İDMANIN İNKİŞAFININ AZƏRBAYCAN MODELİ

 

Bəşəriyyəti yaşadan onun inkişafıdır.

İnkişaf - geniş təkrar istehsaldır, hər il əvvəlkindən daha çox ÜDM-in əldə edilməsidir.

Müharibələrə ona görə bəşəriyyətin bəlası deyilir ki, hərbi əməliyyatlar dövründə mövcud olan hər şey yandırılır, dağıdılır. Üstəlik insanlar yaşayışı təmin edəcək zəruri işlərlə lazımınca məşğul ola bilmirlər. Əkinçi əkindən qalır, fəhlə çəkic yerinə silah götürməli olur, insanlar rahat həyatlarından, ev-eşiklərindən zorla ayrılaraq qaçqına çevrilirlər.

Dağıtmaq asandır, çox asan!

Hazırda dünyada toplanmış müxtəlif növ silahlar və sursatlar Yer kürəsini bir neçə dəfə məhv etməyə çatır!

Qurmaq, istehsal etmək və ilbəil insanların həyatını və güzəranını yaxşılaşdırmaq isə o qədər də asan deyil!

Müstəqillik yoluna qədəm qoyan Azərbaycan sülh və inkişaf yolunu tutub. Doğrudan, onun ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilib, 20 min övladı qətlə yetirilib və bir milyondan çox vətəndaşı qaçqına və məcburi köçkünə çevrilib. Amma yenə məsələnin sülh yolu ilə həllinə çalışır. Bu, mümkün olmadıqda isə kifayət qədər güclü və modern ordusu, geniş iqtisadi imkanı və potensialı var.

Azərbaycan müstəqillik qazandıqdan sonra sərbəst bazar iqtisadiyyatı yolunu seçdi. Xalqın arzu və tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə qayıtması, onun tarixən qısa müddətdə həyata keçirdiyi tədbirlər, gördüyü işlər, ölkədə yaratdığı möhkəm sabitlik Azərbaycanın müstəqilliyini əbədiliyə çevirməklə yanaşı, ölkənin dayanıqlı inkişafını da təmin etdi. “Əsrin müqaviləsi” neft kontraktının imzalanması, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin çəkilməsi, ilkin neftin istehsalı və dünya bazarına çıxarılması Azərbaycan iqtisadiyyatının inkişafının təməl daşına çevrildi. Uğurlu islahatlar aparıldıqca, onların bəhrələri göründükcə digər sahələrin inkişafına da ciddi diqqət yetirilirdi. Azərbaycan tam müstəqil dövlət kimi fəaliyyət göstərdiyindən daxili və xarici siyasətini özü müəyyənləşdirir, bu halda yalnız milli və dövləti maraqlar əsas götürülürdü.

Ulu öndər Heydər Əliyev həmişə gənc nəslin təlim-tərbiyəsinə xüsusi diqqət və qayğı göstərirdi. Müstəqil dövlətin gənclər siyasətinin müəyyənləşdirilməsi, “Gənclər siyasəti haqqında” xüsusi qanunun qəbulu bu sahədə uzunmüddətli fəaliyyətin təməlinə çevrildi. Cənab İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ölkədə idmanın güclü və sürətli inkişafına təkan verməklə bərabər, idman sahəsinin də inkişafının Azərbaycan modelinin yaranmasının başlanğıcına çevrildi!

