Qafqaz Müsəlmanları İdarəsinin
Qazılar və Elmi-Dini şuraları
mübarək Ramazan ayının
başlanması ilə əlaqədar fətva verib
Qafqaz
Müsəlmanları İdarəsinin (QMİ) Qazılar
Şurası və Elmi-Dini Şurası mübarək Ramazan
ayının başlanması ilə əlaqədar fətva
verib.
Fətvada deyilir ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi Azərbaycan Milli Elmlər Akademiyasının Şamaxı Astrofizika Rəsədxanası ilə birlikdə Azərbaycan ərazisi üfüqünə uyğun olaraq Ramazan ayının əvvəli, namaz vaxtları, bu mübarək ayın gündəlik duaları, eləcə də bayram tarixini əhatə edən xüsusi təqvim və yaddaş kitabçası tərtib edib. Mənəvi vəhdətimizi qorumaq məqsədilə müxtəlif mənbələrdən daxil olmuş, məzhəb, vaxt ayrı-seçkiliyinə səbəb ola biləcək digər təqvimlərə müraciət etmək düzgün deyil. Buna görə də dindarlarımıza, bölgələrdəki qazılara, səlahiyyətli nümayəndələrə, imam və axundlara ibadət məkanlarımızda bu təqvimə riayətin vacib olduğunu bildiririk. Eyni zamanda, ölkəmizdə tolerantlıq mühitinin qorunub saxlanması naminə KİV-lərdə və sosial mediada sözügedən təqvimin təbliği və yayılmasını milli vəhdət baxımından vacib sayırıq.
Azərbaycan Respublikasının Dini qurumlarla iş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsi arasında bütün sahələr üzrə səmərəli əməkdaşlıq əlaqələri mövcuddur. Ümidvarıq ki, mövcud əməkdaşlıq yuxarıda göstərilən məqamların həyata keçirilməsi istiqamətində də öz bəhrəsini verəcək.
Builki hesablamalara əsasən, Ramazan ayının 1-i miladi təqvimlə iyunun 18-nə təsadüf edir. Eydül-Fitr–Ramazan bayramı Şəvval ayının 1-i - iyul ayının 18-nə təsadüf edir və həmin gün bayram namazı qılınacaq.
Azərbaycan hökuməti istər Qurban, istərsə də Ramazan bayramlarının iki gün bayram edilməsi barədə qərar verib. Ümumən, Azərbaycanda mövcud olan bütün konfessiyaların dini bayramlarının dövlət rəhbəri səviyyəsində təbrik olunması ənənəsi var. Bu, dövlətimizin dini dəyərlərə ehtiramının, qayğısının təzahürüdür, dövlət-din münasibətlərinin yüksək səviyyəsindən irəli gələn məqamdır və dindarlar tərəfindən minnətdarlıqla qarşılanır.
Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtında (Ramazan ayının son günündə) çıxarılması və imkansızlara verilməsi İslamda vacib əməllərdəndir. Bu, ehtiyacı olanların da bayram sevinci yaşamasına şərait yaradır. Fitrə canın sədəqəsidir və hər bir imkanı olan müsəlmanın ailənin hər bir üzvü üçün fitrə zəkatı verməsi vacibdir. Qazılar Şurasının qənaətinə görə, bugünkü günə uyğun olaraq adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.
QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə bir daha xəbərdarlıq edir ki, müqəddəs Ramazan ayı ərzində iftar vaxtından qabaq açılan süfrələrdə iştirak etməkdən qəti şəkildə çəkinməlidirlər. Belə ki, bu, şəriətə görə böyük günahlardandır. Bu xəbərdarlığı nəzərə almayan din xadimləri barəsində ciddi tədbirlər görüləcək.
Qazılar Şurası din xadimlərimizə tövsiyə edir ki, bu əziz günlərdə dinimizdə müqəddəs sayılan şəxsiyyətlərlə yanaşı, torpaqlarımız, Vətənimiz uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın, o cümlədən, Qarabağ şəhidlərinin əziz xatirəsi yad edilsin, ruhlarına dualar oxunsun.
Fətvada bildirilir ki, builki Ramazan ayı ölkəmizin həyatında böyük ictimai-siyasi əhəmiyyətli hadisə olan ilk Avropa Oyunlarının keçirilməsi dövrünə təsadüf edir. Azərbaycanın beynəlxalq müstəvidə uğurlarından biri olan bu mötəbər tədbir zamanı ölkəmizə 50-yə yaxın dövlətin nümayəndələri, müxtəlif mədəniyyətlərin təmsilçiləri təşrif buyuracaqlar. Azərbaycan dövlətinin iqtisadi, siyasi, sosial sahədə nailiyyətləri ilə yanaşı, dünyaya örnək sayılan tolerantlıq və multikulturalizm sahəsində uğurlarını, dini-mənəvi dəyərlərə ehtiram və qayğısını əyani şəkildə nümayiş etdirmək üçün xoş fürsət yaranacaq. QMİ Qazılar Şurası və Elmi-Dini Şurası din xadimlərimizə və dindarlara tövsiyə edir ki, Avropa Oyunları günlərində xarici qonaqlarımıza zəngin mənəvi, tarixi-mədəni irsimizlə yaxından tanış olmaq imkanının yaradılması üçün əllərindən gələni əsirgəməsinlər. Bu, ümummilli əhəmiyyətli işdə din xadimlərimizi fəal vətəndaş mövqeyi, vətənpərvərlik, təəssübkeşlik nümayiş etdirməyə, həmçinin Azərbaycanda təmsil olunan ənənəvi konfessiya nümayəndələrini də bu işdə fəallıq göstərməyə çağırırıq.
Fətvada deyilir: “Duaların qəbul olunduğu mübarək Ramazan ayında biz Allah-Təaladan dövlətçiliyimizin möhkəmlənməsi və xalqımızın rifahı naminə böyük işlər görən Prezident İlham Əliyevə xeyir-dualar diləyirik. Ülvi niyyətimiz budur ki, Qadir Allah doğma Azərbaycanımızın qüdrətli və firavan gələcəyini, ölkəmizdə və bütün dünyada sülhü və əmin-amanlığı bərqərar etsin!
Müsəlman qardaş
və bacılarımızı mübarək Ramazanın gəlişi
münasibətilə bir daha
təbrik edir, müqəddəs dinimizə
ehtiram nümayiş
etdirməkdə, oruc ibadətlərimizi
layiqincə tamamlamaqda bizə
yardımçı olmasını Uca Rəbbimizdən
təvəqqe edirik!”
Azərbaycan. - 2015.- 5 iyun.- S. 11.