Nübar Cəlilabad məhsulları

 

Ələt-Astara magistral şosesi ilə Cəlilabad rayonu ərazisinə daxil olarkən yolun hər iki tərəfində ucsuz-bucaqsız əkin sahələri görünür. Yamyaşıl üzüm bağları, kartof, çiyələk sahələri, taxıl zəmiləri dağların ətəklərinə, şərq istiqamətində isə üzü Xəzərə doğru göz işlədikcə uzanıb gedir. Çiyələk sahələrində nübar məhsul yığan qız-gəlinlər uzaqdan rəngbərəng bahar çiçəklərini xatırladırlar. Kartof becərənlər isə bir neçə gündən sonra yetişdirdikləri məhsulun kütləvi şəkildə çıxarılmasına başlayacaqlar. Üzümlüklərdə ucvurma, cərgələrarası yumşaltma, alaq otlarından təmizləmə işləri davam edir. Noxud, mərci, qarğıdalı, bostan-tərəvəz əkənlər də öz işləri ilə məşğuldurlar. Bir sözlə, indi kəndlinin ən qayğılı günləridir. Hər kəs istəyir ki, zəhmətlə, məsrəflə əkdiyi sahədən daha çox məhsul götürsün, onu yaxşı qiymətə satsın. Buna görə hələ sübh tezdən tarlaya gəlir, hava qaralanda evə qayıdırlar.

 

Sünbüllər dənə dolub

 

Cəlilabad respublikamızın iri kənd təsərrüfatı rayonlarından biridir. Ərazisi 1141,4 kvadratkilometr, əhalisi 230 min nəfərə yaxındır. Torpağı bərəkətli, insanları zəhmətsevərdir. Burada hər bir ailə torpağa bağlıdır.

Bu bərəkətli diyar həmişə, xüsusilə ölkəmiz, xalqımız üçün ağır keçən dövrlərdə, o cümlədən İkinci Dünya müharibəsi illərində öz səxavətini əsirgəməyib, insanları aclığın pəncəsindən alaraq xilas edib. Taxılçılıq sahəsində qazandığı yüksək göstəricilərə görə ona “Azərbaycanın Ukraynası” deyiblər. Ənənə bu gündavam edir. Keçən ilin payızında 61 min 500 hektar sahəyə taxıl əkilib. Bundan 52 min 500 hektarı buğda, qalanı arpadır.

Cəlilabadda taxıl dəmyə yolla hasilə gəlir. Elə buna görə də təbiətin mərhəməti rayon üçün əsasdır. Keçən il yazın yağmursuz keçməsi nəticəsində məhsuldarlıq əvvəlki dövrlərə nisbətən az oldu. Bu il isə vəziyyət tamam başqadır. Payızın, qışın və yazın yağmurlu keçməsi bol məhsul yetişməsinə şərait yaratmışdır. Mütəxəssislərin fikrincə, hər hektardan ən azı 25-26 sentner taxıl gözlənilir ki, bu da keçən ildəkinə nisbətən 6-7 sentner çox deməkdir. Hazırda zəmilər yavaş-yavaş saralır, sünbüllər dənə dolur. Artıq “AqrolizinqASC-nin rayon filialındakı 200-ə yaxın taxılyığan kombayn saz hala gətirilərək start xəttində dayanmışdır.

Cəlilabad rayonunda taxılın yetişdirilməsi sahəsində müsbət təcrübə var. Elə buna görə də burada 1300 hektar ərazini əhatə edəcək toxumçuluq təsərrüfatının yaradılması barədə qərar qəbul edilmişdir. Həmin ərazi iki hissədən ibarətdir. Birinci hissə 360 hektardır. Burada torpaq təmizlənmiş, hamarlanmış, şumlanmış və gübrələnmişdir. ABŞ-dan alınıb gətirilən 9 suvarma sistemi quraşdırılmış, yeraltı suvarma boruları və yeraltı kabel xəttinin çəkilişi başa çatmışdır. Su anbarı və nasos stansiyası da istismara hazır vəziyyətdədir. Burada 310 hektara qarğıdalı əkilmiş, yaxşı çıxış alınmışdır. Hazırda aqrotexniki qaydada becərilmə aparılır.

