Bəşəri dəyərlərin qovuşduğu məkan

 

I Avropa Oyunları yaxınlaşdıqca dünya ictimaiyyəti Azərbaycanda yüksək tolerantlıq, sülhsabitlik mühitinin hökm sürdüyünün, xalqımızın yüksək multikultural dəyərlərə malik olduğunun bir daha əyani şahidinə çevrilir. Avropa ölkələrində etnik, milli, dini zəmində dözümsüzlük meyillərinin gücləndiyi, tolerant dəyərlərin aşınmaya məruz qaldığı bir zamanda respublikamız bu sahədə, sözün əsl mənasında, liderlik örnəyi nümayiş etdirir.

Əslində, ilk Avropa Oyunları kimi mötəbər, nüfuzlu idman tədbirinin 2 il yarım bundan əvvəl məhz Azərbaycanda keçirilməsi barədə verilən qərar, heç də təsadüfi deyildi. Bu, Azərbaycanın iqtisadi, siyasi, mədəni, habelə idman sahəsində əldə etdiyi böyük nailiyyətlərlə yanaşı, həm də ölkədə mövcud olan siyasi sabitlik, dini, milli, irqi dözümlülüklə şərtlənirdi. Ümumilikdə, demək olar ki, Avropa bu gün Azərbaycanın timsalında Şərqlə Qərbin qovuşduğu məkanda tolerantlıq prinsipinin necə yüksək intişar tapdığına bir daha əmin olur.

Sivil bəşəri cəmiyyət formalaşandan ayrı-ayrı ölkələr həmişə inteqrasiyaya can atmış, vahid siyasi, iqtisadi, yaxud sosiomədəni məkanın bir hissəsi olmaqla maraqlarını təmin etməyə çalışmışlar. İudaizm, xristianlıq, sonra isə islam gerçəkliyin sosiomədəni, siyasiiqtisadi qavrayışına təsirin hüdudlarını genişləndirərək buya digər din nümayəndələrinin məskunlaşdığı məkanlar formalaşdırmışlar.

Hər bir şəxsin fərqli ifadə tərzinə hörmətlə yanaşmaq, onun fikirlərinə dözümlü münasibət bəsləmək tolerantlığın fəlsəfəsini təşkil edir. Bu mənada, tolerantlıq həm də fərdin özünüifadə və özünütəsdiq əzmini gerçəkləşdirən mühüm meyardır. Ən tolerant insan belə, nəyinsə və ya kiminsə xatirinə öz fikir və ideyalarından geri çəkilmir, sadəcə, qarşısındakı şəxsi səbrlə dinləmək, ona dözümlü yanaşmaq mədəniyyəti nümayiş etdirir. Müxtəlif fikir, inam, əqidə və dünyagörüşlərinə münasibətdə insanın yüksək mədəni səviyyəsi kimi özünü göstərən tolerantlıq onu eqoizmdən uzaqlaşdıran, aqressivlikdən, radikallıqdan xilas edən düşüncə tərzidir.

Ötən əsrin 90-cı illərində də tolerantlıqla bağlı bəzi mühüm konsepsiya və sazişlər imzalanmışdır. Avropa Şurasına üzv dövlət rəhbərlərinin 1993-cü il oktyabrın 8-9-da Vyanada keçirilmiş zirvə toplantısında irqçiliyin yüksəlişi; xaricilərə qarşı qərəzli münasibət və antisemitizm; dözümsüzlük mühitinin inkişafı, əsasən, mühacirlərə və mühacir mənşəli insanlara qarşı zorakılıq aktlarının artması; aqressiv millətçilik və etnomərkəzçilik formasında xaricilərə qarşı yeni qərəzli münasibətin inkişafı ilə bağlı həyəcan təbili səslənmişdir. 1995-ci il noyabrın 16-da keçirilmiş UNESCO Baş Konfransının 28-ci sessiyasında bu məsələlərin həlli məqsədilə “Tolerantlıq prinsiplərinə dair bəyannamə” qəbul olunmuşdur.

Azərbaycanda tolerantlıq düşüncəsinin tarixi xalqın və dövlətin formalaşma mərhələləri ilə bilavasitə bağlıdır. Hələ şəhər-dövlətlərin yarandığı ilkin dövrlərdən bu coğrafi məkanda müxtəlif etnoslar birgə olmuş, uzun sürən mənasız qarşıdurma və müharibələrdən, toqquşmalardan sonra dinc və qarşılıqlı anlaşma şəraitində yaşamağın zəruriliyini dərk etmişlər. Eyni zamanda Azərbaycan tarixən müxtəlif dövlətlərin işğalına, hücumlarına məruz qalmış, bu dağıdıcı proseslər nəticəsində fərqli mədəniyyətlərin təsiri istər-istəməz ictimai şüurda müəyyən izlər buraxmışdır. Tədricən müxtəlif dinə, məzhəbə, dilə, mədəniyyətə malik insanların ümumi Vətəninə çevrilən Azərbaycanda tolerantlıq düşüncəsi yüksəlmişdir.

