Olimpiya çempionu
Zemfira MEFTAHƏDDİNOVA: “I Avropa Oyunları Azərbaycanın idman tarixinin ən böyük uğurudur”
Bu gün ölkəmizin idman sahəsində qazandığı uğurlara, inkişafa sevinənlər, Avropa Oyunlarının vətənimizdə keçirilməsini tarixi uğur kimi dəyərləndirənlər sırasında dünya idmanında sözünü deyən Azərbaycan çempionları da var. Onlar bildirirlər ki, doğma ölkəmizdə milli komandanın tərkibində mübarizə aparmaq daha şərəfli və qürurvericidir.
Belə idmançılarımızdan biri Olimpiya çempionu, atıcı-idmançı Zemfira Meftahəddinovadır. O, 40 ilə yaxındır ki, stend atıcılığı ilə məşğuldur. 1979-cu ildən idman ustasıdır və hazırda DİN-in idman cəmiyyətində rəhbər kimi fəaliyyətini davam etdirir. 1986-90-cı illərdə SSRİ çempionatının bürünc, dünya çempionatının gümüş mükafatçısı olub. Eyni zamanda, bu illər ərzində komanda hesabında Avropa çempionu adına və digər titullara layıq görülüb. Özünün dediyi kimi, karyerasının ən parlaq illəri isə müstəqil Azərbaycan dövlətinin qurulmasından sonra başlayıb. Digər sahələrdə olduğu kimi, idmanda da yeni eranın başlanması Z.Meftahəddinovanın uğurlarının yenilənməsi ilə əlamətdar olub. Belə ki, 1993-cü ildən başlayaraq Azərbaycan bayrağı altında və Azərbaycan milli komandasının tərkibində Avropa və dünya çempionatlarında, Dünya Kuboku mərhələlərində, Qran-pri yarışlarında I yerin qalibi olub. 2000-ci il Olimpiya oyunlarının çempionu, 2004-cü il Olimpiya oyunlarının bürünc mükafatçısı, 2008-ci il Olimpiya oyunlarının iştirakçısı olub (15-ci yer). Bu uğurlarına və bacarığına görə “Şöhrət” ordeni ilə təltif edilib.
Zemfira Meftahəddinova Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin ən çox diqqət ayırdığı sahələrdən birinin idman olduğunu söyləyərək dedi:
- Bunu hər bir idmançı, hər bir azərbaycanlı öz həyatında hiss edir. Bütün ağrılı-acılı günlərə, idmançıların problemlərinə son qoyulub. Qələbələrimiz artıb və bayrağımız ucalarda dalğalanmağa başlayıb. Elə bunun nəticəsidir ki, dünyanın ən sanballı yarışlarından sayılan, ilk dəfə təşkil olunan Avropa Oyunlarının keçirilməsi üçün ən əlverişli və etibarlı ölkə kimi Azərbaycana üstünlük verilib. Bu uğur haqqında nə qədər desək, danışsaq da azdır. Həm idmançı, həm də bir vətəndaş kimi təkrarən demək istəyirəm ki, belə mötəbər yarışın ölkəmizdə keçirilməsi hər birimiz üçün böyük idman bayramı, unudulmaz tarixdir.
Ümumilikdə isə idman tariximizin son on ilini ən uğurlu dövr kimi xarakterizə etmək olar. Avropa Oyunlarına hazırlıq dövrü və bu məqsədlə qısa bir müddətdə görülən işlər isə idmanımızın bu günə qədər olan ən yüksək göstəricisidir. Hazırlıq prosesi, sözün həqiqi mənasında, hər kəsi ruhlandırır. Təsəvvür edin, idman ölkəsi kimi tanınan bəzi dövlətlərdə belə nəhəng idman qurğuları, müasir standartlara cavab verən komplekslər yoxdur. Bakıda və bölgələrimizdə inşa edilən idman iqamətgahlarının sürətlə artması ölkədə idmanın təbliğinin genişlənməsi ilə bərabər, həm də ənənəvi bir peşəyə çevrilməsi deməkdir. Təsadüfü deyil ki, son illər idmanla məşğul olan gənc və yeniyetmələrin sayı çoxalıb və bu, hazırda davam edir.
Olimpiya çempionu qeyd etdi ki, I Avropa Oyunlarından sonra bu sahədə tamamilə yeni bir idman mənzərəsinin şahidi olacağıq. Ölkədə, hətta regionda idmanın kütləviləşməsi və ənənəvi məşğuliyyətə çevrilməsi üçün bundan böyük təbliğat ola bilməz. Çox keçməyəcək biz əksər idman növləri üzrə yeni-yeni çempionları, peşəkar idmançıları qarşımızda görəcəyik.
Yarışlara qatılacaq atıcılarımıza gəldikdə Z.Meftahəddinova bildirdi ki, son dövrlər dünyanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da idmanın bu növü sürətlə inkişaf edir. Artıq 10 ilə yaxındır ki, atıcılığın inkişafı məqsədi ilə Stend Atıcılıq Kompleksi də fəaliyyət göstərir. Burada peşəkar atıcılar və adı həvəskarlar öz məşqlərini keçirlər. Bu gün artıq komandamızda təcrübəli atıcılar kifayət qədərdir.
Sonda Zemfira Meftahəddinova dedi:
- I Avropa Oyunlarında başqa idman sahələrində olduğu kimi, atıcılıq üzrə də peşəkar idmançılarımız mübarizə aparacaqlar. Onların bir çoxu beynəlxalq turnirlərin qalibləridir. Yarışa qatılanlar arasında gənc idmançılar da var. Onların qalib gəlmək şansı daha böyükdür. Öncədən ad çəkməsək də, hər birindən qələbə gözləyirik. Unutmayaq ki, I Avropa Oyunları Azərbaycanın idman tarixinin ən böyük uğurudur.
Elnur HADIYEV,
Azərbaycan. - 2015.- 4 iyun.- S.5.