Azərbaycanda ekoloji vəziyyətin
yaxşılaşdırılması üçün
ardıcıl tədbirlər görülür
İqtisadi inkişafla bərabər, ətraf mühitin sağlamlaşdırılması, təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadə edilməsi ümummilli lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir. Ölkənin sosial-iqtisadi həyatının bütün sahələrinin inkişafı ilə yanaşı, ətraf mühitin sağlamlaşdırılması məsələlərinə də göstərilən gündəlik qayğının, həyata keçirilən ardıcıl tədbirlərin nəticəsində ölkəmizdə ekoloji durum əhəmiyyətli dərəcədə yaxşılaşmışdır.
Uzun illər ərzində yaranmış ekoloji problemlər təhlil edilərək onların kompleks həllinə yönəldilən və davamlı inkişaf prinsiplərinə əsaslanan milli və dövlət proqramları təsdiq edilmiş və onların icrasına başlanılmışdır. Ölkədə mövcud qoruq və yasaqlıqların ərazisi genişləndirilmiş, milli parklar yaradılmış, ətraf mühitin qorunmasının gücləndirilməsi istiqamətində tədbirlər həyata keçirilmişdir. Təbii ehtiyatların istismar intensivliyi, Xəzər hövzəsinin Azərbaycan Respublikası üzrə ekoloji təhlükəsizliyinin təmin edilməsi sahəsində ardıcıl tədbirlərin həyata keçirilməsi, aparılan işlərin tam ekoloji nəzarətdə saxlanılması, eyni zamanda ekoloji ekspertiza tələblərinin mövcud dünya standartlarına uyğun qurulması problemləri azaltmış və bu sahədə əsaslı dönüş yaratmışdır. Ümumilikdə ekoloji vəziyyət, təbii ehtiyatlar, onların mühafizəsi və bərpası davamlı iqtisadi inkişafın ümumi konsepsiyasının tərkib hissəsinə çevrilmişdir. Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə, alternativ enerji mənbələrindən yararlanmaq və enerji effektivliyinə nail olmaq, qlobal ekoloji problemlər üzrə milli səviyyədə tələbatların qiymətləndirilməsi, həlli yollarının müəyyənləşdirilməsi, beynəlxalq təşkilatlarla əlaqələrin genişləndirilməsi bu gün də Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətləridir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliyinin artırılması və operativ həll olunmasını təmin etmək, o cümlədən ətraf mühiti sağlamlaşdırmaq məqsədilə ardıcıl tədbirlər həyata keçirir. Prezident İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi milli və dövlət proqramlarında ekoloji mühitin sağlamlaşdırılması məqsədilə nəzərdə tutulan hədəflərin reallaşması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmiş, buna uyğun olaraq ətraf mühitin bütün trayektoriyasında, o cümlədən biomüxtəlifliyin mühafizəsi, meşələrin inkişafı, yaşıllıqların artırılması, su ehtiyatlarının davamlı idarə edilməsində nəzərəçarpacaq nailiyyətlər əldə olunmuşdur.
Ətraf mühitin mühafizəsi sahəsində 2014-cü il ərzində hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 3338 akt və 1127 protokol tərtib olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün 1472 məcburi göstəriş verilmişdir. Ümumilikdə 1105 iş üzrə təqsirkarlar 4,8 milyon manat məbləğində inzibati qaydada cərimə edilmiş, ətraf mühitə dəymiş ziyana görə 497 iş üzrə 1,7 milyon manat məbləğində iddia qaldırılmış, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə qarşı 5448 iş üzrə 1,9 milyon manat məbləğində ödəmə tətbiq olunmuşdur.
Dövlət başçısının təşəbbüsü ilə həyata keçirilən, qısa zamanda geniş əraziləri əhatə edən və effektiv nəticələr verən “Əhalinin ekoloji cəhətdən təmiz su ilə təminatının yaxşılaşdırılması proqramı” üzrə işlər davam etdirilir. Qeyd etmək lazımdır ki, yerli şəraitə tam uyğunlaşdırılmış texnoloji sxem əsasında sutəmizləyici qurğuların ölkədə istehsalı təşkil edilmiş və 2014-cü ildə 40 minə yaxın əhalisi olan 50 kənddə məhz Azərbaycanda istehsal olunmuş modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Ümumilikdə əhalinin ekoloji cəhətdən təmiz içməli suya olan tələbatının ödənilməsi məqsədilə 2007-2015-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 20 rayonun 320 yaşayış məntəqəsində modul tipli sutəmizləyici qurğular quraşdırılaraq 530 min əhali keyfiyyətli içməli su ilə təmin edilmişdir.
