Bakı məşəli gözləyir

 

Alovun 5 günlük paytaxt səyahəti başlayır

 

Bir neçə gündən sonra dünya möhtəşəm bir idman tədbirinin şahidi olacaq. Xüsusilə Avropa ölkələrinin diqqəti həmin vaxt Azərbaycana yönələcək. Həmin gün Avropa idmanı tarixində yeni bir səhifə yazılacaq. Bir neçə  əsr sonra da Avropa Oyunları tarixinə nəzər salınanda bu turnirin ilk dəfə Azərbaycanda keçirildiyi qürurla vurğulanacaq.

I Avropa Oyunlarının Bakıda keçirilməsi Azərbaycan üçün, ümumiyyətlə, bütün Avropa Olimpiya hərəkatı üçün tarixi hadisədir. Regionun lider dövlətinə çevrilən Azərbaycanın sürətli inkişafı, dünya birliyində tutduğu mövqe, mövcud ictimai-siyasi sabitlik beynəlxalq ictimaiyyətdə əminlik yaradıb ki, ölkəmiz bu mötəbər tədbirə uğurla ev sahibliyi edə biləcək.

Olimpiya  Oyunlarının  bir çox mərasimləri və ayinləri var. Onlardan ən əsası məşəlin alovlandırılmasıdır. Məşəl  Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülürson anda adlı-sanlı bir idmançıya verilir, o, stadiona daxil olub Olimpiya Oyunlarının məşəlini yandırır.

Tarixdə ilk dəfə təşkil olunacaq Avropa Oyunlarının məşəli  aprelin 26-da “Atəşgah” məbədində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən mərasimlə alovlandırılıb. 60 rayonu səyahət edərək 47 gün ərzində 5,5 min kilometr məsafə qət edən alov artıq Avropa Oyunlarının paytaxtı Bakıya yaxınlaşır.

Hər bir şəhər və rayonda səyahətdə olan məşəl respublikamızda bayram əhval-ruhiyyəsi yaradıb. Demək olar ki, bu gün Avropa ölkələrinin diqqəti Azərbaycana yönəlib. Məşəlin respublikamızı səyahət etməsi münasibətilə regionlarda  bayram əhval-ruhiyyəsi yaşanırdı. Təşkil olunan məşəl festivallarında iştirak etmək, ilk Avropa Oyunlarının bir növ tamaşaçısına çevrilmək üçün rayon və kəndlərdən, ən ucqar yaşayış məntəqələrindən belə vətəndaşlar tədbirlərin təşkil olunduğu yerlərə axışırdılar.

Nəhayət, Avropa Oyunlarının məşəli uzunmüddətli səyahətdən sonra iyunun

7-də son dayanacağı Bakıya gəlir. Məşəl paytaxtda 16 km məsafə qət edəcək

5 günlük müddət ərzində bir sıra məkanlarda nümayiş etdiriləcək. Məşəlin Bakı səyahətinin marşrutu aşağıdakı kimidir:

İyunun 7-  Alovun gəlişi:  18:00 Satko Limanı;  18:30 Şəhər; 19:10 Port Baku; 19:30 Zərifə Əliyeva küçəsi;  20:00 Xalça Muzeyi;  20:30 Bayraq Meydanı; 21:00 Dalğa Plaza; 21:15 Qız Qalası.

İyunun 8-də Avropa Oyunlarının təşkil olunacağı 9 idman obyektinə səyahət;

 İyunun 9-da  İçərişəhərə səyahət: 16:00-16:50;

İyunun 10-da mədəniyyət memarlıq obyektlərinə səyahət: 13:00 Nizami küçəsi; 13:20 Fəvvarələr Meydanı; 14:00 Qış Parkı; 14:45 Heydər Əliyev adına Saray; 15:30 Filarmoniya Bağı; 15:50 Funikulyor; 16:30 Dağüstü Park;

İyunun 11-də Məşəlin yola salınması: 21:00 Qız Qalası;  21:30 Satko Limanı.

“Bakı-2015” ilk Avropa Oyunlarına ev sahibliyi etməyə hazırlaşan Azərbaycan göstərilən böyük inam etimadı doğrultmaq, oyunları yüksək səviyyədə keçirmək əzmindədir. ArtıqBakı 2015” ilk Avropa Oyunlarının yoluna işıq saçan məşəlin səyahəti respublikanın bölgələrində yekunlaşmaq üzrədir. Azərbaycanın qeyri-adi təbiətinə, mədəniyyətinə irsinə ithaf edilən alov 60 rayonun sakinlərinə Avropa Oyunları ruhunu gətirdi. Bu tədbir təkcə idmançılarımızın qələbəsi ilə deyil, eyni zamanda, Azərbaycanda idmanın daha da inkişafına, ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin təbliğinə geniş imkanlar açacaq.

 

Elçin CƏFƏROV,

 

Azərbaycan. - 2015.- 5 iyun.- S. 1.