İnkişafın
və müasirliyin rəmzi olan məşəl
Olimpiya Oyunları dünyanın ən məşhur və 4 ildən bir keçirilən kütləvi idman müsabiqəsidir. Lakin Olimpiya Oyunları dedikdə idman həyatının insanlara bəxş etdiyi dəyərləri dar mənada yox, geniş, fəlsəfi anlayış kimi qəbul etmək lazımdır.
Çünki Olimpiya Oyunları bir hərəkatdır və onun böyüklüyü yalnız idman yarışlarının keçirilməsi və idmançıların yarışlarda göstərdikləri nəticələrlə məhdudlaşmır. Olimpiya hərəkatı həm də dünyada sülhə və əmin-amanlığa çağırış, müqəddəs və bəşəri ideyalara xidmət etmək deməkdir. Olimpiya hərəkatı hər zaman müharibə ideyasına qarşı olmuşdur.
Adını Yunanıstanda ən yüksək dağ massivi olan Olimpdən götürən Olimpiya Oyunlarının tarixi eramızdan çox əvvələ təsadüf edir. Elə tarixinin qədim olmasına görə də Olimpiya Oyunlarının bir çox yazılmış və yazılmamış qanunları, ənənələri, mərasimləri və ayinləri var. Onilliklər, əsrlər ötsə də, bu ənənələr qorunur və daha da sevilir. Olimpiya Oyunları başlanmazdan əvvəl məşəlinin yandırılması da belə ənənələrdən biridir. Məşəlin alovlandırılması, yürüşü və sonra Olimpiya yarışlarının keçiriləcəyi meydana gətirilməsi tarix boyu böyük mərasimlərlə yadda qalıb. Ona görə Olimpiya məşəli bu gün beynəlxalq Olimpiya Oyunlarının və hərəkatının simvolu hesab olunur.
Miqyasına və əhəmiyyətinə görə Olimpiya Oyunlarına bərabər tutulan I Avropa Oyunlarının məşəlinin bu gün ölkəmizdə yandırılmasından başlayaraq səyahətinin böyük coşqu və təntənə ilə müşayiət olunması təbiidir. Öncə onu qeyd edək ki, I Avropa Oyunlarının məşəlinin alovlandırılmasının bir rəmzi mənası var. Çünki Olimpiya məşəlinin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı. Eynilə Azərbaycan da tarixən “Odlar diyarı” kimi tanınmışdır. Odur ki, bu Oyunların ən mühüm elementlərindən biri - ölkəmizin milli rəmzlərindən olan alov, eyni zamanda, Olimpiya hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Bu mənada bu il aprelin 26-da Prezident İlham Əliyevin müqəddəs “Atəşgah” məbədində alovlandırdığı I Avropa Oyunlarının məşəli ölkəmizin tarixinin, adət-ənənələrinin tərənnümü idi.
I Avropa Oyunları Avropanın 50 ölkəsindən olan 6 mindən çox idmançı arasında keçiriləcək çoxşaxəli idman yarışıdır. İlk Avropa Oyunlarınının keçirilməsi haqqında qərar 8 dekabr 2012-ci il tarixində Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında qəbul edilmişdir. Məhz həmin tədbirdə 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmək hüququ Azərbaycanın paytaxtı Bakı şəhərinə verilmişdir. Avropa Oyunları Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. Avropa Oyunlarında on altısı Olimpiya və dördü qeyri-Olimpiya olmaqla cəmi 20 idman növü təmsil olunacaq. Ümumilikdə 253 medal dəsti uğrunda mübarizə aparılacaq, 12 idman növü üzrə “Rio-2016” Yay Olimpiadasına təsnifat imkanları veriləcək.
I Avropa Oyunlarının başlamasına sayılı günlər qalır. Bütün dünya iyun ayının 12-dən 28-dək tarixdə ilk dəfə keçiriləcək bu Oyunların möhtəşəm təşkilinə, Azərbaycanın inkişafına, nümunəvi ev sahibliyinə, xalqımızın gözəl dəyərlərinə şahidlik edəcək. Azərbaycanın özündə bu möhtəşəm idman yarışının həyəcanı məşəlin yandırıldığı gündən başlayıb. Məşəl simvol sayıldığından Bakıda I Avropa Oyunlarının məşəlinin alovlandırılması ölkəmizin, eləcə də dünyanın idman tarixində əlamətdar hadisələrdən biri idi. Ona görə aprelin 26-sı ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başladı.