Biomüxtəlifliyin qorunması istiqamətində isə Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən ceyranların tarixi ərazilərinə reintroduksiyası layihəsi çərçivəsində 2014-cü ildə 12 baş ceyran Samux rayonu ərazisinə köçürülmüşdür. Beləliklə reintroduksiya olunmuş ceyranların sayı 150 başa çatmışdır. Hazırda Qızılağac Dənizkənarı Milli Parkının və “Zaqatala-Balakən Biosfer Rezervatının” formalaşdırılması istiqamətində iş gedir və bu prosesin yekunlaşması ilə xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisinin təxminən 13 faizini təşkil edəcək.
Son illərdə həyata keçirilmiş ardıcıl tədbirlər sayəsində xüsusi mühafizə olunan təbiət ərazilərinin sahəsi ölkə ərazisində 4,5 faizdən 10,3 faizə çatmışdır. Bu isə 893 min hektar - 9 milli park, 11 qoruq və 24 yasaqlıq deməkdir.
Son illər ərzində arid sahələr və aşağı keyfiyyətli torpaqlarla səciyyələnən ərazilərin, o cümlədən Bakı və Abşeron yarımadasının yaşıllaşdırılması ilə bağlı müasir metodlara əsaslanan iri yaşıllaşdırma layihələri həyata keçirilmiş, 3600 hektardan artıq ərazidə 4,5 milyona yaxın ağac əkilmiş, damcılı suvarma sistemləri ilə təmin olunmuşdur. Müxtəlif bölgələrdə 2100 hektar sahədə 1,2 milyondan artıq əsasən xaricdən gətirilmiş daha məhsuldar və davamlı zeytun tingləri əkilmişdir.
2014-cü ildə geoloji-kəşfiyyat işləri 66 obyekt və 8 elmi-tədqiqat mövzusu üzrə yerinə yetirilmişdir. Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində 37 rayonda qeyri-filiz yataqlarına axtarış-qiymətləndirmə işləri aparılmış, nəticədə 29 gil, 7 gilcə, 8 əhəngdaşı, 8 qum, 17 qum-çınqıl, 2 gips, 2 üzlük daşı, 2 mergel və 1 vulkan külü yatağı öyrənilmişdir.
İlk dəfə olaraq “Azərbaycanın qızıl yataqlarının atlası” çap edilmişdir. Atlasda Azərbaycanın Kiçik Qafqaz qırışıqlıq zonasında yerləşən Dağkəsəmən, Qoşa, Qızılbulaq, Çovdar, Gədəbəy, Dağcəyir, Tülallar, Söyüdlü, Tutxun, Ağduzdağ, Ağyurd, Piyazbaşı, Şəkərdərə, Kələki, Vejnəli qızıl yataqlarının və təzahürlər qrupunun geoloji-tektonik quruluşunun başlıca xüsusiyyətləri, filizləşmənin məkanca yerləşməsi və mineral əmələgəlmələrin ardıcıllıq sxemləri şərh edilmişdir. Hazırlanmış geoloji materiallar gələcəkdə kəşfiyyat işlərinin düzgün istiqamətləndirilməsində, ehtiyat və proqnoz resursların dərinliyə və cinahlara artırılmasında, texnoloji sxemlərin düzgün seçilməsində mühüm rol oynayacaq.
Ümumilikdə Azərbaycanın Faydalı Qazıntı Ehtiyatlarının Dövlət və Sahə balansında 900-ə yaxın yataq qeydə alınmışdır ki, onların da 253-ü ETSN yarandıqdan sonra mümkün olmuşdur.
Ötən il balıq ehtiyatlarının artırılması, bərpası və istifadəsinin tənzimlənməsi, habelə su bioresurslarının mühafizəsi sahəsində də müvafiq işlər görülmüşdür. 2014-cü ildə 390,2 mln. ədəd müxtəlif növ vətəgə əhəmiyyətli balıq körpələri, o cümlədən 6,773 mln. ədəd nərəcinsli, 176 min ədəd qızılbalıq və 383,2 mln. ədəd çəkikimi balıq körpələri artırılaraq Xəzər dənizinə və digər su hövzələrinə buraxılmışdır. Ümumilikdə su hövzələrində bioloji resursların artırılması istiqamətində son 10 ildə 5 milyard ədədə yaxın balıq, o cümlədən nərəcinsli və qızılbalıq körpələri yetişdirilmişdir.
