Rabitə
və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyası birinci
Avropa Oyunları ilə bağlı qərar
qəbul edib
Rabitə və Yüksək
Texnologiyalar Nazirliyinin
(RYTN) Kollegiyası “Bakı-2015” birinci Avropa Oyunlarının telekommunikasiya,
internet, mobil və
radiorabitə xidmətləri, radiotezliklərlə təminatı,
informasiya təhlükəsizliyi, telekommunikasiya şəbəkə və
obyektlərinin dayanıqlığının hazırlıq vəziyyəti
haqqında qərar qəbul edib.
Nazirliyin
mətbuat xidmətindən AZƏRTAC-a bildirilib
ki, qərara əsasən, sadalanan
istiqamətlər üzrə görülmüş
işlərin lazımi səviyyədə yerinə yetirilməsi
və başa çatdırılması
nəzərə alınmalıdır.
Qərarda qeyd
olunur ki, birinci Avropa Oyunlarına
hazırlıq ərəfəsində və oyunların
keçiriləcəyi müddətdə nazirliyin
öhdəliklərinin lazımi səviyyədə icra edilməsi nəzarətdə
saxlanılacaq. İyunun 30-dək oyunlarla əlaqədar “Qaynar
xətt” xidməti fəaliyyət göstərəcək.
“Bakı 2015” birinci Avropa
Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) İnteqrasiya qrupunun
iclaslarında iştirak təmin ediləcək
və müvafiq qərarlar üzrə tədbirlər
görüləcək. Nazirliyin birlik və müəssisələrinə, mobil və özəl telekommunikasiya
operatorlarına BAOƏK-lə razılaşdırılaraq
göndərilmiş müvafiq
tapşırıqların icrasına ciddi
nəzarət ediləcək. BAOƏK-in Texniki
Əməliyyat Mərkəzinin fəaliyyəti nəzarətdə
saxlanılacaq və nazirliyin öhdəlikləri
üzrə yarana biləcək problemlərə
dair operativ tədbirlər
görüləcək. Bakı şəhərinin zəruri ərazilərində
“Wi-Fi” xidmətlərinin keyfiyyətinə
nəzarət təmin olunacaq. Mobil rabitə xidmətləri üzrə
aparılmış monitorinqin nəticələrinin
aradan qaldırılması üzrə tədbirlər
görüləcək. Birinci Avropa Oyunları ilə əlaqədar olaraq BAOƏK-ə ayrılmış tezliklərin
müdafiəsi və efirin monitorinqinin aparılması üzrə tədbirlər
ciddi nəzarətlə davam
etdiriləcək. Oyun və təşkilati
məkanlara çəkilmiş optik və
mis kabellərin normal
fəaliyyəti, mühafizəsi təmin ediləcək və
ciddi nəzarətdə saxlanılacaq, bu məkanlara çəkilmiş stasionar telefonların normal
işi təmin olunacaq.
Birinci Avropa
Oyunlarının “Azerspace-1” peyki üzərindən
yayımının təşkilinə ciddi
nəzarət ediləcək. Mingəçevir Kür İdman Mərkəzinin
və Atletlər kəndinin BAOƏK-in Bakı şəhərində
qurulmuş data mərkəzləri
və Beynəlxalq Yayım Mərkəzi ilə keyfiyyətli
rabitəsinə və magistral kabellərin
mühafizəsinə ciddi nəzarət olunacaq. Xüsusi Dövlət
Mühafizə Xidmətinin Xüsusi Rabitə
və İnformasiya Təhlükəsizliyi
Dövlət Agentliyi tərəfindən
dövlət və strateji saytların
mühafizəsinin və “Tetra” radio avadanlığının işi
nəzarətdə saxlanılacaq. “Delta Telekom Ltd” MMM tərəfindən
oyunlara tələb olunan
internetin tutumunun və
təhlükəsizliyinin təmin ediləcəyi barədə
kollegiyaya təqdim edilmiş
təqdimat nəzərə alınacaq. Elektron
Təhlükəsizlik Mərkəzi İSP-lərin internet xidmətlərinin təhlükəsizliyinin
təmin olunması üzrə işləri davam
etdirəcək. “Azercell Telekom”
MMC, “Bakcell” MMC və “Azrefon”
MMC respublika ərazisində və magistral avtomobil
yollarında, xüsusilə oyun və təşkilati
məkanlarda “2G”, “3G”, “4G” mobil xidmətlərinin
yüksək keyfiyyətlə göstərilməsini təmin
edəcək. Qərarın icrasına nəzarət rabitə
və yüksək texnologiyalar nazirinin birinci müavini İltimas Məmmədova
tapşırılıb.
Azərbaycan.- 2015.- 6 iyun.- S. 3.