Mixail LİXAÇOV: “Komandamız Avropa Oyunlarının ilk qalibi kimi tarixə
düşmək üçün əlindən
gələni edəcək”
Kişilər arasında çimərlik futbolu üzrə Rusiya millisi I Avropa Oyunlarının əsas favoritlərindən hesab olunur. Onlar çimərlik futbolu üzrə dünya kuboku və Avropa Liqası yarışlarının ikiqat qalibidirlər.
AZƏRTAC “Bakı-2015”in saytına istinadla xəbər verir ki, Rusiya millisinin baş məşqçisi Mixail Lixaçov komandasının Bakıya güclü heyətlə yollanacağını deyib. Bildirib ki, məqsədimiz ən yaxşı nəticəyə nail olmaqdır. Bu, çimərlik futbolu tarixində yeni səhifədir. Komandamız bu yarışın ilk qalibi kimi tarixə düşmək üçün əlindən gələni edəcək.
M.Lixaçov mümkün isti hava şəraitinin Rusiya komandasına təsir edəcəyindən narahat olmadığını bildirib. Vurğulayıb ki, komandamız müxtəlif hava şəraitində çıxış etmək təcrübəsinə malikdir. Bundan başqa, komandamızın oyunları axşam saatlarında keçiriləcək ki, onda da hava sərin olacaq.
Baş məşqçinin fikrincə, “Bakı-2015”də çıxış edən səkkiz komandanın hər biri medallar uğrunda mübarizə aparacaq. Bununla belə, o, Portuqaliya, İsveçrə və İspaniya komandalarının daha yaxşı çıxış edəcəyini gözləyir.
Rusiya komandası “B” qrupunda Macarıstan, İtaliya
və İspaniya ilə mübarizə aparacaq. Qrupdakı ən yaxşı iki komanda Azərbaycan, Portuqaliya, İsveçrə və
Ukraynanın yer aldığı “A” qrupunun ən güclü iki kollektivindən biri ilə
yarımfinal mərhələsində qarşılaşacaq.
Azərbaycan. - 2015.- 5 iyun.- S. 7.