Qədim yurdda yeni bayram yaşandı
Reportyor hadisələrdən yazarkən gərək özünü büruzə verməsin. Amma I Avropa Oyunlarının məşəl estafetini müşayiət edərkən Vətənlə bağlı ruha hakim kəsilən poetik fikirlərin əsirinə çevrilir, kövrək duyğulardan yaxa qurtara bilmirsən. Şəhərdən-şəhərə getdikcə on minlərlə insanın sonsuz sevincinin şahidi olursan, üzündə təbəssüm çiçəkləyən məktəbli, tələbə, müəllim, müxtəlif yaş və peşə sahiblərinin, hətta təqaüdçülərin belə, Oyunların məşəlini alqışlamağa gəldiklərini görəndə hiss edirsən ki, Vətən bir boy da ucalıb, yeni qüdrət sahibi olub və səni də, milyonlarla insanı da şöhrətin zirvəsinə qanadlandırıb.
Məşəl
estafetinin növbəti ünvanında - Şabrandayıq. Bu qədim
şəhərin küçələrinə qədəm
qoyanda burada da gördük ki, sevincin həddi yoxdur. Hamı
sonsuz qürur hissi keçirir. Başqa rayon və şəhərlərdə
olduğu kimi, Şabranda da hamı dəstə-dəstə məşəli
qarşılamaq üçün yürüşün
marşrutu boyu yollara düzülmüşdü.
Rayon
sakini Fidan Fərzəliyeva I Avropa Oyunlarının məşəlini
qarşılamağa necə hazırlaşdıqlarından həvəslə
danışdı:
- Bu
möhtəşəm tədbiri alnıaçıq,
üzüağ qarşılamaq üçün xeyli iş
görmüşük, bacardığımızı
etmişik. Yerli hakimiyyət “Abad Şabran məşəli”
çağırışı ilə rayon əhalisinə
müraciət edəndə hamımız təşəbbüsə
ürəkdən qoşulduq, abadlıq işlərində
könüllü iştirak etdik. Artıq neçə həftədir
ki, rayonda iməciliklər keçiririk, yollarda, istirahət
parklarında səliqə-sahman yaradırıq.
Həmsöhbətimizdən
ayrılıb Şabranın cənub girişinə tərəf
addımlayırıq. Vaxt yaxınlaşdıqca yol boyu
gözləyənlərin intizarı da artırdı.
Başqa bir rayon sakini Rəna Məmmədova dedi ki, Azərbaycanın
möhtəşəm idman tədbirinə ev sahibliyi edəcəyinə
çox sevinir. O, alov haqqında qədim adət-ənənəmizdən
söhbət açdı: “Biz alovdan yalnız ocaq
qalayıb isinmək üçün istifadə etməmişik.
Onunla sevincimizi, kədərimizi ifadə etmişik, ona
acı-ağrımızı ötürmüşük.
Hüzn mərasimi düşən qapıda tonqal
yandırmışıq, Novruzun Od çərşənbəsində
tonqalların üstündən tullanıb
azarımızı-bezarımızı
tökmüşük. Yadınızdadırsa, 1990-cı ilin
qanlı Yanvar günlərində Naxçıvanda Türkiyə
ilə sərhəd boyu tonqallar alovlandı. Və Arazın o
biri tayında alışan cavab tonqalları ilə
qardaşlarımız bizim alov harayımıza, dərdimizə
şərik olduqlarını bildirdilər. Alovun dili ilə
biz bir-birimizin dərdinə şərik olduq, təskinlik
verdik”.
Biz də
Rəna xanıma qədim Yunanıstanda odu Allahlardan
oğurlayıb insanlara gətirən Prometeyin çarmıxa
çəkilməsindən və hələ Miladi tarixdən
min il əvvəl insanların bu məşəlləri
sülh, azadlıq rəmzi kimi daşımasından
danışdıq. Dedik ki, bu gün Şabranda gözlədiyimiz
məşəlin yaşı da 3 min ildən az deyil.
