Bakı idman bayramı libasındadır

 

Bəlkə də bu qeydlərimizə “Azərbaycan idman bayramı libasındadır” sərlövhəsini qoysaydıq daha doğru olardı. Çünki artıq açılışına sayılı günlər qalan I Avropa Oyunlarının insanlarda yaratdığı əhval, hər yanda rastlaşdığımız idman libası təkcə yarışların keçiriləcəyi Bakı və Mingəçevirə aid deyil. Bu gün ölkəmizdə elə bir adam, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq elə bir şəhər, qəsəbə, kənd yoxdur ki, Avropa kimi qitənin ilk idman yarışlarından kənarda qalsın, onun doğurduğu hissləri yaşamasın.

Artıq Oyunların məşəlinin ölkə boyu estafetinin başa çatmasına az qalır. Bu gün əksər şəhər və rayon mərkəzlərində “Atəşgah”dan götürülmüş alovun bir parçası şölələnir. Bu isə o deməkdir ki, qitə yarışlarının iyunun 12-də ölkənin baş arenasında yandırılacaq məşəli bütün Azərbaycanın - Odlar yurdunun alovu olacaq. O alov ki, bütün Avropa düz 17 gün onun başına toplanacaq. 17 gün yanacaq həmin alov həm də Azərbaycanın üzərinə işıq saçacaqbu işıqda bizim nəyə qadir olduğumuz daha aydın görünəcək.

Görünəcək ki, Azərbaycan bəzi gözü götürməyənlərin təqdim etdikləri kimi, geridə qalmış kiçik Şərq ölkəsi yox, qədim və zəngin kökünə bağlı müasir, sivil, dünyəvi dövlətdir!

Görünəcək ki, Azərbaycan tərkibində olduğu Avropanın əksər ölkələrinin onilliklər boyu keçdiyi inkişaf yolunu cəmi 20 ildə qət edib!

Görünəcək ki, Azərbaycan təcavüzə məruz qalmış, ərazisi işğal edilmiş ölkə kimi müharibə şəraitində olsa da, ictimai-siyasi cəhətdən nəinki regionda, hətta dünyada ən sabit dövlətlərdən biridir!

Və nəhayət, görünəcək ki, Azərbaycan hətta Avropa Oyunları kimi möhtəşəm tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməyə qadir olan ölkədir!

İndi bu ölkənin bütün ərazisi idman bayramı libasındadır. Bütün şəhər və qəsəbələrimiz daha da abadlaşıb, hər yerdə xüsusi səliqə-sahman hökm sürür, parklar, xiyabanlar, meydanlar göz oxşayır, hara baxırsan ilk Avropa Oyunlarından soraq verir. Camaatın sözü-söhbəti də bu barədədir. Kimi Oyunlara hazırlığın səviyyəsindən danışır, kimi yarışları necə izləyəcəyini götür-qoy edir, kimi də ətrafındakılarla belə bir tədbirin keçirilməsinin Azərbaycana etibar olunmasının qürurunu bölüşür.

Bakı isə bu günlər başqa aləmdir. Onsuz da paytaxtın ilbəil deyil, aybaay dəyişdiyinə şahidlik edən bakılılar çoxsaylı qonaqları qarşılamağa hazırlaşan şəhərdə demək olar hər gün saysız-hesabsız yeniliklərlə üzləşirlər. Hamısı da idmançıların, qonaqların, turistlərin rahatlığına, onlarda ölkəmiz, xalqımız haqqında xoş təəssüratın, müsbət imicin formalaşmasına xidmət edən yeniliklərdir.