Ərazinin ikinci hissəsində də sahənin təmizlənməsi, üzvimineral gübrələrin verilməsi, torpağın hamarlanması və şumlanması işləri başa çatmışdır. Suvarma borularının düzülməsi üçün xəndəklər qazılmış, borular birləşdirilmiş, elektrik kabelləri çəkilmişdir. Eyni zamanda 3 nasos stansiyası binası tikilmiş, su anbarı üçün süni göl yaradılmış, 13 suvarma sistemi qurğusundan 8-i quraşdırılmışdır. Birinci mərhələdə toxumçuluq təsərrüfatının fəaliyyəti, texnikanın saxlanılması üçün ofis, talvar, ikimərtəbəli yardımçı bina tikilib istifadəyə verilmiş, ərazidə müxtəif növ ağaclar əkilmişdir. Cari ilin payızında burada buğda əkini aparılacaq. Hər hektardan 60-70 sentner toxumluq məhsul əldə olunması planlaşdırılır. Bu isə torpaq mülkiyyətçilərinin, fermerlərin, sahibkarların buğda toxumuna olan ehtiyacının ödənilməsinə xeyli kömək edəcək.

İstehsal olunan məhsulun tədarükü ilə bağlı da tədbirlər görülmüşdür. Taxılın əhalidən alınması, saxlanılması və emalı üçün anbarlar, dənüyüdücü zavod hazır vəziyyətə gətirilmişdir.

 

Çiyələk yığılır

 

Çiyələk rayonun kənd təsərrüfatında yeni sahədir. 2001-ci ildə bura AmerikadanManaxitsortundan olan 200 çiyələk şitili gətirilib. Əkilən həmin şitillər yerli şəraitə uyğun gəldiyindən yaxşı göyərib yüksək məhsul verməyə başlayıb. Bunu görən cəlilabadlı sahibkarlar çiyələk sahələrini genişləndirməyə başlayıblar. Hazırda rayonda 220 hektar sahədə çiyələk əkilmişdir. Göytəpə şəhər əhalisi bu sahə ilə daha çox məşğul olur. 120 hektar çiyələklik bu ərazidədir.

Çiyələk yetişdirilməsi ilə məşğul olan sahibkarlardan biri Hacı Mirismayıl Quliyevdir. Onunla sahədə görüşdük. O, əvvəllər hərbi xidmətdə olub. Yaşı çatanda pensiyaya çıxıb. Artıq bir neçə ildir torpaqla ülfət bağlayıb. Onu yenidən kəndə çəkib gətirən doğma elə-obaya bağlılıqla yanaşı, zəhmətsevərliyidir. Aldığı yüksək pensiya ilə rahat, qulağı dinc yaşaya bilərdi. Amma qədər gücüm-qüvvətim var, işləyəcəm”, deyib. Bu məqsədlə 10 hektar torpaq sahəsi alıb. 2010-cu ildən çiyələk yetişdirməklə məşğuldur. M.Quliyev dedi ki, çiyələk gəlirli sahədir. İl uğurlu gələndə bir hektardan 50-52 ton məhsul götürmək olur. Bu isə yaxşı gəlir deməkdir. Amma çiyələk xüsusi diqqət qayğı tələb edən bitkidir. Gərək becərməsini, sulanmasını, gübrələnməsini vaxtında aparasan: “Sahədə hər birinin dərinliyi 20-25 metr olan artezian quyusu qazdırmışam. Lakin problemlərimiz var. Ən başlıcası yetişdirdiyimiz məhsulu satmaqdır. Çiyələk tez xarab olduğundan onu xarici bazarlara çıxarmaq mümkün olmur. Daxili bazarda isə məhsul tələbatdan çoxdur. Ona görə emal müəssisələrinin yaradılması vaxtı çatmışdır. Əgər rayonumuzda belə müəssisə olarsa, bizim qayğımız azalar. Daha dağa-daşa düşüb müştəri axtarmarıq. Bilərik ki, zavod var, vaxtında məhsulumuzu qəbul edəcək. Əgər belə olarsa, həm yeni yerləri açılar, həm çiyələkdən müxtəlif növ cemlər, mürəbbələr, şirələr hazırlamaq mümkün olar”.

Çiyələyin yetişdirilməsi həm əmək tutumlu sahədir. İlin 8 ayı ərzində burada var. Öyrəndik ki, M.Quliyevin 10 hektar çiyələk sahəsində hazırda 160 nəfərdən çox adam işləyir. Onlar Cəlilabadla yanaşı, qonşu Biləsuvar, Masallı, Lənkəran, hətta Lerik rayonlarının sakinləridir. Digər sahibkarlar da mövsümlə əlaqədar həmin rayonlardan işçi qüvvəsi cəlb etmişlər.

