Sosial-infrastruktur layihələri uğurla
gerçəkləşdirilir
Çəkilən zəhmət hədər getməyəndə, görülən işlərin nəticəsi olanda qurub-yaratmaq əzmi daha da artır. Bir neçə il öncə İsmayıllıda belə genişmiqyaslı abadlıq-quruculuq işlərinin görüləcəyinə tərəddüdlə yanaşanlar da tapılardı. Ancaq indi bu reallığı hər kəs qəbul edir.
Dövlətin yüksək qayğısı sayəsində İsmayıllı inkişaf tempini artırır, ölkəmizin müasir bölgələrindən birinə çevrilir. Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov söhbət zamanı bildirdi ki, inkişafın mahiyyətini elmi əsaslara uyğun layihələr təşkil edir. Əhəmiyyətli məsələlərdən biri rayonda gənclərin potensialından yetərincə istifadə edilməsidir. Bunun nəticəsidir ki, işgüzarlıq və təşəbbüskarlıq artır, innovativ mühit formalaşır.
Ölkəmizin əsas turizm bölgələrindən olan İsmayıllı bu yaxınlarda Azərbaycan və ingilis dillərində elektron turizm portalını da yaratdı. Bu sahənin inkişafı ilə bağlı rayonda əsaslı layihələrin icrasına başlanılıb. Lahıc qəsəbəsində “İcma bazarı”nın, İsmayıllı şəhərinin Nizami Gəncəvi küçəsində hotelin və digər istirahət obyektlərinin tikintisi başa çatdırılmaq üzrədir.
Rayonda icra olunan maraqlı layihələrdən biri də Avropa İttifaqı və Almaniyanın “Dünyaya çörək” təşkilatının maliyyə dəstəyi ilə Aqroinformasiya Mərkəzinin “FİLİZ” layihəsidir. Keçən ilin yanvarında başlanan bu layihə İsmayıllı, Qəbələ, Oğuz və Şəki rayonlarını əhatə edir. Məqsəd 500 aztəminatlı ailəyə kənd təsərrüfatı məhsulları istehsalı ilə gəlirlərinin artırılmasına dəstək verməkdir. Hədəf qruplarının sahibkarlıq, idarəçilik və marketinq sahəsində bilik və bacarıq əldə etmələri üçün müvafiq tədbirlər də görülür. Bu məqsədlə İsmayıllının 7 kəndində 14 qrupdan ibarət 140 fermer layihəyə cəlb edilib. Layihə çərçivəsində pomidor bitkisinin açıq və örtülü sahədə becərilməsi üzrə 7, çiyələyin becərilməsi üzrə 3, arıçılığın inkişafı üzrə 3 və heyvandarlıqda müqayisəli yemləmə üzrə bir tədbirin keçirilməsi nəzərdə tutulub.
Layihə çərçivəsində arıçılığın inkişafı istiqamətində yaradılmış üç qrup rəhbərinin hər birinə avadanlıqları ilə birlikdə 4 arı ailəsi, çiyələk əkini ilə məşğul olacaq qrup üzvlərinin hər birinə 650 çiyələk şitili, heyvandarlıqda müqayisəli yemləmə məqsədilə Ağbulaq kəndində qrup rəhbərinə 1 qarışıq yemüyüdən 1 aqreqat verilib. Açıq və örtülü sahədə pomidor becərilməsi üçün Qurbanəfəndi kəndində şitil yetişdirilir.
Aqrar sahədən söz düşmüşkən qeyd edək ki, İsmayıllı fermerləri 2014-cü ildə 82 min ton taxıl istehsal etmişdilər. Bu il isə taxılçılar həmin rəqəmi 100 min tona çatdırmaq əzmindədirlər. Kənd təsərrüfatı sahəsi ilə bağlı maraqlı göstəricilərdən biri də rayonda 40-a yaxın istixananın yaradılmasıdır.
Rayonda elektrik təsərrüfatının yenidən qurulması layihəsi də davam edir. İş başa çatandan sonra elektrik təchizatında yaranan fasilələr aradan qaldırılacaq. Bu məsələnin həllinə Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”nin istismara verilməsi də müsbət təsir edəcək.
Yol infrastrukturunun yenidən qurulması sahəsində də xeyli iş görülüb. Keçən il İsmayıllı şəhərinin 34 küçəsinə asfalt vurulub. Bu il 20 küçə və döngənin asfaltlaşdırılması nəzərdə tutulub. Onu da qeyd edək ki, ötən illərdən fərqli olaraq asfaltlanan küçələr dairəvi sxemlər üzrə tamamlanaraq, şəhərin əsas prospekt və küçələrini birləşdirəcək.
Rayonda sənayenin inkişafı diqqət mərkəzindədir. Diyallı kəndi ərazisində 8 hektar sahəni əhatə edən velosiped istehsalı zavodunun bu il açılışı nəzərdə tutulub. Burada 45 daimi iş yeri yaradılacaq. Hazırda tikinti işləri davam edir.
Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaqda “Şən Fermer” MMC tərəfindən quşçuluq təsərrüfatının, İsmayıllı şəhərində “Yaşıl market”in və Kənd Təsərrüfatı Nazirliyi İsmayıllı Rayon Şöbəsinin inzibati binasının tikintisi də görülən işlər sırasındadır. Əhalinin içməli və suvarma suyu ilə təchizatını yaxşılaşdırmaq üçün 8 kənddə subartezian quyularının qazılması planlaşdırılıb. Gələcəkdə Qubaxəlilli kəndində “Aqropark”ın, Nikitin adına kollektiv təsərrüfat bazasında “Aqrar şəhərciy”in, Qubaxəlillidə və Kəlbənddə iri heyvandarlıq kompleksinin, Mollaisaqlı, Gəraybəyli və Quşencə kəndlərində quşçuluq təsərrüfatının, Tircan kəndində bal məhsullarının qablaşdırılması müəssisəsinin, İsmayıllı şəhərində çoxfunksiyalı fermer evinin, ət və süd emalı sahələrinin, qarışıq yem və un istehsalı müəssisəsinin yaradılması nəzərdə tutulub.
Görüləcək işlər sırasında şəhərin Təbriz küçəsində 5 qrupluq uşaq bağçasının inşasını, 3 nömrəli məktəb-liseyin yenidən qurulmasını, Basqal qəsəbəsinin, Xanagah və Qurbanəfəndi kəndlərinin qazlaşdırılmasını, İvanovka, Qalagah, Ruşan və Qalacıq kəndlərində poçt binalarının tikintisini, su-kanalizasiya layihəsinin tamamlanmasını da qeyd etmək olar.
2015-ci il üçün Azərbaycanın “Gənclər paytaxtı” seçilmiş İsmayıllıda gənclərin vətənpərvərlik ruhunun artırılmasına və idmanın kütləviliyinə də ciddi fikir verilir. Hazırda dövlət başçısının tapşırığına əsasən olimpiya idman kompleksində aparılan əsaslı təmir işləri başa çatmaq üzrədir.
Rayonda həyata keçirilən tədbirlər, gerçəkləşdirilən layihələr deməyə əsas verir ki, İsmayıllı da tezliklə ölkəmizin ən inkişaf etmiş bölgələrindən birinə çevriləcək.
Telman NƏZƏRLİ,
Azərbaycan. - 2015.- 5 iyun.- S. 9.