Götürək gələn qonaqların ölkəmizdə ilk ayaq basacaqları Heydər Əliyev Hava Limanını. Bu limanın son dövrlər dəyişən təkcə xarici görünüşü deyil. İndi Bakıdan dünyanın bir çox ölkələrinə, hətta uzaq Amerikaya birbaşa uçmaq mümkündür. Özümüasir, rahat laynerlərlə. Limandakı infrastruktur isə heç də dünyanın nəhəng aeroportlarındakından geri qalmır. Bunu biz yox, gələn qonaqlar deyir. Bir müddət əvvəl istismara verilmiş 53 min kvadratmetrlik yeni terminaldan istifadə edən qonaqların başqa qənaətdə olmaları isə, sadəcə, mümkün deyil. İldə 3 milyon sərnişinə xidmət edən və 8 “hava körpüsü”nə malik olan bu terminalAirbus A380” kimi nəhəng hava gəmisini qəbul etməyə imkan verir. Mərkəzi ofisi Londonda yerləşən ARUP şirkətinin tikdiyi terminalın estetik görünüşükonik fasada malik olması sərnişinlərin rahatlığına və uçuşqabağı streslərinin götürülməsinə xidmət edir. Yəqin ki, belə bir şərait Oyunlarla bağlı Bakıya gələn qonaqlarda ilk addımdaca xoş təəssürat yaradacaq.

Sonra həmin qonaqlar məxsusi Avropa Oyunları üçün gətirilmiş müasir avtobuslara əyləşib rahat, genişaeroport yolu” ilə üzü şəhərə doğru gələcəklər. Sözsüz ki, bu zaman qarşılaşacaqları ilk nəhəng tikinti Bakı Olimpiya stadionu olacaq. Məhz bu nəhəng idman qurğusu ilk Avropa Oyunlarının mərkəzi arenasıdır. Prezident İlham Əliyevin, FİFA prezidenti Yozef Blatterin, UEFA prezidenti Mişel Platini, eləcə də futbol ictimaiyyətinin tanınmış nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqların iştirakı ilə 2011-ci ilin iyununda təməli qoyulan stadion qısa bir vaxtda - təxminən 4 ildən də az bir zamanda istifadəyə verildi. Müasir tikinti üslubu və 68 mindən çox tamaşaçı tutumu olan bu arenada idmanın müxtəlif növləri üzrə yarışmaq mümkündür. Ümumi sahəsi 120,8 min kvadratmetrdən çox olan Bakı Olimpiya stadionu Beynəlxalq Tikinti Standartları (İBC) ilə yanaşı, FİFA və UEFA standartlarına da cavab verir.

Arenanın yerləşdiyi ərazidə həmçinin yeni bulvarpark salınıb. Böyükşor gölünün ətrafında olan bu istirahət məkanı əvvəllər paytaxtın ən çirkli ərazisi idi. İndi isə bura 2,5 kilometrlik gəzinti zolağına malik 15 hektarlıq abad bir istirahət yeridir. Burada bütün yaşdan olan əhalinin istirahəti, dincəlməsi, əylənməsi üçün hər şərait var - uşaqlar və yeniyetmələr üçün idman meydançaları qurulub, qaçış və velosiped həvəskarları üçün zolaqlar salınıb, fəvvarələr quraşdırılıb, oturacaqlar qoyulubs. Onu da bildirək ki, bu işlər Böyükşor gölünün ərazisinin abadlaşdırılması ilə bağlı qəbul olunmuş layihənin birinci mərhələsidir və növbəti mərhələ çərçivəsində də işlər davam edir.

Elə bizyolumuzu davam etdirək. Bakı Milli Gimnastika Arenası Olimpiya stadionunun lap yaxınlığındadır. Yeri gəlmişkən qeyd edək ki, son illər, xüsusən ölkənin birinci xanımı Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasına başçılıq edəndən sonra bu zərif idman növü respublikamızda daha da populyarlaşmışdır. İndi qızlarımız beynəlxalq yarışlarda daha çox fərqlənirlər. Azərbaycanın bir neçə dəfə beynəlxalq gimnastika yarışlarına ev sahibliyi etməsi də bu dövrə təsadüf edir. 2013-cü ildə dünya kuboku uğrunda yarışların, 2005-ci ildə dünya, 2007 və 2009-cu illərdə isə Avropa çempionatlarının Bakıda keçirilməsi məhz Mehriban xanımın Azərbaycanda gimnastikanın inkişafı ilə bağlı gördüyü işlərin nəticəsidir.

İndi budur, Bakı daha bir beynəlxalq yarışlar ərəfəsindədir və bu yarışlar arasında gimnastikanın xüsusi yeri var. I Avropa Oyunları çərçivəsində keçiriləcək gimnastika yarışlarının ünvanı olan Milli Gimnastika Arenası isə bu vacib tədbirə hazırdır. Gimnastikanın 6 növü üzrə keçiriləcək yarışları eyni vaxtda 9,6 min tamaşaçı izləyə biləcək. Həm yarışların keçirilməsi, idmançıların məşq etmələri, həm də media nümayəndələri üçün arenada ən müasir tələblərə cavab verən şərait yaradılıb.

