Beynəlxalq kənd təsərrüfatı
forumu keçirilib
Milanda “Expo-2015” dünya sərgisi çərçivəsində Beynəlxalq kənd təsərrüfatı forumu keçirilib. Beynəlxalq forumda Azərbaycanı kənd təsərrüfatı naziri Heydər Əsədovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.
BMT-nin “Ərzaq və kənd təsərrüfatı təşkilatı”nın himayəsi ilə “Kənd təsərrüfatı planeti qidalandırır” devizi altında keçirilən və dünyanın əksər ölkələrinin kənd təsərrüfatı nazirləri səviyyəsində iştirakçısı olduğu bu beynəlxalq forumda BMT-nin baş katibi Pan Gi Mun, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva, İtaliyanın kənd, meşə təsərrüfatı və qida naziri Maurizio Martina, Avropa İttifaqının kənd təsərrüfatı və kənd təsərrüfatının inkişafı üzrə komissarı Fil Hoqa və başqaları çıxış edib. Çıxışlarda vurğulanıb ki, hazırda bəşəriyyətin üzləşdiyi ən böyük problemlərdən biri aclıq və yoxsulluqdur. Aclıq və yoxsulluqla mübarizə BMT başda olmaqla, bu sahəyə cavabdeh dünya qurumlarının, o cümlədən ayrı-ayrı dövlətlərin üzərinə böyük vəzifələr qoyur. Natiqlər, eyni zamanda, ekoloji cəhətdən təhlükəsiz və təmiz kənd təsərrüfatı məhsullarının istehsalına xüsusi diqqət göstərilməsinin əhəmiyyətindən də bəhs ediblər. Vurğulanıb ki, bu, həm əhalinin sağlamlığı, həm də ətraf mühitin qorunması baxımından önəmlidir.
Azərbaycan Respublikası kənd təsərrüfatının inkişafına xüsusi diqqət yetirir. Bu və analoji beynəlxalq konfranslarda qaldırılan məsələlər artıq illərdir ki, ölkəmizdə kənd təsərrüfatı sektorunun əsas prioritetlərindən elan olunub. Prezident İlham Əliyev Azərbaycanda kənd təsərrüfatının daha da səmərəli, müasir elmi-texniki nailiyyətlərin tətbiqi əsasında inkişafının təmin edilməsi məqsədi ilə tapşırıqlar verməklə yanaşı, müvafiq qərarlar da qəbul edib.
Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədov “Milan Expo-2015”-də ölkəmizin pavilyonunda uruqvaylı həmkarı Tabare Aquerre ilə görüşüb. Görüşdə hər iki ölkənin kənd təsərrüfatı qurumları, biznes dairələri arasında səmərəli əməkdaşlıq imkanlarının olduğu vurğulanıb. Bu əməkdaşlıq həm ticari, həm də qarşılıqlı sərmayələr yatırmaq baxımından çox önəmlidir.
Qeyd edək ki, “Milan Expo-2015”-də Azərbaycan pavilyonunda ölkəmizin malik olduğu yüksək dəyərlər əcnəbilərə təqdim edilir.
Maqsud DADAŞOV,
AZƏRTAC-ın xüsusi müxbiri
Milan
Azərbaycan. - 2015.- 7 iyun.- S.11.