Ötən əsrin əvvəllərində iqtisadi fəallığın artması, sənayenin inkişafı, orta burjuaziyanın formalaşması və digər obyektiv tarixi proseslərlə əlaqədar Azərbaycanda tolerantlıq mədəniyyəti inkişaf etmişdir. Bədnam qonşularımız olan ermənilərdən fərqli olaraq, azərbaycanlılar başqa xalqlara daim hörmət və qayğı ilə yanaşmış, onların sıxışdırılmasına, diskriminasiyasına yol verməmişlər.

Bir faktı da qeyd edək ki, 70 illik totalitar sovet rejimi xalqın tolerantlıq düşüncəsinə hakim kəsilə bilməmiş, onu öz milli-mənəvi, dini dəyərlərindən, adət-ənənələrindən ayırmaq iqtidarında olmamışdır. Çox çalışmış, səy göstərmişlər, istədikləri nəticəni ala bilməmişdilər. Onu da xüsusi vurğulamaq lazımdır ki, ötən əsrin 70-80-ci illərində məhz ulu öndər Heydər Əliyevin himayəsi altında onlarla məscid tarixi abidə adı altında qorunub saxlanılmış, əsaslı təmir edilmiş, xalqa qaytarılmışdır.

Ümumiyyətlə, Azərbaycan ərazisində yaşayan çoxsaylı etnikdini qruplar arasında möhkəm əlaqələrin formalaşmasında onların tale ümumiliyi amiliböyük rol oynamışdır.

Müstəqil Azərbaycan ötən 22 ildə qazandığı bir sıra nailiyyətlərlə yanaşı, həm də regionda və bütövlükdə Avropa məkanında fərqli dini sivilizasiyaların qovuşduğu tolerant məkan kimi tanınmışdır. Ulu öndər Heydər Əliyev hesab edirdi ki, yalnız milli zəmin - azərbaycançılıq, Azərbaycanda yaşayan bütün millətlərin nümayəndələrinin bərabərliyi və əməkdaşlığı, milli həmrəylik, milli-mənəvi dəyərlərin qorunması, ümumi tarixümumi ünsiyyət dili etnik mənsubiyyətindən asılı olmayaraq hər bir azərbaycanlıya özünü hamı üçün ümumi evin qurulmasına səfərbər edilmiş müstəqil insan kimi hiss etmək imkanı verəcəkdir. Heydər Əliyev ölkədə mütərəqqi islam dəyərlərinin inkişafına xüsusi diqqət yetirməklə yanaşı, digər dinlərin inkişafına da tolerant mühitin yaradılmasını təmin etmiş, dini konfessiyalar arasında qarşılıqlı hörmətə söykənən münasibətlərin formalaşmasına çalışmışdır. Ulu öndərin diqqəti və qayğısı ilə Bakı şəhərinin mərkəzində Qafqazda ən böyük sinaqoqun inşa edilməsi də bunu bir daha təsdiqləyir. Roma-katolik Kilsəsinin sabiq başçısı II İoann Pavelin 2002-ci ilin mayında respublikaya etdiyi səfəri zamanı Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd etmişdir.

Xalqlararası və mədəniyyətlərarası dialoqu müasir qloballaşma dövründə daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq bu gün də dövlət siyasətinin mühüm tərkib hissəsidir. Bu siyasəti son 13 ildə inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin milli mədəniyyətin, dini-mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və inkişaf etdirilərək gənc nəsillərə çatdırılması ilə bağlı siyasəti bu baxımdan çağdaş dövrün reallıqları ilə şərtlənir.

Azərbaycan Prezidenti 28 May Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı nitqində bu məsələyə xüsusi münasibət bildirərək dedi: “Bizim bu nadir rolumuz bu gün həm müsəlman aləmində, həm də Avropada yüksək qiymətləndirilir. Sizə deyə bilərəm ki, heç bir başqa ölkə hazırda bu rolu öz üzərinə götürə bilməz, götürsə də bizim qədər uğur əldə edə bilməz. Çünki Azərbaycanda bu müsbət prosesin inkişafı üçün çox möhkəm tarixi əsaslar var. Əsrlər boyu Azərbaycanda multikulturalizm meyilləri yaşayıb... Biz istəyirik ki, dinlərarası əlaqələr normal, sağlam məcrada olsun. Əks təqdirdə, dünyada parçalanma meyilləri daha da güclənəcək. Biz onu görürük. Hazırda dini, milli zəmində, məzhəb əsasında qarşıdurmalar, qanlı toqquşmalar dünyanı fəlakətə gətirir. Əlbəttə ki, ölkəmizin dünya xəritəsindəki coğrafi yeri o qədər də böyük deyil. Amma gördüyümüz işlər çox böyükdür. Biz bundan sonra da bu istiqamətdə səylərimizi göstərəcəyik”.