Belə şərait həmçinin bu arenanın təxminən beş addımlığındakı Atletlər kəndində mövcuddur. Heydər Əliyev prospektində salınmış kənddə 13 çoxmərtəbəli bina var. Bu binalardakı otaq-mənzillərdə təxminən 8 minə yaxın idmançı yaşayacaq. Hər mərtəbədə onların ixtiyarına 3 və ya 5 mənzil veriləcək. Hər mənzildə 3 və 5 yataq otağı var. Həmin otaqlarda minimum 6, maksimum 10 idmançı qalacaq. Binaların birinci mərtəbələri isə idmançıların dincəlib yorğunluqlarını çıxarmaları üçün nəzərdə tutulub. Bu mərtəbələrdə yumşaq mebellər qoyulub, geniş ekranlı televizorlar, internet xətləri quraşdırılıb. Yarışlar zamanı Atletlər kəndində habelə yeməkxanalar, restoranlar, camaşırxana fəaliyyət göstərəcək. Qısası, bura kənd yox, zəruri infrastruktura malik əsl mini şəhərdir.

Bu mini şəhərin yerləşdiyi prospektdə qonaqların diqqətini cəlb edəcək möhtəşəm tikililərdən biri də, sözsüz ki, Heydər Əliyev Mərkəzi olacaq. Ulu öndərin adını daşıyan mərkəzin təməli 2007-ci ilin sentyabrında qoyulmuş, 2012-ci ilin mayında isə açılışı olmuşdur. 101,8 min kvadratmetr sahəsi olan bu qeyri-adi binanın arxitektoru Zaha Hadidir. “Design Museum” beynəlxalq təşkilatı ötən il ona Heydər Əliyev Mərkəzinin dizaynına görə “İlin dizaynı 2014” mükafatını vermişdir. Bu bina həmçinin Discovery ScienceDiscovery Channel kimi populyar telekanallarda nümayiş etdirilmişonun təkcə mərkəzi yox, eyni zamanda dünyada öz yerini tutmaq üçün vasitə olduğu bildirilmişdir. Bir sözlə, Heydər Əliyev Mərkəzi ulu öndərin irsinə layiq bir abidə olmaqla yanaşı, həm də qonaqları heyran qoyan arxitektura əsəridir.

Qonaqlar da görəcəklər ki, bu cür nadir tikililərin sayı Bakıda az deyil. Heydər Əliyev Mərkəzindən cəmi bir neçə kilometr aralıda - dəniz sahilində ucaldılmış müasir hotel, biznes mərkəzləri və yaşayış evləri, təmir edilərək tamam yeni görkəm almış, lakin qədimliyini qoruyan binalar, ötən əsrin əvvəllərində neft milyonçularının həmin Avropa, daha dəqiq desək, italyan arxitektorlarına tikdirdikləri nadir mülkləri hətta Avropanın ən məşhur şəhərlərində belə, hər addımda qarşıya çıxmayan əsl sənət əsərləridir. Hələ uzaq tariximizdən xəbər verən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayını demirik! Bütün bunlar, eləcə də müasir Bakının simvoluna çevrilmişAlov qüllələri”, forma və məzmunu üst-üstə düşən, yəni xarici görünüşündən təyinatı məlum olan Xalça MuzeyiMuğam Mərkəzi, rekord qısa müddətdə tikilən möhtəşəmKristal Hollkonsert zalı kimi onlarla qədim və müasir tikililər hər ölkəyə, hər şəhərə, hər xalqa nəsib olmayan daş abidələrdir.

İndi bu ölkə də, bu xalq da, bu daş abidələr də möhtəşəm idman bayramı libasındadır, necə deyərlər, həmişə olduğu kimi, qapımızı və süfrəmizi açıb qonaqları gözləyirik. Kim xoş niyyətlə gəlirsə, buyursun!

 

Raqif MƏMMƏDOV,

 

Azərbaycan. - 2015.- 4 iyun.-  S.6.