Yeni Azərbaycan Partiyasının regional inkişaf və yerli özünüidarə
komissiyasının iclası keçirilib
İyunun
6-da Yeni Azərbaycan Partiyasının regional inkişaf və
yerli özünüidarə komissiyasının iclası
keçirilib.
AZƏRTAC xəbər verir ki, komissiyanın sədri, YAP İdarə Heyətinin üzvü Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib. Bildirilib ki, iclasda YAP-ın regional inkişaf və yerli özünüidarə komissiyasının 2015-ci il üçün iş planının və “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında” məsələnin müzakirəsi nəzərdə tutulur.
Qeyd edilib ki, Azərbaycan əlamətdar hadisə ərəfəsindədir. İyunun 12-də ölkəmizdə ilk Avropa Oyunları start götürəcək. Bu, həm ölkəmizin, həm də bütövlükdə Avropanın tarixində mühüm hadisədir.
Komissiyanın 2015-ci il üçün iş planı haqqında məlumat verən sədr deyib ki, iclasda il ərzində ölkəmizə qarşı aparılan böhtan kampaniyaları ilə bağlı partiyanın yerli strukturlarının fəaliyyəti, yəni onların bu kampaniyalara qarşı mübarizəsi, Milli Məclisə seçkilərlə əlaqədar qarşıda duran vəzifələr, bələdiyyələrin maliyyə imkanlarının artırılmasında yerli (bələdiyyə) vergilər və ödənişlərin toplanması vəziyyəti barədə məsələlərin müzakirə olunması nəzərdə tutulur.
Komissiya üzvləri 2015-ci ilin iş planını təsdiq ediblər.
Sonra “Bakı-2015” birinci Avropa Oyunlarına hazırlıqla bağlı könüllülər hərəkatının inkişafında YAP Nizami rayon təşkilatının fəaliyyəti haqqında” məsələ müzakirə olunub. YAP Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva bu haqda məlumat verib.
Məsələnin müzakirəsi zamanı çıxış edən YAP-ın regional inkişaf və yerli özünüidarə komissiyasının sədr müavini, YAP Siyasi Şurasının üzvü Əlibaba Əliyev, komissiya üzvləri - Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov, Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayev, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov, Milli Məclisin deputatları Azər Badamov, Rüstəm Xəlilov və digərləri partiyanın Nizami rayon təşkilatının bu yöndəki fəaliyyətini təqdir ediblər. Məsələ ilə bağlı bir sıra təkliflər də irəli sürülüb.
Müzakirələrin sonunda YAP-ın regional inkişaf və yerli
özünüidarə komissiyası “Bakı-2015” birinci Avropa Oyunlarına
hazırlıqla bağlı könüllülər hərəkatının
inkişafında YAP Nizami rayon
təşkilatının fəaliyyəti haqqında” qərar
qəbul edib. Qərarda YAP Nizami rayon təşkilatının
bu istiqamətdəki fəaliyyəti
müsbət qiymətləndirilib.
Azərbaycan. - 2015.- 7 iyun.- S.11.