Möhtəşəm arena
gimnastların yolunu gözləyir
Son illər ölkəmizdə bütün sahələrdə olduğu kimi, müasir idman infrastrukturunun yaradılması istiqamətində də genişmiqyaslı tədbirlər həyata keçirilir, müasir idman obyektləri tikilib istifadəyə verilir. Artıq dünyanın qabaqcıl idman ölkələrindən olan Azərbaycan Beynəlxalq Olimpiya hərəkatının fəal üzvlərindəndir. İdmanın bütün növlərinin inkişaf etdirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Paytaxt Bakıda və regionlarda inşa edilən, ən müasir avadanlıqla təchiz olunan Olimpiya idman komplekslərinin sayı 50-yə çatmışdır.
İdmanın inkişafına göstərilən yüksək dövlət qayğısı sayəsində Azərbaycan idmançıları da dünyanın mötəbər yarışlarında və Olimpiya Oyunlarında ölkəmizi ləyaqətlə təmsil edir, uğurlarını ildən-ilə artırırlar.
Bu il iyunun 12-28-də Bakıda və Mingəçevirdə keçiriləcək I Avropa Oyunlarına hazırlıq məqsədilə beynəlxalq standartlara uyğun mühüm layihələrin icra olunması ölkəmizdə müasir idman infrastrukturunun yaradılması işinə böyük təkan vermişdir. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə Bakıda təməli qoyulan Milli Gimnastika Arenasının inşası idmanın bu növünün daha da inkişaf etdirilməsi işində mühüm rol oynayacaq.
Azərbaycan Gimnastika Federasiyasının son illər əldə etdiyi böyük uğurlar dünyanın idman ictimaiyyəti tərəfindən maraqla izlənilir. Bu nailiyyətlər Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın federasiyaya rəhbərliyi sayəsində mümkün olmuşdur. Başqa sözlə, 2002-ci ildən AGF-nin prezidenti olan Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində ölkədə idmanın bu növünün əsl inkişaf mərhələsi başlamışdır.
Son illər Bakıda bədii gimnastika üzrə ilk dünya kuboku yarışları, Avropa çempionatları və beynəlxalq yarışlar keçirilmişdir. Bunun nəticəsi kimi Azərbaycan gimnastları da böyük irəliləyişlərə nail olmuşlar.
Milli Gimnastika Arenasının inşası beynəlxalq əhəmiyyətli idman yarışlarının yüksək səviyyədə təşkili və keçirilməsi üçün geniş imkanlar açmışdır.
Kompleksin fasadı xüsusi formada işlənmişdir. Burada maraqlı
illüminasiya elementləri
təqdim edən ekranlar quraşdırılmışdır.
Əsasən gimnastika yarışları
üçün nəzərdə
tutulan arenanın əhəmiyyətini artıran
mühüm amillərdən
biri də buranın digər idman tədbirlərinin və yarışlarının
da keçirilməsi üçün uyğunlaşdırılmasıdır.
Gimnastika zalı əsas yarış və köməkçi məşq
hissələrindən ibarətdir. Yarışların miqyasından asılı olaraq, arenanın əsas hissəsində oturacaq yerlərinin sayını 5 mindən təxminən 10 minə qədər artırmaq mümkündür. Dünya
standartlarına uyğun
inşa olunan kompleksdə mətbuat mərkəzi, ilk tibbi yardım məntəqəsi,
xoreoqrafiya, trenajor zalları, dopinq nəzarəti, inzibati otaqlar, mağazalar, kafelər və digər yardımçı
sahələr var. Dünyanın
ən yaxşı gimnastika komplekslərindən
olan bu idman
qurğusunda hotel də
inşa edilmişdir.
Avropa Gimnastika
İttifaqının rəhbərliyi
burada yaradılan şəraiti yüksək
qiymətləndirmişdir. Zalda ən
müasir gimnastika avadanlığı quraşdırılmışdır.
Bu ay I Avropa Oyunları
çərçivəsində gimnastikanın 5 növü
üzrə yarışlardan
əlavə, digər
mühüm turnirlər,
o cümlədən 2019-cu ildə
bədii gimnastika üzrə 2020-ci il Yay Olimpiya
Oyunlarına lisenziya xarakterli dünya çempionatı bu arenada keçiriləcək.
İdman gimnastikası, bədii gimnastika və batut üzərindən tullanma yarışları
- eyni zamanda, iki yeni qeyri-olimpiya
növü olan aerobika və akrobatika I Avropa Oyunlarında nümayiş
olunacaq.
Arena artıq “Bakı-2015” I Avropa Oyunlarının yarışlarını qəbul
etməyə tam hazırdır. Burada həm
idmançıların hazırlığı,
yarışların keçirilməsi,
həm də media nümayəndələrinin rahat
işləməsi üçün
hər cür şərait yaradılıb.
“Bakı-2015” I Avropa Oyunları
Əməliyyat Komitəsinin
Milli Gimnastika Arenası üzrə meneceri Zərifə Həsənova dedi ki, iyunun 14-dən 21-dək
Milli Gimnastika Arenasında keçiriləcək
yarışları 9 min 600 azarkeş izləyə bilər. Medallar uğrunda 50 ölkəni
təmsil edən 446 idmançı mübarizə
aparacaq. Arenada quraşdırılan
oturacaqların bir hissəsi azarkeşlərin
sayına görə,
lazım olan zaman yığılıb-açılma
mexanizmi ilə təchiz olunub. Hazırda 6
min 850 oturacaq quraşdırılmışdır.
Zərurət yaranacağı halda
isə bunların sayını 9 min 600-dək artırmaq
olar. Media nümayəndələri, VİP qonaqlar üçün ayrıca oturacaqlar quraşdırılıb.
Milli Gimnastika
Arenasında mehmanxana da tikilib. İdmançılarımız və məşqçilər
bu hoteldə məskunlaşıblar. Onlar burada
qalır və gün ərzində rahat şəkildə hazırlıq prosesində
iştirak edirlər.
Əsas arenadan başqa, gimnastikanın bütün
növləri üzrə
hazırlıq keçmək
üçün müasir
avadanlıqlarla təchiz
olunmuş böyük
məşq zalı da fəaliyyət göstərir. Burada gimnastlar
üçün bütün
avadanlıqlarla yanaşı,
xüsusi havalandırma
sistemi, paltardəyişmə
və istirahət otaqları inşa olunub.
“Bakı-2015” I Avropa Oyunlarından öncə iştirakçı
ölkələrin gimnastları
da Milli Gimnastika Arenasında məşqlər keçəcəklər.
Rizvan HİLALOĞLU,
Azərbaycan. - 2015.- 5 iyun.- S. 6.