Kənd təsərrüfatının inkişaf mənbəyi
Azərbaycanda hidrotexniki meliorasiyanın əsas sahəsi süni suvarma (irriqasiya), onun yayıldığı baş region isə Kür-Araz ovalığı - Aran bölgəsidir. Ölkəmizin unikal təbii coğrafi şəraitində kənd təsərrüfatının inkişaf etdirilməsi üçün meliorasiyanın bütün mövcud növlərindən (suvarma, su ilə təminetmə, qurutma-drenləmə, suyun zərərli təsirinə qarşı mübarizə, şorlaşmış torpaqların meliorasiya və mənimsənilməsi və. s) istifadə olunur. Bu meliorasiya tədbirləri eyni zamanda təbii ekoloji mühitin qorunmasına və yaxşılaşdırılmasına kömək edir.
Azərbaycanda su təsərrüfatı və meliorasiyanın inkişafı respublikamızın kənd təsərrüfatında və sosial-iqtisadi yüksəlişində əhəmiyyətli rol oynayır. Hazırda ölkədə suvarılan sahələr 1432,6 min hektara çatmışdır ki, bu da suvarmaya yararlı torpaq sahələrinin 62,7 faizini təşkil edir.
Ümumiyyətlə, Azərbaycanda ilk suvarma kanallarının tikintisinə 1900-1940-cı illərdə başlanılmışdır. Həmin illərdə Şimali Muğan (1909-1917), Orta Muğan (1912-1917), Aşağı Muğan (1908-1916), Bolqarçay suvarma sistemləri (1935-1936), Samur-Dəvəçi kanalı (1936-1940) və digər bu kimi iri su təsərrüfatı obyektləri inşa olunmuşdur. Mingəçevir Su Anbarının istismara verilməsi isə böyük hidromeliorasiya obyektlərinin tikintisinə şərait yaratmışdır. 1953-cü ildə istismara verilmiş Mingəçevir su təsərrüfatı kompleksi hündürlüyü 81 m olan torpaq bənddən, həcmi 16 mlrd.m3, sahəsi 610 km2 olan su anbarından, 6 turbinli Mingəçevir Su-Elektrik Stansiyasından, eləcə də Yuxarı Qarabağ və Yuxarı Şirvan magistral kanallarından ibarətdir.
Amma Azərbaycanda meliorasiyanın əsaslı inkişafı ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi 1969-cu ildən başlanmışdır. Həmin dövrdən başlayaraq respublikada kənd təsərrüfatının inkişaf etdirilməsi üçün su təsərrüfatı və meliorasiya işlərinə xüsusi diqqət və qayğı göstərildi. 1971-1975-ci illərdə meliorasiya işlərinə 1966-1970-ci illərə nisbətən 2 dəfə çox - 580 min manat vəsait ayrıldı. Bu müddətdə 23,5 min hektar yeni suvarılan torpaqlar istifadəyə verildi, 156,8 min hektar suvarılan torpaqların meliorativ vəziyyəti yaxşılaşdırıldı. Bundan əlavə, 110,3 min hektar sahənin suvarma şəbəkəsi yenidən quruldu, 133,2 min hektar sahədə hamarlama işləri aparıldı. Bu illər ərzində həmçinin su-elektrik stansiyası ilə birlikdə Araz su anbarı Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı Yuxarı Mil, Yeni Xan qızı kanalları və s. su təsərrüfatı tikintiləri həyata keçirildi.
Ötən əsrin əvvəllərində məhz ulu öndər Heydər Əliyevin göstərişi ilə respublikada “Azərsutikinti” Baş İdarəsi yaradıldı. Qısa müddətdə meliorasiya yönümlü böyük sənaye sahələri - məsələn, Sabirabad Dəmirbeton, Əli Bayramlı Saxsı drenaj boruları zavodları və digər obyektlər tikilib istifadəyə verildi. Eyni zamanda su təsərrüfatı və meliorasiya sahəsində tikinti işlərinin kompleks şəkildə həyata keçirilməsinə başlanıldı. Bu dövr ovalıq zonada suvarma kollektor-drenaj şəbəkələri fonunda yerinə yetirilir, şorlaşmış torpaqlar duzlardan yuyularaq əkin dövriyyəsinə qatılırdı. Nəticədə qısa müddət ərzində - 1975-ci ildə pambıq istehsalı 450 min, tərəvəz istehsalı 604, üzüm istehsalı 706, çay yarpağı istehsalı 13,1 min tona çatdı.
