“Cyprusscene.com” saytı “Bakı-2015”-dən yazır

 

“Cyprusscene.com” saytında “Azərbaycanda ilk Avropa Oyunlarının sevinci” adlı məqalə yayılıb. Saytda həmçinin “Bakı-2015”lə bağlı iki videoçarx yerləşdirilib.

Məqalədə vurğulanır ki, Böyük Britaniyanın 153 idmançısı 13 fərqli idman növündə “Bakı-2015” Avropa Oyunlarında mübarizə aparacaq.

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin böyük nailiyyət olduğu vurğulanan məqalədə deyilir: Bu qərara imza atanlar yanılmayıblar. Çünki sürətlə gedən iqtisadi inkişaf həyatın bütün sahələri ilə yanaşı, idman sahəsində də güclü maddi-texniki bazanın, eləcə də beynəlxalq yarışlarda, dünya çempionatlarında qələbələr qazanmaqda Azərbaycan idmançıları üçün güclü stimulun yaranmasına səbəb olub”.

Məqalədə ilk Avropa Oyunlarına hazırlıq işlərindən danışılır, Oyunların keçiriləcəyi idman qurğularının dünya standartlarına cavab verdiyi qeyd olunur. Vurğulanır ki, ilk Avropa Oyunları üçün Bakıda Qafqazda ən böyük Olimpiya stadionu tikilib. Azərbaycan bu idman yarışına dostluq, birlik tədbiri kimi yanaşır.

Məqalədə I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın Fransanın Kann şəhərində “Bakı-2015”in təqdimatı zamanı çıxışından fikirlərə də yer verilir: Bu vaxta qədər Avropa Oyunları heç zaman keçirilməyib və belə oyunları tarixə ilk Avropa Oyunları kimi daxil olan yarışmaları qəbul etmək, hazırlamaq və keçirmək bizim üçün, Azərbaycan üçün ən böyük şərəfdir və həm də böyük məsuliyyətdir. Bu gün Azərbaycan dünyada idman məkanı kimi tanınır. İdmana dəstək, Olimpiya hərəkatına dəstək dövlət siyasətinin əsas istiqamətlərindən biridir”.

Məqalədə aprelin 26-da Prezident İlham Əliyevin “Atəşgah”da “Bakı-2015” ilk Avropa Oyunlarının məşəlini alovlandırması mərasimi haqqında da məlumat verilir.

 

AZƏRTAC

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.9.