Ətrafımıza
toplaşanların, söhbətimizə qatılanların
sayı artırdı. Özünü həmkarımız
kimi təqdim edən Çingiz Xalidoğlu isə qürur
hissi ilə Şabranın tarixindən söz açdı:
-
Şabranın ərazisində xalqımızın tarixi
keçmişini, mədəni və mənəvi
yaddaşını qoruyan, özündə yaşadan
çoxlu abidələr var. Dünya əhəmiyyətli
Çıraqqala memarlıq abidəsinin, “Şabran şəhəri”
tarixi qoruğunun yaşı minilliklərə gedib
çıxır. Çıraqqala əsasən istehkam məqsədilə
Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə
tikilmişdir. Buradan geniş bir ərazini nəzarət
altında saxlamaq, düşmənin gəlməsini tonqallar
vasitəsilə əvvəlcədən xəbər vermək
mümkün olub. Sonralar elə bu məqsədlə həmin
qayanın üstündə möhtəşəm qala
tikilmişdir. Onun indi salamat qalan ən uca bürcündə
tonqal qalanarmış. Bu qala Xəzər dənizindən
Babadağın ətəklərinə qədər uzanan səddin
üç böyük qalasından biri olub. Yəni, dediyiniz
kimi, alov bizim üçün həqiqətən də,
böyük məna kəsb edir. Bu gün Şabrana gətirilən
məşəl tamamilə fərqli məzmun kəsb etsə
də, onun min il əvvəl bu torpaqda yanan məşəllərlə,
tonqallarla bir doğmalığı, yaxınlığı
var. Necə deyərlər, bir növ bu gün Şabranda
alışan məşəl min il əvvəl bu ərazilərdə
qalanmış tonqalların davamıdır.
Bu da məşəl
karvanı. İlk olaraq məşəli əməkdar məşqçi
Telman Bayramov qəbul edir. Beləliklə, Xaçmazdan gətirilən
məşəl Oyunların rəmzi qapısında
alışaraq öz adını Şabranın da tarixinə
yazır.
Qət
ediləcək məsafə 2,3 kilometrdir. Alqış sədaları
altında estafeti başlayan məşəlçilər onu
bir-birinə ötürərək Rəsulzadə
küçəsinə çıxırlar. Onları
müşayiət edən alqış sədaları səngimir.
Sürəkli alqışların altında məşqçi
Yasəf Quliyev, üçqat Avropa və birqat dünya
çempionu Nərmin Ağamalıyeva, məşqçilər
Mahir Ağamalıyev və Rahib Babayev, idman ustası Elmar Fərzəliyev
məşəli bir-birinə ötürərək estafetin
sonuna - Zərifə Əliyeva küçəsində
quraşdırılan xüsusi səhnəyə gəlib
çatırlar. Əməkdar məşqçi Asif Abdullayev
alqış sədaları altında səhnəyə
qalxır. Məşəldən götürülən alovla
rəmzi çıraq yandırılır və Oyunların
sonunadək saxlanması üçün Heydər Əliyev Mərkəzinə
təhvil verilir.
Sonra
konsert başlanır. Mahnılararası fasilələrdə
bir daha şabranlıların fikrini öyrənmək
üçün onlara yaxınlaşırıq. Kəmalə
Süleymanova öz fikrini belə bildirir:
- Bəli,
ölkəmiz təkcə iqtisadi sahədə deyil, idman sahəsində
də birincilər sırasında olduğunu sübut etdi. Azərbaycan
indiyədək bu qədər əzəmətli, qüdrətli
olmamışdır. Bütün bunlar hamımızda
qürur hissi doğurur.
Vaqif
Ağaverdiyev isə deyir ki, Şabran müasir
görünüşü, zamanın tələblərinə
uyğun inkişafı və əldə etdiyi nailiyyətlərlə
seçilən rayonlardandır: “Regionların
inkişafı ilə bağlı qəbul olunmuş dövlət
proqramlarında Şabran üzrə nəzərdə tutulan tədbirlərin
icrası rayonumuzun simasını büsbütün dəyişib.
Yeni istehsal müəssisələri, sosial obyektlər
açılıb, müasir infrastruktur yaradılıb. I
Avropa Oyunlarının məşəlinin Şabranı ziyarət
etməsi isə hər bır rayon sakinin həyatında
unudulmaz hadisədir, bu anlar yaddaşlarda uzun müddət
yaşayacaq qeyri-adi bayram təntənəsidir”.
Mərasimin sonunda şabranlılar məşəli
alqış sədaları altında Siyəzən rayonuna yola
saldılar.
Bahadur
İMANQULİYEV,
Akif ƏLİYEV,
Azərbaycan. - 2015.- 5 iyun.- S. 6.