İspaniyanın “La Republica” qəzetində I Avropa
Oyunları ərəfəsində Azərbaycana qarşı qərəzli
mövqe barədə məqalə dərc
olunub
İspaniyanın “La Republica” qəzetində “Bakı-2015” I Avropa Oyunları və bu möhtəşəm idman hadisəsi ərəfəsində Azərbaycana qarşı qərəzli mövqe ilə bağlı məqalə dərc edilib.
AZƏRTAC qəzetin rəsmi internet səhifəsinə istinadən məlumat verir ki, müəllif Marino Gallindo məqalədə I Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycanın köhnə qitəyə yeni təcrübə yaşadacağını qeyd edir. Yazıda ölkəmizin adının İspaniyanın “Atletico de Madrid” futbol komandasının oyunçularının köynəyinin üzərində yer aldığı, Qafqaz ölkəsinin bu Oyunları keçirməkdə niyyətinin Avropanı bir araya gətirmək, eləcə də dünyaya inteqrasiya etmək olduğu vurğulanır. “Bakı-2015”in tarixçəsini xatırladan jurnalist ölkəyə qarşı təzyiqlərin əslində, gözlənilən olduğunu bildirir. “İstənilən belə bir böyük tədbir keçirən ölkəyə qarşı digər maraqları olan dövlətlər əks kampaniyaya başlayır. Çində keçirilən Olimpiya Oyunları zamanı ölkəyə qarşı olan təzyiqlər hələ də yaddaşlardan silinməyib. Bu zaman həmin ölkəyə qarşı digər siyasi və ya iqtisadi maraqları olan dövlətlər hərəkətə keçir. Əgər deyilən faktlar indiyədək doğrudan da, bu cür dözülməz olsaydı, Avropanın rəsmi qurumları buna əsla səssiz qalmazdı” - deyə müəllif yazır. Müəllif “Bakı-2015” I Avropa Oyunları ərəfəsində də eyni vəziyyətin yaşandığını qeyd edərək bu fəaliyyətlərdə Ermənistan amilini xüsusi diqqətə çatdırır.
Azərbaycanın Avropa Oyunlarına apardığı hazırlığa toxunan müəllif Oyunlarla bağlı Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikenin də hazırlıqlarla bağlı vəziyyətin yüksək olmasına dair fikrini sitat gətirir.
Yazıda daha sonra Oyunlarla bağlı məlumat
verilir, möhtəşəm idman hadisəsinin miqyasından bəhs edilir.
Azərbaycan. - 2015.- 7 iyun.- S.12.