I Avropa Oyunları Afrika qitəsinin daha 25 ölkəsində yayımlanacaq

 

“Bakı-2015” I Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) “Fox Sport Africa” teleyayım şirkəti ilə müqavilə imzalayıb. Bu müqavilə I Avropa Oyunlarının Afrika qitəsinin daha 25 ölkəsində yayımlanmasını təmin edəcək.

Ötən ilin oktyabrında Ərəb Dövlətləri Yayım Birliyi ilə imzalanmış müqavilə Yaxın Şərq dövlətləri ilə yanaşı, Şimali Afrika ölkələrinin idman azarkeşlərinin də “Bakı-2015”i izləməsinə imkan verəcək. Yeni müqavilə isə Oyunların Afrika qitəsinin daha böyük hissəsinə yayımlanmasına şərait yaradacaq.

Kabel televiziyası olanFox Sport Africa” yarışları, eləcə də açılış və bağlanış mərasimlərini “Fox Sport” və “Fox Sport-2” kanalları ilə ingilis və fransız dillərində yayımlayacaq.

Bununla da, Oyunların Avropadan kənarda yayımlanacağı ölkələrin sayı 75-ə çatıb. Bu da yarışların qeyri-Avropa ölkələrində 579 milyon evdə izlənməsinə şərait yaradacaq.

BEGOC-un əməliyyatlar üzrə baş direktoru Saymon Kleq yeni yayım müqaviləsi ilə bağlı bildirib ki, Afrika dünya idmanı üçün çox mühüm əhəmiyyət kəsb edən qitə və ticari baxımdan inkişaf edən bazardır. Bu tədbir I Avropa Oyunları olduğu üçün yararlana biləcəyimiz mövcud təcrübə yoxdur. Lakin yeni tərəfdaşımız “Fox Sport Africakimi dünya yayımçıları tərəfindən Oyunlara böyük maraq göstərilməsindən məmnunuq. Açılış mərasiminə bir həftə qalmış Oyunların sehrini dünyanın bütün qitələrində paylaşacağımızı bilmək bizə qürur verir.

Fox Sport Africateleviziya şirkətinin kanallar üzrə direktoru Kristian Serimel də müqavilə ilə bağlı fikirlərini bölüşərək deyib: “Biz daim tamaşaçılarımıza yeni və maraqlı idman tədbirləri təqdim etməyə çalışırıq. “Bakı-2015” ilk Avropa Oyunlarının Afrikada da böyük maraqla izlənəcəyinə əminəm. Mötəbər idman tədbiri beynəlxalq marağa sahib olur. Biz dünya idman tarixinin yeni və önəmli tədbirinin bir qolu - “Bakı-2015”in tərəfdaşı olmaqdan qürur duyuruq”.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.