 

Kartof ikinci çörəkdir

 

Cari ilin əvvəllərində - yanvar, fevral aylarında Cəlilabadda 3 min 900 hektara yaxın kartof əkilmişdir. Örtük altında əkilən nübar kartof sahələrində yığım demək olar ki, başa çatmışdır. Hektar hesabı ilə bu, cüzi bir faiz təşkil etsə , hazırda Bakının, Sumqayıtın respublikamızın digər şəhərlərinin bazarlarında Cəlilabadın nübar kartof məhsulu satılır. Bir neçə gündən sonra kartof sahələrində kütləvi yığıma başlanılacaq. Artıq Rusiyaya məhsul aparılacaq avtorefrijeratorlar (avtosoyuducular) Göytəpə şəhəri ərazisində dayanıb gözləyirlər.

Torpaq mülkiyyətçiləri, fermerlər həmişə olduğu kimi, indi qayğılıdırlar. Məhsulu necə, neçəyə satmaq, çəkdikləri zəhmətin əvəzində qazanc əldə etmək haqqında düşünürlər. Əvvəlki illərdə bəzi işbazlar istehsalçıların məhsulu sata bilmədiklərini görüb istədikləri qiyməti onlara diktə etmişlər. İstehsalçıları da narahat edən budur. Məhsulu isə yay vaxtı saxlamaq çətindir, bir neçə günə xarab ola bilir. Buna görə bu işin tənzimlənməsi çox vacibdir. Bu məsələnin həlli isə həm ölkədə ərzaq bolluğunun yaradılması xarici bazarlardan asılılığın aradan qaldırılması deməkdir.

 

Üzümçülükdə keçmiş şöhrət qaytarılır

 

Ötən əsrin 80-ci illərinin ortalarında keçmiş SSRİ- dövlət səviyyəsində həyata keçirilənantialkoqolkampaniyası Azərbaycana, o cümlədən Cəlilabad rayonuna böyük ziyan vurdu. Böyük zəhmət, külli miqdarda vəsait hesabına başa gəlmiş üzümlüklər, şərab zavodları dağıdıldı, yerlə-yeksan olundu. O zaman Cəlilabadda 32 min hektar üzüm bağı, 20-dən çox şərab zavodu var idi. Həmin təsərrüfatlarda minlərlə əməkçi çalışırdı. Söküb-dağıtmağa var, çətin odur ki, tikəsən, qurasan, yaradasan. Bunun üçünsə vaxt, zaman lazımdır.

Cəlilabadda son illər üzümçülüyün inkişaf etdirilməsi, bu sahədə keçmiş şöhrətin qaytarılması sahəsində xeyli işlər görülmüşdür. Fransadan gətirilmiş tinglər hesabına yeni bağlar salınmışdır. Gətirilən üzüm sortları Cəlilabad şəraitinə yaxşı uyğunlaşmışdır. Bərəkətli torpaq, bol günəş, bacarıqlı mütəxəssislər, zəhmətkeş insanlar hesabına tənəklər vaxtından qabaq bara düşmüşdür.

Sahibkar Rizvan Bayramovun üzüm sahələri Ələt-Astara şose yolunun yaxınlığında yerləşir. Sahə boyu qoz xan çinar ağaclarından qoruyucu yaşıl zolaq salınmışdır. Dirəklərə qaldırılmış üzüm cərgələrinin arası alaq otlarından təmizlənərək şumlanmış, ucvurma aparılmışdır. Nümunəvi qaydada becərilən üzüm bağlarında tənəklərin üstündəki kürü salxımlar bol məhsuldan xəbər verir.

Üzümlüklərin ərazisi ildən-ilə artırılır. Məhsulun emalı ilə bağlı 2007-ci ildə Qarazəncir kəndində yeni şərab zavodu istifadəyə verilmişdir. Ən müasir avadanlıqlarla təchiz edilən müəssisədə indi müxtəlif adda şərab istehsal olunur.

Cəlilabadda torpaq iqlim şəraitinə uyğun olaraq digər kənd təsərrüfatı məhsulları da yetişdirilir. Bu il 2 min 905 hektarda noxud, 4 min 500 hektarda mərci, 40 hektarda qarğıdalı, 151 hektarda bostan-tərəvəz əkilmişdir. Həmin sahələrdən bol məhsul gözlənilir.

Bir sözlə, cəlilabadlılar həmişə olduğu kimi, “Kənd təsərrüfatı ili”ndə səylə çalışır, ərzaq bolluğu yaradılması üçün əllərindən gələni əsirgəmirlər.

 

Seyran CAVADOV,

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 9.