Bakıda “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisi açılıb

 

İyunun 4-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bizim böyük ailəmiz” adlı xeyriyyə satış-sərgisinin açılışı olub.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov ölkəmizdə uşaqların rifahının yüksəldilməsinin dövlətimizin daim diqqət mərkəzində olduğunu söyləyib.

M.Cabbarov ümummilli lider Heydər Əliyevin uşaqların müdafiəsi sahəsində gördüyü işlərin bu gün Prezident İlham Əliyev və Azərbaycanın birinci xanımı Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini bildirib.

Valideyn himayəsindən məhrum olmuş uşaqların müdafiəsi istiqamətində görülən işlərdən söz açan təhsil naziri inklüziv təhsil barədə fikirlərini diqqətə çatdırıb. Qeyd edilib ki, hazırda minlərlə uşaq ümumtəhsil müəssisələrində təhsil almaq imkanına malik deyildir. İlk dəfə olaraq bu ilin sentyabrından ümumtəhsil məktəblərində inklüziv təhsilin tətbiqinə başlanacaqdır. Bakının iki məktəbində sağlamlıq imkanları məhdud olan uşaqlar təhsil alacaqlar. Bu prosesin iki böyük elementi vardır. Bunlardan biri sosiallaşma amilidir ki, həmin şagirdlər bunun nəticəsində ümumtəhsil məktəblərində təhsil almaqla cəmiyyətə onun tamhüquqlu üzvləri kimi inteqrasiya oluna biləcəklər. Digər məsələ isə təlim-tərbiyə prosesi ilə bağlıdır. Bu istiqamətdə də məzmundan təlimədək olan sahələri əhatə edən xüsusi proqramlar hazırlanmalıdır.

Xeyriyyə sərgisinin əhəmiyyətindən danışan M.Cabbarov  bunu gənclərin yaşlı nəslə vətəndaşlıq nümunəsinin təzahürü kimi dəyərləndirib.

Tədbirdə 11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva uşaqların sərgiyə xüsusi həvəslə hazırlaşdıqlarını söyləyib. Bildirilib ki, sərgidə bu məktəbin sağlamlıq imkanları məhdud şagirdlərinin əl işlərindən ibarət 200-dək rəsm və əl işləri nümayiş etdirilir. Satışdan əldə olunan vəsait Bilgəh qəsəbəsindəki qocalar evi sakinlərinin yay istirahətinin təşkili üçün həmin müəssisəyə köçürüləcək.

Daha sonra internat məktəblərinin beynəlxalq tədbirlərdə qazandıqları uğurlardan söz açılıb, uşaqların ifasında şeir, mahnı və səhnəciklər təqdim olunub.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 8.