Prezident İlham Əliyev
Azərbaycan Boks
Federasiyasının inzibati binasının və “Qafqaz Baku
Sport Hotel”in açılışlarında iştirak edib
İyunun
5-də Bakıda Azərbaycan Boks Federasiyasının yeni
inzibati binasının açılışı olub.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
xanımı, birinci Avropa Oyunları Təşkilat Komitəsinin
sədri Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Azərbaycan
Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov
görülən işlərlə bağlı dövlətimizin
başçısına və xanımına məlumat verdi.
Bildirildi
ki, müasir memarlıq üslubunda və ən son texnologiyalar
əsasında inşa olunan bina 25 min kvadratmetr sahəni əhatə
edir. Boks Federasiyasının inzibati binasında boks mərkəzi
də fəaliyyət göstərəcək. Beynəlxalq
federasiyaların tələblərinə tam cavab verən bu
kompleksdə məşq və yarışlar üçün
hər cür şəraiti olan idman zalları da var.
Dövlətimizin
başçısı Federasiyanın inzibati binasının rəmzi
açılışını bildirən lenti kəsdi.
Binanın
foyesində ümummilli lider Heydər Əliyevin büstü
qoyulub. Burada ulu öndər Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə idmanın
inkişafına göstərdikləri diqqət və
qayğını əks etdirən fotoguşə
yaradılıb.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva
Federasiyanın muzeyi ilə tanış oldular.
Muzeydə Azərbaycanın boks tarixi haqqında ən geniş məlumatları əldə etmək mümkündür. Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrdə Bakıya işləməyə gələn əcnəbi fəhlələr və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. İdmançılarımızın beynəlxalq döyüşləri isə 1920-ci illərin sonlarına təsadüf edir. Dəri əlcək ustalarımız sovet dövründə SSRİ çempionatlarında və spartakiadalarında mübarizə aparsalar da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası AIBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu tituluna yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. 2000-ci ildən bu yana Azərbaycan boksçuları bütün Olimpiya Oyunlarından Vətənə medallarla dönüblər. Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov Olimpiya Oyunlarının mükafatçılarıdır.
Ölkəmiz indiyədək boks üzrə ən mötəbər yarışlara ev sahibliyi də edib. 2011-ci ildə böyüklər arasında dünya çempionatı ilk dəfə Bakıda keçirilib. Komandamız yarışda 1 qızıl və 1 gümüş medala layiq görülüb. AIBA həmin yarışı indiyədək keçirilmiş dünya çempionatları arasında ən yaxşılardan biri kimi qiymətləndirib. Son illərdə dünya və Avropa çempionatlarında da dəri əlcək ustalarımız uğurla çıxış edirlər. 2013-cü ildə Avropa çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Həmin il Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında komandamız 2 qızıl və 1 bürünc medala layiq görülüb.
Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kompleksdə yarışların keçiriləcəyi əsas boks zalı ilə tanış oldular.
Məlumat verildi ki, zalda tamaşaçılar üçün 1000 oturacaq quraşdırılıb. Boksçularımız birinci Avropa Oyunlarına ciddi hazırlaşırlar. Komandamız həm kişilərin, həm də qadınların yarışında tam heyətlə mübarizə aparacaq. Boksçularımız kişilərin yarışında 10 idmançı ilə təmsil olunacaq. Qadınların yarışında 5 boksçumuz çıxış edəcək. Meksikada dağlıq şəraitdə təlim-məşq toplanışı keçən boksçularımız artıq Vətənə dönüblər və bir neçə gündür ki, Bakıda hazırlığı davam etdirirlər.
Dövlətimizin başçısı və xanımı Federasiya rəsmiləri, birinci Avropa Oyunlarında ölkəmizi təmsil edəcək boksçularla görüşdülər.
Prezident İlham Əliyev boksçuları salamlayaraq dedi:
- Sizdən medallar gözləyirik. Əminəm ki, belə də olacaq. İndi belə gözəl şərait yaradılıb. Əlbəttə, bundan sonra nəticələr daha da yaxşı olmalıdır. Onsuz da boksçularımız son vaxtlar bizi sevindirir, çox gözəl nəticələr göstərirlər. Yadımdadır, London Olimpiya Oyunlarında yüksək nəticələr göstərmişdilər. Mən o vaxt da demişdim ki, Olimpiya çempionu adına layiq olan idmançılarımız hakimlərin ədalətsizliyi ucbatından bürünc medalla kifayətləndilər. Əslində bu oyunlar zamanı hər kəs görürdü ki, biz birinci yerə layiq idik. Amma əminəm ki, Bakıda keçiriləcək yarışlarda boksçularımız ədaləti bərpa edəcəklər.
Həmçinin qadınlar da
yüksək nəticələr göstərirlər. Avropa çempionu da Londonda idi. Mən onun
yarışını müşahidə
edirdim. Həmin yarışda o, qalib
oldu, amma qələbəni rəqibinə
verdilər. Belə bir
ədalətsizlik oldu.
Bəzən idmanda belə
hallar olur. Buna görə əsas
odur ki, idmançı ruhdan düşməsin, rinqdə
özünü təsdiqləməyə
davam etsin. Tamaşaçılardan isə heç
nəyi gizlətmək
olmaz. Hər şey göz
qabağındadır. Buna görə də
sizə yarışlarda
uğurlar və ölkəmizi layiqincə
təmsil etməyi arzulayıram.
Dövlətimizin başçısı və
xanımı lazımi
avadanlıqla təchiz
olunan məşq zalında yeniyetmə və gənc boksçuların məşqini
izlədilər. Bu qrupa
13-17 yaşlı boksçular
cəlb edilir.
