Azərbaycan Prezidenti İlham Əliyev Tofiq Bəhramov
adına Respublika Stadionunda
yaradılan şəraitlə tanış olub
İyunun
4-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev və xanımı, “Bakı-2015” birinci Avropa
Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban
Əliyeva Avropa Oyunları çərçivəsində
kamandan oxatma yarışlarının keçiriləcəyi
Tofiq Bəhramov adına Respublika Stadionunda yaradılan şəraitlə
tanış olublar.
Gənclər və idman naziri Azad Rəhimov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verdi.
Qeyd edək ki, “Bakı-2015” ilk Avropa Oyunları zamanı bu stadionda keçiriləcək kamandan oxatma yarışlarında 39 ölkədən 64-ü qadın və 64-ü kişi olmaqla, 128 idmançı iştirak edəcək. Atletlər iyunun 16-dan 22-dək medallar uğrunda mübarizə aparacaqlar.
Prezident İlham Əliyev və ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva stadionun sxemi ilə tanış oldular. Oyunlar zamanı idmançılar, media işçiləri və avropalı qonaqlar üçün ayrıca istirahət otaqları, müsahibələr üçün xüsusi zona ayrılıb. Məşq meydanında idmançılar üçün 22 hədəf təyin olunub. Bir hədəf maksimum üç idmançı üçün nəzərdə tutulub. Yarış meydanı üçün isə iki hədəf təyin edilib. Hədəflə idmançı arasında məsafə 70 metrdir. Hədəfin diametri 122 santimetr təşkil edir. Kamandan oxatma yarışı Olimpiya Oyunları arasında fiziki məhdudiyyətli şəxslər də daxil olmaqla hər kəsə eyni imkanlar verən yeganə oyundur. Yarışlara gələn tamaşaçılar üçün burada xüsusi tibb məntəqəsi də fəaliyyət göstərəcək. Burada çalışanlar üçün rahat iş mühiti yaratmaq məqsədilə xüsusi fasilə və istirahət otaqları ayrılıb.
Avropanın məşhur ox
atan idmançıları 7 yarış günü müddətində Tofiq Bəhramov adına Respublika
Stadionunda qalibiyyət uğrunda
mübarizə aparacaqlar. Avropa
Oyunlarında yarışlar fərdi və qrup
halında, eyni zamanda,
qarışıq qrup şəklində Olimpiya Oyunları formatında keçiriləcək.
Ümumilikdə 5 medal dəsti təqdim olunacaq. Kamandan oxatma yarışları, həmçinin
2016-cı il Rio Yay Olimpiya seçmə
yarışları üçün
yüksək xallar uğrunda
mübarizəyə imkan yaradacaq.
Azərbaycan. - 2015.- 5 iyun.- S. 2.