YARAT Müasir İncəsənət Mərkəzindən nadir imkan: muzeydə qeyri-adi gecə

 

İyunun 6-da YARAT Müasir İncəsənət Mərkəzində “Muzeydə gecə” adlı tədbir keçiriləcək.

“Muzeydə gecə” hər il keçirilən qeyri-adi aksiyadır və 40 ilə yaxındır ki, intellektual istirahətin populyarlaşması məqsədilə dünyanın 143-dən çox ölkəsində təşkil olunur.

YARAT Müasir İncəsənət Məkanından AZƏRTAC-a bildirilib ki, Azərbaycanda bu aksiya artıq ikinci dəfədir ki, keçiriləcək. Qonaqlar muzeylər üçün ənənəvi olan kolleksiyaekspozisiyalarla yanaşı, müasir muzeyin təhsil və fəal istirahət üçün geniş imkanları ilə də tanış olacaqlar. Tədbir səhər saat 11-də başlayıb gecəyədək davam edəcək.

“Muzeydə gecə”nin proqramı da maraqlı olacaq. Açıq səma altında peşəkar mütəxəssislər Həmid Elsevər Həmidzadə və “Yoga Shahi” studiyasından İrina Berezina tərəfindən yoqa dərsləri keçiriləcək. “Zumba” rəqs dərsini “Harmony” studiyasının təsisçisi və Latın Amerikası rəqsləri üzrə ikiqat Azərbaycan çempionu Fərid Mehdiyev təqdim edəcək. Baş aşpaz, “Qurmaniya” mətbəx layihəsinin həmtəsisçisi Fərhad Aşurbəylinin kulinariya üzrə ustad dərsi də tədbir iştirakçıları üçün maraqlı olacaq. Tarixidoğma şəhəri sevənlər üçün isə tanınmış tədqiqatçı, Bakının sirlərini maraqlı bir dillə danışan Fuad Axundov ilə görüş təşkil ediləcək. Gənc peşəkarlar və həvəskarlar sənətşünaslıq üzrə fəlsəfə doktoru və YARAT Müasir İncəsənət Məkanının icraçı direktoru Fərid Abdullayev, rəssam Çingiz Babayev və sənətşünas Cahangir Səlimxanovdan müasir incəsənətlə bağlı ekspert məsləhətləri ala biləcəklər. Art-terapiya seansı beynəlxalq təcrübəyə malik olan psixoloq Elizabet Brandolini tərəfindən keçiriləcək. Tədbir çərçivəsində, həmçinin “BakuVelo” həvəskar velosipedçilər və “Shark Head” klubları tərəfindən velotur yürüşüşousu təşkil olunacaq. Tədbir iştirakçıları “Hədiyyə mağazasından çıxış” filmini, habelə “ABanndonAir” gənc rok qrupunun performansını izləyəcək, DJ Pançonun musiqi nömrələrindən və kokteyl gecəsindən zövq alacaqlar.

Tədbirə və ona daxil olan bütün təlimlərə giriş sərbəstdir, lakin kulinariyaart-terapiya ustad dərslərində iştirak etmək üçün öncədən müraciət edib yazılmaq lazımdır. Bunun üçün (012) 505 14 14 nömrəyə zəng vurmaq, https://www.facebook.com/events/1596805340587431/ səhifəsinə və ya info@yarat.az ünvanına bildiriş göndərmək kifayətdir. Əlavə məlumatı YARAT Müasir İncəsənət Məkanının PR meneceri Cəmilə Orucovanın elektron poçtuna yazmaqla Jamila.o@yarat.az öyrənmək olar.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 12.