Binada, eyni zamanda, VIP tamaşaçılar
üçün də
yer ayrılıb. İdman obyektinin
yarış zalları,
mətbuat işçilərinə
ayrılan sahələr,
yüksək səviyyəli
qonaqlar üçün
VIP otaqlar və yarışların gedişinin
canlı teleyayımının
təşkili mərkəzi
ən müasir səviyyədə qurulub.
Bu gün Azərbaycanda idmana olan dövlət
qayğısı, bunun
nəticəsində idmançılarımızın
olimpiadalarda, müxtəlif
səviyyəli beynəlxalq
yarışlarda qazandıqları
böyük nailiyyətlər,
paytaxtla yanaşı,
respublikanın hər
yerində müasir idman infrastrukturunun yaradılması gənc nəslin həm fiziki, həm də mənəvi cəhətdən sağlam
yetişməsində mühüm
rol oynayır. Bütün bu reallıqlar, yeni idman binalarında yaradılan şərait və ilk Avropa Oyunları ilə bağlı ölkəmizdə
görülən işlər
Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsi ilə bağlı qərarının
düzgün olduğunu
bir daha nümayiş etdirir.
Qeyd olundu ki, idman qurğusunda
təhlükəsizliyin təmin
edilməsi məqsədilə
tədbirlər görülüb,
genişzolaqlı internet şəbəkəsi
qurulub, kafe yaradılıb. Kompleksin ərazisində geniş
abadlıq və yaşıllaşdırma işləri
görülüb.
Sonda xatirə
şəkli çəkdirildi.
x x x
Daha sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in açılışında
iştirak etdilər.
Ağ şəhərdə
yerləşən “Qafqaz
Baku Sport Hotel” yüksək səviyyədə və müasir üslubda inşa olunub. On yeddi mərtəbəli otelin paytaxtın əsas işgüzar və mədəni mərkəzlərinə yaxın
olması qonaqlara vaxtlarını daha səmərəli keçirmək
üçün hərtərəfli
imkanlar yaradır.
Xəzər dənizinə gözəl
mənzərənin açıldığı
otel paytaxtın mərkəzindən 4 kilometr,
Heydər Əliyev Beynəlxalq Aeroportundan isə 21 kilometr məsafədə yerləşir.
Azərbaycan Prezidenti “Qafqaz Baku Sport Hotel”in rəmzi açılışını bildirən lenti kəsdi.
Yeni turizm obyektinin interyeri müasirliyi ilə seçilir. Oteldə qonaqların rahatlığı
yüksək səviyyədə
təmin olunacaq.
Azərbaycanda iqtisadiyyat,
idman, mədəniyyət,
incəsənət və
digər sahələrdə
əldə olunan yüksək nailiyyətlər
xarici iş adamları ilə yanaşı, turistlərin
də ölkəmizə
marağını artırıb.
Prezident İlham Əliyevin yürütdüyü uğurlu
siyasət nəticəsində
ölkəmizdə turizmin
inkişafı istiqamətində
mühüm layihələrin
icrası da buna əlverişli zəmin yaradır. Bu baxımdan Azərbaycanda
otel biznesinin daha da inkişafı
üçün kompleks
tədbirlər həyata
keçirilir.
Prezident
İlham Əliyev və xanımı Mehriban Əliyeva “Qafqaz Baku Sport Hotel”in 17-ci mərtəbəsindəki restoranda
yaradılan şəraitlə
tanış oldular.
Qeyd edildi ki, 110 nəfərlik restoranda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim
olunacaq. Burada, həmçinin Xəzər dənizinə
və Bakı bulvarına açılan
gözəl mənzərəni
seyr etmək mümkündür. Otelin 60 nəfərlik
barında da qonaqların zövqünə
uyğun xidmət göstəriləcək.
Otel nömrələrində
yaradılan şəraitlə
tanışlıq zamanı
diqqətə çatdırıldı
ki, burada 103 nömrə var. Müxtəlif
kateqoriyadan olan nömrələr ən müasir tələblər
səviyyəsindədir və
yüksək dizaynı
ilə seçilir. Bütün bunlar
sübut edir ki, ölkədə müasir turizm və istirahət obyektlərinin, mehmanxana komplekslərinin tikilib istifadəyə verilməsi
Azərbaycanda bu sahənin inkişafına
göstərilən yüksək
diqqətin təsdiqidir.
Azərbaycan artıq ən mötəbər beynəlxalq tədbirlərə
ev sahibliyi
edən ölkədir.
Bundan başqa, Azərbaycanda qeyri-neft sektorunun aparıcı sahəsi kimi turizmin inkişafı
da başlıca prioritetlərdəndir.
Hazırda ölkəmizdə otel biznesinin dünya standartları səviyyəsində
qurulması, qonaqların
və turistlərin qəbulu üçün
silsilə tədbirlər
reallaşdırılır. “Qafqaz Baku Sport Hotel” də həmin istiqamətdə atılan addımlardan biridir. Belə müasir otelin
“Bakı-2015” ilk Avropa Oyunları
ərəfəsində istifadəyə
verilməsi isə xüsusi əhəmiyyət
daşıyır. Bu cür layihələr ilk Avropa Oyunları ilə bağlı ölkəmizə gələn
turistlərin rahatlığının
təmin olunmasına və paytaxt Bakının turizm potensialının nümayiş
etdirilməsinə imkan
yaradır.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 iyun.- S.1, 2.