Saymon KLEQ: Mingəçevirdə
yarış iştirakçıları üçün
yaradılan şərait Bakıda olan
şəraitdən heç də geri qalmır
Çox şadam ki, I Avropa Oyunları çərçivəsində Mingəçevirdə keçiriləcək avarçəkmə yarışlarına hazırlıq işləri başa çatmaq üzrədir. Mən bu gün “Kür” Olimpiya Tədris İdman Mərkəzi, eləcə də yarışların keçiriləcəyi ərazi, idmançıların və qonaqların yerləşəcəyi obyektlərdə hazırlıq işlərinin gedişi ilə tanış oldum. Mövcud şəraiti yüksək qiymətləndirirəm və bütün işlər lazımi səviyyədə həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri iyunun 4-də Mingəçevirə səfər edən “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq jurnalistlərə müsahibəsində deyib.
O, avropalı idmançıların və qonaqların onlar üçün yaradılan şəraitdən razı qalacaqlarına əmin olduğunu bildirib: “Mingəçevirdə yarış iştirakçıları üçün yaradılan şərait paytaxt Bakıda olan şəraitdən heç də geri qalmır. Avarçəkmə yarışlarında 37 ölkədən 295 idmançı iştirak edəcək. Avropanın məşhur avarçəkənlərindən 40 nəfəri Olimpiya Oyunlarının mükafatçısıdır. Onlardan 20-si qızıl medal sahibidir. Beləliklə, tamaşaçılar tanınmış idmançıların mükafatlar uğrunda mübarizəsini yaxından seyr edə biləcəklər. Yarışları izləmək üçün ərazidə ən müasir texnoloji yeniliklər tətbiq ediləcək. I Avropa Oyunları insanların böyük marağına səbəb olacaq. Ümumiyyətlə, Mingəçevirdə yarışlarla bağlı görülən işlərdən çox razıyam. Bu gün səhər “Kür” çayında suyun təmizliyini test etdik, hovuzlara, qayıqların saxlanılması yerlərinə baxış keçirdik. Yarış ərazisinin və atletlər kəndinin təmizliyi çox yaxşıdır”.
Saymon Kleq Mingəçevirin avarçəkmə yarışları ilə bağlı 50 illik bir tarixi olduğunu qeyd edib. O, burada yarışların keçirilməsi üçün yaxşı ənənə və münbit şəraitin olduğunu vurğulayıb: “Ümid edirəm ki, Azərbaycan idmançıları bu mötəbər yarışda uğurla iştirak edərək qızıl medal qazanacaqlar. Mingəçevirdəki avaçəkmə yarışları “Bakı-2015” Avropa Oyunlarının bir hissəsidir. Bu yarışları dünyada
1 milyarddan çox
insan televiziya vasitəsilə
birbaşa izləyə biləcək. Bu, Mingəçevir şəhərinin idman mərkəzi kimi bütün dünyaya təqdim
olunması üçün bir fürsətdir. Yarışların gələcəkdə
Mingəçevirə və yerli sakinlərə
çox yaxşı təsiri olacaq. Oyunlar üçün biletlərin satışı
prosesi yüksək səviyyədə davam edir. Ümid
edirəm ki, biletlərin satışı
qısa vaxtda başa çatacaq. I Avropa
Oyunlarının çox möhtəşəm
və inanılmaz şəkildə keçəcəyinə əminəm”.
Azərbaycan. - 2015.- 5 iyun.- S. 8.