Prezident İlham Əliyevin tolerantlıq və milli münasibətlər probleminə dair baxışları onun siyasi fəaliyyətində prioritet istiqamətdir. Dövlət başçısının son illərdə bununla bağlı irəli sürdüyü prinsiplər, müəyyənləşdirdiyi strateji xətt, atdığı konkret addımlar onun Azərbaycanı həm də sivilizasiyalararası dialoq, mədəni-intellektual konsolidasiya və əməkdaşlıq mərkəzinə çevirmək məqsədindən irəli gəlir. Prezident İlham Əliyev haqlı olaraq vurğulayır ki, demokratik prinsiplərlə yaşamaq, bu yönümdə inkişaf etmək arzusunda olan hər bir dövlət ölkəsində cəmiyyətdaxili tolerantlığın bərqərar olmasını təmin etməlidir. Təsadüfi deyildir ki, geostrateji mövqeyinə görə çeşidli dünyagörüşünün, həyat tərzinin, mədəni və mənəvi dəyərlərin, dini konfessiyaların qovuşduğu bu torpaq milli-etnik tərkibi ilə dünyanın nadir mədəni sivilizasiyalarından birinə çevrilmişdir.

“Azərbaycanda dinlərarası münasibətlər ən müsbət şəkildə tənzimlənir” - deyən ölkə başçısı xüsusi vurğulayır ki, “bunu Azərbaycan xalqı qeyd edir, görür. Eyni zamanda, Bakıya, Azərbaycana gələn bütün xarici qonaqlar da bunu qeyd edirlər ki, Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilir. Bu da bizim çox böyük sərvətimizdir və ölkəmizin gələcəkdə uğurlu, təhlükəsiz inkişafı üçün əsas şərtdir. Bundan sonra da Azərbaycanda bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bizim dövlət siyasətimiz bundan ibarətdir. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimizdir və bizim üçün güc mənbəyidir”.

Azərbaycan Prezidentinin İslam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Cənab İlham Əliyevin göstərişi ilə paytaxtın ən gözəl guşələrinin birində katolik kilsəsi inşa edilmiş, habelə provaslav kilsəsi təmir və bərpa olunmuşdur. Azərbaycanda gürcü provaslav kilsəsi, rus provaslav kilsəsinin yepiskopu müstəqil fəaliyyət göstərir, indiyədək dini zəmində heç bir qarşıdurma baş verməyib. Ölkədə rəsmi şəkildə 500-dən çox islam, 40-a yaxın qeyri-islam təmayüllü dini icma, eyni zamanda 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Bu baxımdan I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan xalqının tolerant dəyərlərə həssas münasibətini bir daha qabarıq ifadə edəcək. Artıq Azərbaycana gələn qonaqlar bunu əyani şəkildə hiss edir, ölkəmizdə formalaşmış tolerantlıq muhitini uğurlu model kimi dəyərləndirirlər.

I Avropa Oyunları ilə bağlı görülən işlər təkcə bu möhtəşəm beynəlxalq tədbirin statusunu deyil, Azərbaycanın potensialının növbəti dəfə tanınması anlamını daşıyacaq. Bu Oyunlar həm də ideal müzakirə səhnəsinə çevriləcək. Azərbaycan reallıqları haqqında beynəlxalq ictimaiyyət obyektiv məlumatlar alacaq. Müxtəlif dinlərin nümayəndələrinin iştirakı ölkədə aparılan siyasətin bütün özəlliyini, fəlsəfi dərinliyini hiss etməyə və qiymətləndirməyə imkan yaradacaq. I Avropa Oyunları potensial həmfikir və dostların qazanmasına xidmət edəcək ki, onlar da sabah beynəlxalq təşkilatlar çərçivəsində respublikamızın mövqeyini dəstəkləməyə hazır olacaqlar. Bu Oyunlar Azərbaycan xalqının qürur mənbəyinə çevriləcək və ölkə haqqında müsbət imicin formalaşmasına öz töhfəsini verəcək. Tələbələrin keçirilən beynəlxalq tədbirlər zamanı könüllü şəkildə iştirakı isə gənc nəsildə olan vətənpərvərlik hissinin daha da artmasına səbəb olacaq.

Bu strateji kursun əzmlə, inamla həyata keçirilməsi ölkə üçün böyük diplomatik uğur deməkdir.

 

İradə ƏLİYEVA,

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 4.