İdmançılarımızın Oyunlarda medallar qazanacağına əminik

 

Azərbaycan xalqının tarixində və taleyində əlamətdar hadisələr az olmayıb. Bütün dövrlərdə bir sıra sərt sınaqlardan çıxmış xalqımız milli varlığını qoruyub saxlayıb. Təbii ki, zaman keçdikcə, inkişafla bağlı dəyişikliklər baş verir. İctimai-siyasi, iqtisadi dəyişikliklərin özü ilə gətirdiyi bir sıra mənfiliklər xalqımızın milli-mənəvi sərvətlərinə müəyyən təsir göstərsə də, onun zənginliyinə xələl gəlməsinin qarşısı daim qətiyyətlə alınır.

Artıq Cənubi Qafqazda söz sahibi olan Azərbaycan Avropanın  inkişaf etmiş mədəniyyət mərkəzlərindən biri kimi diqqət mərkəzində, maraqlar müstəvisində özünü təsdiqləyir.

Müstəqilliyin bərpasından ötən müddət ərzində dövlətimizin keçdiyi inkişaf yolu örnək kimi Avropa xalqları tərəfindən öyrənilir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlətçilik ənənəsinin bu gün çox yüksək səviyyədə qorunub saxlanmasını danmaq, inkar etmək qeyri-mümkündür. Son on ildə isə möhtəşəm beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi artıq dünyanın nəzər-diqqətini cəlb etməyimizin sübutudur.

Dünyanın, demək olar ki, bir  çox xalqlarının nümayəndələri ilə görüşmüş, onların milli adət-ənənələri, mədəniyyətləri və sosial şəraitləri ilə daha yaxından tanış olmuşam. Bəlkə də bu, xalqımıza və dövlətimizə mənəvi tellərlə  bağlılıqdan irəli gələn vətənpərvərlikdəndir ki, heç yerdə bizdəki kimi bir kimsənin milli sərvətinə olan məhəbbətini görmədim və duymadım. Biz hər şeyə fanatikcəsinə bağlanırıq! Vətəni sevəndə də, onun uğrunda canımızdan keçəndə də.

Bütün bunları deməkdə məqsədim qarşıdan gələn “Bakı-2015” I Avropa Oyunlarına hazırlıqlarla  bağlı fikirlərimi bölüşməkdir. Bir daha vurğulamaq  istərdim ki, əvvəlkilər kimi, bu dəfə də biz özümüzü lazımi səviyyədə təqdim və təsdiq edəcəyik: Oyunlara ciddi hazırlaşmağımız və təcrübəmiz buna əsas verir.

Özübu, adi idman yarışı sayıla bilməz. Əslində, siyasi mahiyyət daşıyan Avropa Oyunlarının ölkəmizdə keçirilməsi dövlətimizin nəinki yerləşdiyimiz qitədə və ya Cənubi Qafqaz regionunda, artıq dünyada qəbul edilən nüfuzunun, demokratik ölkə  imicinin təsdiqidir.

Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi üçün görülmüş bütün hazırlıq işləri barədə yalnız ölkəmizdə deyil, dünyada geniş məlumata malikdirlər. Çünki bu Oyunların hansı səviyyədə keçiriləcəyi barədə beynəlxalq mətbuatda yetərincə informasiya yayılır. Sənətindən və ictimai-sosial statusundan asılı olmayaraq, hər birimizin maraq dairəsində olan  I Avropa Oyunlarının da çox yüksək səviyyədə keçiriləcəyinə inanırıq. Ona da əminik ki, Azərbaycan idmançıları öz parlaq çıxışları ilə sevincimizə sevinc qatacaqlar.

 

Azərpaşa NEMƏTOV,

xalq artisti, Teatr Xadimləri İttifaqı İdarə Heyətinin sədri

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.5.