Heydər Əliyevin siyasi kursunun ən layiqli davamçısı olaraq cənab İlham Əliyevin Azərbaycan Prezidentliyinə başlaması görülən işlərin yeni mərhələsi sayıla bilər. Bunu 2003-cü ildən sonra Azərbaycanın qazandığı qeyri-adi iqtisadi uğurlar, dünya siyasi xəritəsində yerini və mövqeyini möhkəmləndirməsi, mədəniyyət və mənəviyyatın inkişafında qazandığı uğurlar da təsdiq edir. Cənab İlham Əliyevin düşünülmüş, sürətli və davamlı inkişaf konsepsiyası əsasında formalaşan inkişafın Azərbaycan modeli artıq dünya tərəfindən qəbul edilərək maraqla öyrənilməkdədir. Bu modelin özünəməxsus xüsusiyyətləri və cəmiyyət həyatının bütün cəhətlərini əhatə edən parametrləri də vardır. Şübhəsiz, inkişafın Azərbaycan modelində idmanın yüksəlişinə də xüsusi diqqət və yer ayrılmışdır. Ancaq son illər Azərbaycan idmanının inkişafı sahəsində görülən çoxcəhətli işlər, ölkəmizin dünya idmanına verdiyi zəngin töhfələr idman sahəsində inkişafın yeni, məhz Azərbaycana məxsus modelin yarandığını söyləməyə əsas verir.

Yeni model iki mühüm mənbədən qaynaqlanır. Bunlardan birincisi, ulu öndər Heydər Əliyev tərəfindən hələ sağlığında müəyyənləşdirilən və bu gün də uğurla davam etdirilən müstəqil Azərbaycanın gənclər siyasətidir. İkincisi, cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra bu sahədə həyata keçirdiyi ardıcıl, düşünülmüş və məqsədyönlü tədbirlərdir. Məhz həmin tədbirlər qısa müddət ərzində Azərbaycanı dünyanın idman dövlətlərindən birinə çevirmişdir.

Yeni idman modelinin formalaşması prosesi də maraqlı məqamlarla zəngin olmuşdur. Şübhəsiz, bunun əsasında Azərbaycanın sürətli iqtisadi yüksəlişi və gənclərlə iş sahəsinə kifayət qədər vəsait ayrılması dayanır. Modelin özəyində milli ənənələrin qorunması dayanır.

Ötən əsrin 90-cı illərinin əvvəllərində, müstəqilliyin ilk illərində Azərbaycan idmanı da böhran dövrünü yaşayırdı. Müxtəlif ranqlı yarışlara dəvət alan komandalar və ayrı-ayrı idmançılar vəsait yoxluğu üzündən iştirak edə bilmir, idman formasını itirirdilər. Adlı-sanlı idmançılar və məşqçilər başqa ölkələrə gedir, əcnəbi komandaların tərkibində iştirak edirdilər. Sovet dövründən qalan idman qurğuları köhnələrək sıradan çıxmış, respublikanın bir nömrəli futbol stadionu, velotrek alverçilərin ixtiyarına verilərək “tolkuçka”ya çevrilmişdi. Eyni zamanda, bir neçə istiqamətdə fəaliyyət göstərmək lazım gəlirdi. Böyük enerji və işgüzarlıqla işə başlayan cənab İlham Əliyev Azərbaycanda idmanın kütləviləşməsi və əvvəlki dövrdəkindən də yüksək səviyyəyə qaldırılması üçün qısa zaman kəsiyində çox böyük işlər gördü. İndiyədək davam edən bu işlər bütövlükdə Azərbaycanda idmanın inkişafının yeni modelinin yaranması ilə nəticələndi.

***

Artıq oturuşmuş hesab edilən bu model özünü tam şəkildə doğruldaraq Azərbaycanı I Avropa Oyunlarının təşkilatçısı səviyyəsinədək yüksəltmişdir. İdmanın inkişafının Azərbaycan modelinin xarakterik xüsusiyyətlərini diqqətə çəkmək istəyirik.

