“Bakı-2015” Azərbaycanın haqq səsinin dünyaya yayılmasına böyük imkanlar yaradacaq

I Avropa Oyunlarına sayılı günlər qalır. Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi qürurverici hadisədir. Xalqımız böyük idman bayramını səbirsizliklə gözləyir. Çox yüksək səviyyədə aparılan hazırlıq işləri artıq tamamlanıb. Azərbaycan Prezidentinin təntənəli şəraitdə alovlandırdığı məşəl şəhər və rayonlarımızı gəzir, hər yerdə böyük coşquruh yüksəkliyi ilə qarşılanır.

İyun ayının 12-də başlanacaq və 17 gün davam edəcək I Avropa Oyunları bizə çox şey vəd edir?

Öncə onu deyək ki, hazırlıq prosesində ölkədə böyük quruculuq işləri görülüb, möhtəşəm stadion, idman obyektləri, hotellər tikilib, bütöv infrastruktur yaradılıb. Avropa Oyunları bitəndən sonra onlar hamısı xalqımıza qalacaq, Azərbaycan insanının istifadəsinə veriləcək. Ölkəyə on minlərlə turist gələcək, dünya Azərbaycanın turizm potensialı haqda məlumat alacaq, bu isə bu sahənin inkişafını stimullaşdıracaq. Mütəxəssislərin hesablamalarına görə, hər gələn turist orta hesabla 2 min dollar xərcləyəcək ki, bu da ölkəmizə iqtisadi mənfəət gətirəcək. İdman və turizmlə bağlı bir sıra sahələrin inkişafı yeni impuls alacaq, bu da təkcə Oyunlar zamanı yox, ondan sonra da uzun müddət öz effektini verəcək.

Xəbər verildiyi kimi, Avropa Oyunları zamanı ümumən 20 idman növü üzrə yarışma keçiriləcək. Yarışlar zamanı ölkəmizə 900-dən çox media nümayəndəsi, 6 min idmançı, on minlərlə azarkeşin gəlməsi gözlənilir. Onların vasitəsilə Azərbaycan həqiqətləri, əldə etdiyimiz nailiyyətlər, üzləşdiyimiz problemlər, Qarabağ və ətraf rayonların işğalı, 1 milyon əhalimizin qaçqın düşməsi haqda məlumatlar dünyaya bir daha çatdırılacaq. Translyasiya vasitəsilə Oyunları müxtəlif ölkələrdə 100 milyon tamaşaçı izləyə biləcək. Dünya ictimaiyyəti Azərbaycan, onun tarixi, mədəniyyəti, incəsənəti, iqtisadi inkişafı, erməni təcavüzü haqda doğru-dürüst məlumat alacaq, ölkəmizi daha yaxından tanıyacaq, uğurlu inkişafının şahidi olacaq. Bütün dünyanın gözü Azərbaycana dikiləcək. Bütövlükdə bu yarışma Azərbaycanın və onun iqtisadi inkişafının dünyada təbliğ edilməsi üçün çox gözəl fürsətdir. Bədnam qonşularımızla aramızda gedən informasiya müharibəsində Ermənistana və erməni lobbisinə qarşı çox gözəl psixoloji silahdır. Dost və tərəfdaşlarımızın sayı artacaq. Beləliklə, ölkəmizin imici beynəlxalq aləmdə yüksələcək, populyarlığı və nüfuzu artacaq, bu isə dövlətimizi gücləndirəcək, regiondadünyada mövqeyini daha da möhkəmləndirəcək.

Oyunlar Azərbaycanı dünyaya idman mərkəzi kimi də tanıdacaq. Bu isə ölkəmizin dünya idman məkanında yerinin yüksəlməsi deməkdir. Yarışlar Azərbaycanın özündə və regionda idmanın inkişafına yeni təkan verəcək. Böyük idman tədbirləri sülhə, əmin-amanlığa, dostluğa, dinc yanaşı birgəyaşayışa töhfə verir, insanları, xalqları və dövlətləri bir-birinə yaxınlaşdırır. Deməli, ölkəmiz bu işə də öz töhfəsini verəcək. Beləliklə, I Avropa Oyunları ölkəmizə iqtisadi, siyasi, ictimai, mənəvi və psixoloji dividendlər vəd edir, bu isə zaman və məkan baxımından bugünkü Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir.

 

Gövhər BAXŞƏLİYEVA,

Milli Məclisin deputatı, AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü

Azərbaycan.-2015.-  6 iyun.- S.5.