Özbəkistan saytı erməni saxtakarlığı nəticəsində milli rəqslərimizin mənimsənilməsindən yazdı

 

Özbəkistanın “silkway.uz” saytında “Azerbaydjanskiye narodnıye tansı – Yallı” sərlövhəli məqalə dərc edilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, məqalənin müəllif Sergey Qurbanovdur. O yazır: “Xalq rəqsləri hər bir ölkənin mədəniyyətinin bir hissəsidir. Məhz milli rəqslərlə xalqın tarixini, onun yüksəliş və süqutunu izləmək olar. Azərbaycan xalq rəqsləri mövzu baxımından rəngarəngdir, onlar əmək, mərasim, məişət, qəhrəmanlıq, idman və digər növlərə bölünür”. Məqalədə qeyd edilir ki, Azərbaycan milli rəqsləri xalq çalğı alətlərinin müşayiəti ilə ifa olunur.

Müəllif milli rəqslərimizdən “Uzundərə”, “Köçəri”, “Tello” və “Yallı”nı xüsusi vurğulayır, kollektiv rəqslərin ən geniş yayılmış “Yallı” rəqsi haqqında ətraflı məlumat verir. O, şən, kollektiv və dairəvi rəqs olan “Yallı” ilə bağlı qaydaları sadalayır.

Daha sonra jurnalist Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin bəyanatı barədə yazır. Bildirir ki, Ermənistanın mədəniyyət naziri qədim milli Azərbaycan rəqsi “Köçəri”nin ermənilərin qeyri-maddi irs nümunəsi kimi təsdiq edilməsi haqqında UNESCO qarşısında məsələ qaldırıb. Ermənilər uzun illərdir ki, Azərbaycan xalqına məxsus musiqi əsərlərini mənimsəmək və erməni xalqına məxsus olması barədə məlumatlar yaymaqla dünya ictimaiyyətini çaşdırırlar.

Azərbaycan xalqının “Sarı gəlin”, “Süsən sünbül” adlı mahnıları, “Yallı”, “Vağzalı”, “Uzundərə”, “Mirzəyi”, “Köçəri” adlı rəqsləri, bəstəkarlar Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirovun əsərləri, habelə qədim milli musiqi alətləri olan tar, balaban, zurna da ermənilərin mənimsəmə siyasətinə məruz qalıb.

Məqalənin sonunda Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunISESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın fikirlərindən də sitat gətirilir. Bildirilir ki, qədim xalçaçılıq sənəti, nadir miniatürlərimiz, ədəbiyyatımız, musiqimiz, rəqslərimiz, təsviri sənətimiz, Azərbaycan memarlıq abidələrindən ibarət olan mədəni irsimiz bizim ən böyük sərvətimizdir.

Məqalənin tam mətni ilə http://www.silkway.uz/newsmore/6438 saytında tanış olmaq mümkündür.

Qeyd edək ki, məqalə Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə verilib.

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 8.