UNİKALLIĞI VƏ SƏMƏRƏLİLİYİ İLƏ SEÇİLƏN BU MODELDƏ:

* Uşaq idmanının inkişafına xüsusi fikir verilir, yeniyetmələrin və gənclərin daim idmanla məşğul olmaları üçün zəruri şərait yaradılır, beləliklə, böyüklərdən ibarət yığma komandaya müntəzəm şəkildə yeni qüvvələrin gəlməsi təmin edilir;

nMərkəz və əyalət bölgüsü yoxdur. Respublikanın bütün regionlarında gənclərin idmanla məşğul olmalarına hər cür şərait yaradılır. İndiyədək bölgələrdə qırx Olimpiya idman kompleksi tikilərək istifadəyə verilmişdir;

* Yeni idman arenalarının, stadionların tikilməsi, ən müasir idman qurğuları və avadanlığı ilə təmin edilməsi diqqət mərkəzində saxlanılır. Son dövrlərdə məşq və yarışların keçirilməsinə imkan verən yeni obyektlərin siyahısına baxmaq kifayətdir: Bakı Olimpiya Stadionu, “Kristall Hall”, Bakı Su İdman Sarayı, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Avropa Oyunları Parkı, Velopark, Heydər Əliyev adına İdman-Konsert Kompleksi, Müvəqqəti Basketbol Arenası;

* Ayrı-ayrı ölkələrdə müxtəlif idman növləri daha çox inkişaf edir. Ənənəvi hesab edilən belə növlər üzrə məşqçilər daha təcrübəli, idmançılar isə daha bacarıqlı sayılır. Həmin növlər üzrə məşğul olan Azərbaycan idmançılarının belə dövlətlərdə təlim-məşq keçmələri yüksək effekt verir. Odur ki, belə təcrübədən istifadə olunur;

* Azərbaycanda idman məşqçilərinin işləməsinə və yaşamasına yaradılan şərait olduqca cəlbedicidir. Odur ki, dünyanın tanınmış mütəxəssisləri ölkəmizdən gələn dəvəti həvəslə qəbul edirlər. Əcnəbi mütəxəssislərin bizdə işləməsi təkcə idmançıların ustalıq səviyyəsinin artmasına kömək etmir, həm də yerli məşqçi korpusunun da təcrübə toplamasına şərait yaradır;

* Artıq dünyanın tanınmış və yaxşı nəticə göstərməyə qabil idmançıları Azərbaycan bayrağı altında yarışmağı özlərinə şərəf bilirlər. Ölkəmiz bu təcrübədən də yararlanır. Regionerlərin dəvətlə gəlməsi yerlərdə rəqabət və öyrənmə mühitinin formalaşmasına müsbət təsir göstərir;

* Gənc idmançıların yetişdirilməsi, habelə idman formasının qorunub saxlanması üçün il boyu idmanın müxtəlif növləri üzrə yarışların keçirilməsinin xüsusi əhəmiyyəti vardır. Artıq belə yarışlarda iştirakçıların sayı çox olduğundan müəyyən təcrübə toplamaq da mümkündür. Beynəlxalq yarışlarda idmançılarımızın müntəzəm iştirakını da buraya əlavə etsək, idmançılarımızın qısa müddətdə ustalıqlarını artırmalarına münbit şərait yaradıldığını görərik;

* Ölkənin bir nömrəli yığma komandasının tərkibində yer almaqdan ötrü daim gərgin mübarizə gedir. Əslində, bu rəqabət il boyu dayanmır. Odur ki, hətta ən titullu idmançılarımız da daim məşq etməli, yığma komandadakı yerini qorumalı olur. Avropa və dünya birinciliklərinə hazırlıq mərhələsində mübarizə daha da kəskinləşir, beləliklə, yarışlara real nəticə verəcək idmançıların göndərilməsi təmin edilir;

* Modelin mühüm tərkib hissələrindən biri ölkədə sistemli və intensiv şəkildə yüksək əyarlı yarışların keçirilməsidir. Bu yarışlarda tamaşaçı qismində iştirak edən idmançılar da haçansa faydalı olacaq təcrübə yığır, gənclərdə isə idmanla məşğul olmağa həvəs artır;

* Azərbaycanda yarışlarda yüksək yer tutmaq, ölkə bayrağını dalğalandıraraq himnini səsləndirmək şərəfli sayılır. Belə idmançılar təkcə mənəvi cəhətdən yox, həm də maddi formada mükafatlandırılır. Dövlət başçısı belələrinə mənzil verir, onlar işlə də təmin olunurlar;