660 millimetr hündürlüyü olan məşəlin gövdəsi “Bakı-2015” brendində yer alan nar ağacını xatırladır. Alovu qoruyan mis başlıq da nar formasındadır. Onun 50 çəyirdəyi Oyunlarda iştirak edən ölkələrin sayını təmsil edir. İndiyədək məşəl 60-a yaxın rayon və şəhərimizdən keçib. Onların bəzilərində məşəlin səyahəti “Alov festivalı”nın keçirilməsi ilə yekunlaşıb. Məşəlin səyahətinə isə min nəfərdən çox məşəlçi cəlb olunub. Məşəl iyunun 8-də paytaxtdakı idman arenalarında, 9-da isə İçərişəhərdə gəzdiriləcək. İyunun 10-u məşəl proqramının son günü olacaq və Bakıya gətirilənədək təxminən 5500 kilometr məsafə qət edəcək.
Əvvəldə qeyd etdiyimiz kimi, Olimpiya hərəkatı dünyada sülhə, dinc yaşayışa çağırışdır. Elə qədim dövrlərdə də Olimpiya Oyunları zamanı bütün hərbi əməliyyatlar dayandırılar, oyunların keçirilməsi mərasimi əmək, məişət və sülh rəmzinə çevrilirdi.
Olimpiya Oyunlarının simvolu olan məşəl də ölkələri və insanları bəşəriyyətdə əmin-amanlığa, müharibələrə son qoymağa səsləyir. Aprelin 26-dan Bakıdakı “Atəşgah” məbədində yandılıran I Avropa Oyunlarının məşəli də Azərbaycanın milli dəyərlərinin tərənnümçüsü olmaqla, ölkəmizin zəngin mənəvi irsini dünyaya tanıtmaqla bərabər sülh carçısıdır.
Azərbaycan Respublikası tarixən zəngin multikultural və tolerant dəyərlərə
malik olmuşdur. Əsrlər boyu burada müxtəlif
xalqların, dinlərin
nümayəndələri bir
ölkənin sakinləri
kimi mehriban qardaşlıq, dostluq şəraitində yaşamışlar.
Azərbaycanı sevməyən dairələr
nə qədər cəhd göstərsələr
də, ölkəmizdəki
tolerantlıq və multikulturalizm mühitinə
zərər vura bilməmişlər. Və bu
bir daha təsdiq edir ki, multikulturalizm Azərbaycan dövlətinin
ən böyük dəyərlərindən biridir.
Prezident İlham Əliyevin təşəbbüsü nəticəsində
multikulturalizm Azərbaycanda
dövlət siyasətinin
prioritet istiqamətlərindən
birinə çevrilmişdir.
Azərbaycanın bu sahədəki
nümunəsi bütün
dünyada bir model olaraq qəbul edilməkdədir. Artıq paytaxtımız
qlobal əhəmiyyətli
humanitar məsələlərin
öz həllini tapdığı məkandır.
Azərbaycanın təşəbbüskarı olduğu “Bakı prosesi” sivilizasiyalararası
və mədəniyyətlərarası
dialoqa, multikulturalizmə
xidmət edir. Bütün bunların fonunda isə I Avropa Oyunlarının məşəli
Azərbaycan dövlətinin
saf niyyətlərini,
yürütdüyü siyasətin
mahiyyətini, dünyanı
dialoqa və sülhə dəvət etməsini bir daha özündə ehtiva edir.
Bu məşəl həm də Azərbaycanın yüksəlişinin, inkişafının carçısıdır. Ölkəmizin dünyada artan nüfuzu, iqtisadi inkişafı, həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr, reallaşdırdığı infrastruktur layihələr Azərbaycanın yüksəlişinin ayrı-ayrı nümunələridir. Bir məsələni də xüsusi qeyd etməliyik ki, Azərbaycan rəhbərliyinin hər bir məsələ ilə bağlı çox dəqiq inkişaf strategiyası var. Həmçinin ölkəmizin regionları ilə də bağlı düşünülmüş və əsaslandırılmış proqramlar icra olunur. Son illər Azərbaycanın bütün şəhər və rayonları böyük inkişaf yolu keçib, yenidən qurulub, abadlaşıb. Vətəndaşların sosial rifahı yüksəlib. I Avropa Oyunlarının məşəlinin səyahətini izləyənlər bir daha Azərbaycanın bölgələrinin, hətta düşmənlə üz-üzə dayanmış cəbhəyanı rayonların inkişafını, o yerlərin sakinlərinin mətin iradəsini görmək imkanı əldə etdi.
Bəli, I Avropa
Oyunlarının məşəli Azərbaycanın dünya tərəfindən yaxından
tanınması və ölkəmizin dəyərlərinin təbliği
üçün mühüm
addım oldu. Bütün
dünya Azərbaycanın sülhsevər
və dinamik inkişaf
edən ölkə olduğunu gördü.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 6 iyun.- S. -1, 5.