Albaniya mətbuatı “Bakı-2015” I Avropa Oyunlarından yazır

 

Albaniyanın “rtklive.org” xəbər portalında iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunları, eləcə də ölkəmizin keçdiyi inkişaf yolu ilə bağlı məqalə yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın coğrafi ərazisi, siyasi, iqtisadi və mədəni həyatı ilə bağlı məlumat verilən yazıda ölkədə azsaylı xalqların və müxtəlif dinlərin nümayəndələrinin tolerantlıq şəraitində yaşadıqları vurğulanır. Sovet imperiyasının dağılmasından sonra Azərbaycanın Ermənistan və erməni separatçıları ilə mübarizə apardığının bildirildiyi məqalədə Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağda və ətraf ərazilərdə cinayətkar əməllərindən də bəhs olunur.

Yazıda daha sonra Azərbaycanın regionun güclü iqtisadi mərkəzlərindən olduğu vurğulanır, ölkə iqtisadiyyatının təkcə neftqazdan asılı olmadığı diqqətə çatdırılır. Ölkənin beynəlxalq təşkilatlarla münasibətləri qeyd edilərək BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvlüyü ilə bağlı məlumatlar diqqətə çatdırılır. Sayt 2012-ci ildə Bakıda keçirilən “Eurovision” beynəlxalq mahnı müsabiqəsinə, bir neçə gündən sonra isə start götürəcək I Avropa Oyunlarına diqqət çəkir. Oyunların geniş miqyasından və möhtəşəm idman hadisəsi ilə  tarix yazılacağından bəhs edilir.

Məqalədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Böyük Britaniyanın “The Guardian” qəzetinə müsahibəsindən sitat gətirilərək idmanın və mədəniyyətin əhəmiyyəti vurğulanır. Nazirə istinadən bildirilir ki, idman müxtəlif xalqların nümayəndələrinin yaxınlaşması üçün böyük potensiala malikdir.

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.