Prezidentin fərmanı ilə təsdiq olunmuş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun olaraq ölkədə ətraf mühitin vəziyyəti, institusional dəyişikliklər, son illər ərzində həyata keçirilmiş tədbirlər və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində əldə olunmuş nailiyyətlər analiz edilmişdir. Eyni zamanda Azərbaycanda mövcud ekoloji problemlər, onların yaranma səbəbləri və həlli yolları araşdırılmış, ətraf mühitin bütün sahələri üzrə kompleks şəkildə təhlil aparılmış və uzunmüddətli proqnoz göstəricilər müəyyənləşdirilərək “Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılması və təbii sərvətlərdən səmərəli istifadəyə dair 2015-2020-ci illər üçün Tədbirlər Planı”nın layihəsi işlənib hazırlanaraq hökumətə təqdim edilmişdir. Layihənin hazırlanması zamanı beynəlxalq təcrübədən istifadə edilmiş, davamlı inkişafın əsasını təşkil edən “yaşıl iqtisadiyyat” konsepsiyasının müddəaları əsas götürülmüş, qısa və uzunmüddətli strategiyalar ümumi iqtisadi inkişaf göstəriciləri ilə uzlaşdırılmaqla gözlənilən risklər nəzərə alınmışdır.
Keçən dövr ərzində də xarici siyasətimizin prioritet istiqamətlərindən olan Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Ermənistanın işğalçı siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələ olmuşdur. Azərbaycanın səyi nəticəsində BMT-nin “Transsərhəd kontekstdə ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında Konvensiya”sı (Espoo) çərçivəsində Ermənistan ərazisində yeni nüvə reaktorunun tikilməsi ilə əlaqədar Ermənistan Respublikasının “Espoo Konvensiyası” üzrə öhdəliyini pozduğuna dair qərar qəbul edilmiş və Konvensiyanın İcraiyyə Komitəsinə məsələnin nəzarətdə saxlanılması, eləcə də aidiyyəti üzrə monitorinq edilməsi barədə mandat verilmişdir. Digər tərəfdən, Azərbaycanda həyata keçirilən neft və qaz layihələrinin icrası ilə əlaqədar Ermənistan tərəfindən ölkəmizə qarşı qaldırılmış iddia əsassız hesab edilərək Azərbaycan tərəfinin öhdəliklərini pozmadığı haqqında “Espoo Konvensiyası” üzrə qərar qəbul edilmişdir.
Ətraf mühit
problemlərinin həllində vətəndaş fəaliyyətinin
gücləndirilməsi, əhalinin ekoloji
biliyinin artırılması bu istiqamətdə həyata keçirilən
layihələrin daha səmərəli və
nəticələrinin dayanıqlı olmasına zəmin
yaradır. Heydər Əliyev Fondunun
prezidenti Mehriban
xanım Əliyevanın “Hərəyə bir
ağac əkək” devizi
ilə keçirilən aksiyalarda milyonlarla yeni ağac və kol əkilmişdir.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın rəhbərlik etdiyi IDEA
(Ətraf Mühitin Mühafizəsi Naminə
Beynəlxalq Dialoq) İctimai
Birliyinin təşkil etdiyi
layihələr də ekoloji mühitin qorunmasına xidmət edir. Ötən il
mayın 7-də keçirilən IDEA İctimai
Birliyinin təşəbbüsü, Heydər
Əliyev Fondunun və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi
ilə Heydər Əliyev Mərkəzində Qafqaz
Biomüxtəlifliyi Sammiti isə bəbir
və digər pişikkimilərin mühafizəsi istiqamətində
bilik və təcrübələrin
bölüşdürülməsi, bu sahədə
ən qabaqcıl və səmərəli
vasitələri öyrənib tətbiq etmək məqsədi
daşıyırdı. Ümumiyyətlə, bu
istiqamətdə keçirilən bütün
layihələrdə məqsəd gənclərin və beynəlxalq
ictimaiyyətin diqqətini ətraf mühitin
qorunmasına cəlb etməkdir.
Flora SADIQLI,
Azərbaycan. - 2015.- 5 iyun.- S. 10.