Preus qeyd etmişdir ki, idman yarışlarına xərclənən vəsait ölkəyə, vətəndaşlara dayanıqlı dividendlər gətirməyə yönəldilməlidir. Bu dividendlər idman yarışının keçirilməsindən sonra da ölkənin maraqlarına və sosial-iqtisadi rifahına xidmət etməlidir.
İdman yarışlarının xarakterindən asılı olmayaraq, onların ilk növbədə müsbət tərəfləri qiymətləndirilməli, götür-qoy olunmalıdır. Əvvəlcədən qeyd edək ki, təqdim etdiyimiz təhlilə əsasən, inkişafda olan ölkələr üçün belə mötəbər tədbirlərin mənfəəti inkişaf etmiş ölkələrə nisbətən daha çoxdur.
Beləliklə, idman tədbirlərinin keçirilməsi ilə əlaqədar müsbət amillərə nəzər salaq: idman ab-havasının mövcudluğu və cəmiyyətə idman mədəniyyətinin daha məqsədyönlü aşılanması; turizmin inkişafı; yerli sahibkarlara gəlirlərini artırmaq fürsəti; ev sahibliyi edən ölkənin dünyada tanınması; milli qürur hissinin yüksəlməsi; infrastrukturun inkişafı; silsilə tədbirlərin keçirilməsi nəticəsində (Avropa Oyunları, “Formula-1” və s.) artıq tikilmiş infrastrukturdan istifadə etməklə faydalanmaq.
Beləliklə, bir ölkədə keçirilən silsilə idman yarışları həmin ölkə üçün ciddi struktur yaddaş və təcrübəyə çevrilir. Onlar sonrakı mərhələlərdə artıq bir müsbət təcrübə kimi həm idman, həm də fərqli xarakterli tədbirlərin keçirilməsi üçün istifadə edilir. Bir ölkədə ildən-ilə müxtəlif tədbirlərin keçirilməsi müxtəlif tələblər irəli sürür və həmin ölkəni bu tələblərə əməl etməyə sövq edir. Bundan əlavə, çoxşaxəli infrastruktur obyektləri, media yayımı təcrübəsi və bu kimi amillər ölkənin ümumi inkişaf potensialının və kadrlarının yaradıcılıq qabiliyyətinin yüksəlməsinə səbəb olur. İdman tədbirlərinin keçirilməsi hər zaman böyük elmi və ekspert debatlarının da mövzusudur. Bir də ki, idman və onunla bağlı tədbirlər qloballaşma prosesinin ayrılmaz hissəsidir.
Azərbaycanda keçirilən I Avropa Oyunları Avropanın 50 ölkəsindən
olan 6000-dən çox
idmançını bir araya
gətirəcək. Bu beynəlxalq yarışların məhz Bakıda baş tutması Azərbaycana olan
etimadın əyani sübutudur. Ümummilli lider Heydər
Əliyev tərəfindən təməli qoyulmuş
idman siyasəti bu gün nəticəsini belə tədbirlərin
ölkəmizdə keçirilməsində və əhalinin idmana artan marağında özünü aydın göstərir. Ulu öndər Heydər Əliyevin “İdman milli hərəkata
çevrilməlidir” - kəlamı daim
aktualdır və bu yöndə fəaliyyətin
leytmotivini təşkil edir.
Böyük tədbirlərin keçirilməsinin
Azərbaycana həvalə olunması milli
iftixar hissinə səbəb olduğu kimi, həm də
ölkəmizin gücünün nümayişidir.
Tamerlan VAHABOV,
Politoloq
Azərbaycan. - 2015.- 4 iyun.- S.5.