* Xüsusilə fərqlənən idmançılar dövlət mükafatları ilə də təltif edilirlər. İndiyədək ölkəmizdə onlarla idmançı orden və medallara, fəxri adlara layiq görülmüşdür;

* Azərbaycan idmançıları üçün ən böyük mükafat isə, şübhəsiz, verilən mükafatların şəxsən Prezident tərəfindən təqdim edilməsidir. Cənab İlham Əliyevlə idmançıların ildə bir neçə dəfə görüşməsi, beynəlxalq arenada yüksək nəticə qazananları dərhal qəbul edilərək onlara təbriklərini və ürək sözlərini çatdırması ənənəyə çevrilmişdir. Belə görüşlərin yaratdığı sonsuz ruh yüksəkliyi və növbəti qələbələrə ruhlandırması isə bütün idmançılar tərəfindən etiraf olunur;

* İdmançılarımız üçün ən böyük qələbə Olimpiya oyunlarında qazanılan mükafatlardır. Odur ki, idmançılarımız Avropa və dünya birinciliklərində ən yüksək yer tutsalar belə, daim Olimpiya oyunlarına köklənirlər. Görülən işlər, yaradılan şərait isə ilbəil yüksələn ürəkaçan nəticələrdə özünü göstərir.

Müstəqillik dövründə idmançılarımız müstəqil Azərbaycanın bayrağı altında beş - Atlanta, Sidney, Afina, Pekin və London Yay Olimpiya Oyunlarında iştirak etmişlər. Qazanılan mükafatların dinamikasına və medalların sayına nəzər saldıqda idmanın inkişafının Azərbaycan modelinin özünü tamamilə doğrultduğunu görürük. Əgər 1996-cı ildə Atlantada keçirilən Yay Olimpiya Oyunlarında cəmi bir gümüş medal qazanılmışdısa, London Olimpiyadasında idmançılarımız 2-si qızıl və 2-si gümüş olmaqla 10 medala sahib çıxdılar. Bu o deməkdir ki, 16 ildə nailiyyətlərimiz on dəfə artmışdır. Nəticədə Azərbaycan medal sayına görə 25-ci, xal hesabına görə 27-ci, qızıl əyarına görə isə 30-cu yeri tutmuşdur!

***

İndi I Avropa Oyunları ərəfəsindəyik. Hər il yüzlərlə, bəzən mindən çox müxtəlif əyarlı medal qazanan idmançılarımız çox iddialıdırlar. Bu da əbəs deyildir. Artıq dünyanın bir çox ölkələrinin idmançıları bizimkilərlə mübarizə aparmaqdan çəkinirlər. Xüsusən idmanın təkbətək yarış növlərində püşkatmada bizim idmançılarla qarşılaşmaları bəxtlərinə çıxanda bunu özləri üçün uğursuz sayırlar. Azərbaycan idmançılarını isə heç bir rəqib qorxutmur! Təki yarış ədalətli keçirilsin, hakimlər obyektiv olsunlar!

Adları iştirakçılar sırasına düşən idmançılar bunu təkcə şərəf və etimad kimi yox, həm də yüksək məsuliyyət olaraq qəbul edirlər.

Hamı istəyir ki, doğma divarlar arasında qələbə qazansın!

Özü də “qızıl” qələbə!

Əslində, bu, özünəməxsus tarix olacaqdır!

I Avropa Oyunlarının Bakıda keçirilən ilk yarışmasında qazanılan qələbə tarixdə qalacaqdır!

Qazanılan bütün qələbələr və medallar isə idmanın inkişafının Azərbaycan modelinin ən yaxşı təsdiqi sayılacaqdır!

Bunu təkcə idmançılarımız və onların azarkeşləri yox, bütün Azərbaycan xalqı səbirsizliklə gözləyir!

 

Bəxtiyar SADIQOV

 

Azərbaycan. - 2015.- 7 iyun.- S.1.