Ulu öndərin respublikamıza rəhbərlik etdiyi ilk dövrdə Sərsəng, Bəşirçay, Aşağı Köndələnçay, Ağstafa, Araz, Yuxarı Xanbulançay, Arpaçay kimi su anbarları da tikilib istifadəyə verildi.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyev təsərrüfatın bütün sahələrinə, o cümlədən su təsərrüfatı və meliorasiya sahəsinə xüsusi diqqət və qayğı göstərmişdir. Bu diqqət və qayğı nəticəsində ölkədə bir sıra iri su təsərrüfatı və meliorasiya obyektlərinin tikintisinə start verildi. Tikintisi hələ sovet dövründə yarımçıq qalmış Baş Mil-Muğan kollektorunun tikintisi davam etdirildi, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması texniki iqtisadi cəhətdən əsaslandırıldı və bu layihə tezliklə öz həllini tapdı, Samur çayı üzərində Baş Hidroqovşaq, Baş Suqəbuledici quraşdırıldı, Samur-Abşeron kanalının 50 km hissəsi su ilə təmin edildi, Xanarx Kanalı inşa olunaraq istifadəyə verildi.
Su təsərrüfatı və meliorasiya sahəsinə ümummilli lider tərəfindən göstərilən diqqət və qayğı indi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Cənab İlham Əliyev ölkəyə rəhbərlik etməyə başladıqdan sonra bir sıra iri su təsərrüfatı və meliorasiya obyektlərinin inşasına başlanıldı. Bunlara misal olaraq inşasına 2007-ci ildə başlanılmış Taxtakörpü su anbarı, Taxtakörpü Su-Elektrik Stansiyası, Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan layihələrini göstərə bilərik.
Hazırda Abşeron su kanalları yenidən qurulur. Samur-Abşeron suvarma
sistemlərinin yenidən
qurulması nəticəsində
Bakı və Sumqayıt şəhərlərini
fasiləsiz olaraq içməli su ilə təchiz etmək, mövcud 140 min hektar sahəni və əlavə 30,7 min hektar torpağı suvarmaq mümkün olacaq.
Bu gün Azərbaycanda
57 su anbarından istifadə olunur ki, onlardan da
30-nun tutumu 1 mln.m3-dən çoxdur. Perspektiv planda
daha 16 su anbarının tikintisi nəzərdə tutulub.
Bunlardan əlavə, müxtəlif
ərazilərdə suvarma
üçün 7200, şaquli
drenaj üçün
124 quyu qazılıb istifadəyə verilmişdir.
Həmçinin 609 min hektar
suvarılan sahədə
irriqasiya - drenaj sistemləri, o cümlədən
297 min hektar sahədə
açıq drenaj,
295 min hektar sahədə
qapalı drenaj tikilmişdir.
Ümumilikdə son 14 ildə Azərbaycanda
123 min hektar sahənin
su təchizatı, 137
min hektar sahənin meliorativ vəziyyəti yaxşılaşdırılmış, 874 artezian quyusu qazılmış, 1500 km yeni
suvarma kanalları,
1000 km-dən artıq
kollektor-drenaj şəbəkəsi
çəkilmişdir. Bütün bunlar
tikilmiş və istismarda olan obyektlərin yalnız müəyyən hissəsidir.
Nəzərə alsaq ki, ölkəmizdə istehsal
olan kənd təsərrüfatı məhsullarının
80-85 faizi suvarılan torpaqlardan götürülür,
görülən bu işlərin ölkə iqtisadiyyatı üçün
əhəmiyyətini təsəvvür
etmək çətin
deyil.
İsmayıl
QARAYEV,
Azərbaycan Hidrotexnika və Meliorasiya Elmi İstehsalat Birliyi drenaj
laboratoriyasının doktorantı
Azərbaycan. - 2015.- 5 iyun.- S. 10.