Sivilizasiyaların daşlaşmış tarixi məkanı da festival təntənəsini yaşadı

 

Adının mənşəyi və anlamı barədə müxtəlif tədqiqatçılar tərəfindən fərqli fikirlər söylənilən Qobustan - sivilizasiyaların daşlaşmış tarixi məkanı da iyunun 6-da “Bakı-2015” I Avropa Oyunlarının idman məşəli ilə nura qərq edildi. Bu müqəddəs məkan haqqında bilmədiyimiz çox tarixi həqiqətlər vardır. Qobustan qobular diyarı, ucsuz-bucaqsız düzənlik, saysız-hesabsız təpələr arasında torpaq uçqunlarından əmələ gəlmiş yarğanlar və dərələrdən ibarət, qayalarda tarixi yaşadan qədim məkan, maraqlı coğrafi relyefə malik yerdir.

Başqa bir versiyaya görə isə bu yerlərin adı Kəbristan olub ki, oda sitayiş edənlərin diyarı kimi anlaşılmaqdadır. Deyirlər ki, bu yerlərdə atəşpərəstər yaşadığı üçan ərazi Kəbristan adlandırılıb.

“Bakı-2015”-in məşəlinin I Avropa Oyunlarının keçiriləcəyi paytaxt Bakıya daxil olmamışdan əvvəl son dayanacağı Qobustan Milli Tarix-Bədii Qoruğu oldu.

Qobustan Milli Parkı açıq səma altında qoruq-muzeydir. Dünya əhəmiyyətli abidə kimi, o, 2007-ci ilin iyununda UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilib. 2011-ci ildə istifadəyə verilən, ümumi sahəsi 2 min 460 kvadratmetr olan muzeyinzibati bina kompleksi innovativ metodlarla əks olunan məlumat bazaları ilə Qobustan ziyarətçilərini heyran qoyur. Xüsusi multimedia proqramları olan sensor ekranlarda maarifləndirici və əyləncəli oyunlar, interaktiv stendlər, 3D filmsair nümayiş etdirilir. Burada 360 dərəcə dövr edən xüsusi aparatla istənilən abidəni izləmək mümkündür. Muzeyin fondunda 100 mindən çox arxeoloji material toplanıb.

Məşəlin işıq saldığı 283 kvadratmetr sahədə 2 teleskopun quraşdırıldığı müşahidə meydançası var. Qobustan qoruğunda 6000-dən artıq qayaüstü təsvir aşkar olunub, 40-dan çox kurqan və 20-ə yaxın qədim yaşayış məskəni qeydə alınıb, 105 min maddi-mədəniyyət əşyaları elmi cəhətdən tədqiq edilib.

Arxeoloji muzeyin qarşısından məşəl estafetinin paytaxt Bakıdan kənar son mərhələsi başlandı. 2 kilometrədək məsafəni əhatə edən estafet yürüşünü “Sabahın alimləri” müsabiqəsinin, tarix fənni üzrə olimpiadanın və “Heydər Əliyev-92” inşa müsabiqəsinin qalibi Səbinə Qədirova başladı. Estafet yürüşündə Minəxanım Bayramova, Aysel İsmayıllı, İmran Həsənov, Nilgün Məhərrəmova, Adil Əliyev, Süleyman Mahmudov, Kamilla Bayramova, Elxan Əliyev kimi ictimai fəallar, vətənpərvər gənclər iştirak etdilər. Yürüşü yol üzərində qurulmuş səhnəyə çıxaraq “Bakı-2015”-in daha bir çırağını alovlandıran beynəlxalq müsabiqə laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova başa çatdırdı.

Mərasim “Bakı-2015”-ə həsr olunmuş bədii proqramla davam etdirildi. Qobustan qayalıqları bəlkə də tarixdə belə xoş növrağın şahidi olmamışdı. “Bakı-2015”-in məşəli ilə yandırılan çırağı Qobustan Milli Tarix-Bədii Qoruğunun bələdçisi Nərmin Hüseynli muzeyə təqdim etdi.

Məşəl estafetinin iştirakçısı Leyla Zeynalova təəssüratlarını bölüşərək bildirdi ki, belə tarixi bir günü yaşadığından özünü xoşbəxt sanır: “Çox gözəl gündür. Açığı, çox həyəcanlıyam. Min illərin səs-sorağı olan bu tarixi məkanda məşəlçi olmaq, I Avropa Oyunlarının rəmzini daşımaq və səhnədə çırağı yandırmaq böyük şərəfdir. Avropa Oyunlarının ölkəmizdə keçirilməsinə görə çox sevinirəm. Çünki bu idman yarışları ölkəmizin şöhrətini artıracaq. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Minilliklərdən soraq verən “danışan qayalar”ın daş yaddaşında yatan tarixin səhifələri dünən bir daha vərəqləndi. Bu, həm də mədəniyyətimizin zənginliyinin dünyaya təqdimatı idi.

Qobustan petroqlifləri keçmişin bədii səlnaməsidir. Onlar həm ibtidai bəşər tarixini, həm də qədim incəsənətin bir çox sahələrinin, qrafikanın, musiqinin, rəqsin, daş emalı sənətinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

Buradakı abidələr üst paleolit dövrünün sonundan başlayaraq eramızadək, təxminən 20 min illik dövrü əks etdirir.

Qobustan Milli Tarix-Bədii Dövlət Qoruğu dünya əhəmiyyətli unikal abidədir və 2007-ci ildə UNESCO-nun Ümumdünya Maddi-Mənəvi İrs Siyahısına daxil edilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 avqust 2001-ci il tarixli qərarı ilə dünya əhəmiyyətli abidə kimi qorunur.

Açıq səma altında muzey kimi fəaliyyət göstərən Qobustan Milli Tarix-Bədii Qoruğundakı qayaüstü rəsmlər dünya alimlərinin də diqqətini cəlb edir.

2004-ci ilin oktyabr-noyabr aylarında Bakıda UNESCO-nun dəstəyi ilə Qobustan Dövlət Tarix-Bədii Qoruğunun bazasında “Bəşəriyyət üfüqində dialoq” adlı beynəlxalq seminar keçirilib. Görülən məqsədyönlü işlərin nəticəsində bu dünya əhəmiyyətli abidə 2007-ci ilin iyun ayında Yeni Zellandiyanın Kraystçorç şəhərində keçirilən UNESCO-nun növbəti sessiyasında Ümumdünya Mədəni İrs Siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 12 iyun 2007-ci il sərəncamına əsasən Qobustan Dövlət Tarix-Bədii QoruğunaMillistatus verilib.

Qeyd etmək lazımdır ki, milli status aldıqdan və UNESCO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edildikdən sonra qoruğa olan maraq beynəlxalq elmi ictimaiyyət tərəfindən daha da artmış, eyni zamanda gələn turistlərin sayı xeyli çoxalmışdır.

...Beləliklə, “Bakı-2015”-in məşəli Qobustan Milli Parkından bayramsayağı bəzədilən, qədim olduğu qədər də yeniləşən, gözəlləşən paytaxt Bakıya qayıtdı. İyunun 7-dən-12-dək paytaxtın gəzməli-görməli yerlərini dolaşacaq məşəl estafetlər sırasına birini də əlavə etdi.

Budur, Azərbaycan torpağında ilk Avropa Oyunlarının məşəl estafetlərindən daha biri tarixə qovuşdu. Lakin onun nurunda tariximizin daha dərin qatlarına işıq salındı.

 

Məhəmməd NƏRİMANOĞLU,

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.8.