İlk Avropa Oyunları həm də mədəniyyətimizin təbliğidir

Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin sırasına əlavə edilən möhtəşəm “Bakı-2015”  I Avropa Oyunları nəinki  qitənin, hətta dünyanın diqqətini cəlb etməkdədir. Bunun bir sıra səbəbləri var. Əvvəla, idmana, sadəcə,  sağlamlıq kimi baxmaq doğru deyil, o, həm də mədəniyyət və incəsənət hadisəsidir. Burada fiziki və mənəvi güc sintezləşir. Demək, ölkəmizdə keçiriləcək ilk Avropa Oyunları həm də bizim bütövlükdə mədəniyyətimizin təsdiqi  və təbliği üçün  yaradılmış meydandır. Mədəniyyət və incəsənətimizin idmanla sintezinin nümayişi üçün doğrudan da, münbit şərait yaradılıb. Buna dövlətimizin mədəniyyət siyasətinin uğurla aparılması kimi baxmaq lazımdır.

İdman məşəlinin ölkəmizin bütün bölgələrini dolaşması  fərəhimizi qat-qat artırır! Buna təbii ki,  dövlətimizin və xalqımızın dostları sevinir, düşmənləri isə həsəd aparır. Axı, bu  həm də  müasir Azərbaycanın  siyasi, iqtisadi, sosial və mədəni inkişafının göstəricisi, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği deməkdir.

I Avropa Oyunlarına təsəvvüredilməz dərəcədə qısa bir müddətdə hazırlıq ilk növbədə respublikanın iqtisadi gücünü və ölkə rəhbərinin yüksək təşkilatçılıq imkanlarını əks etdirir. Bu, məncə, cahanşümul idman bayramı olacaq.

İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi göstərəcək ki, Azərbaycan güclü  dövlətdir. Bu Oyunlar Azərbaycanın sülhdemokratiya ölkəsi olduğunun əyani nümayişidir. Prezident İlham Əliyev çıxışlarının birində qeyd etmişdir ki, bu, Avropa Olimpiya Komitəsinin müsəlman əhaliyə malik Azərbaycanda keçirilməsi ilə bağlı son illər qəbul edilmiş ən müdrik qərarlarından biridir.

Oyunların Təşkilat Komitəsi Avropa Olimpiya Komitəsi ilə sıx əməkdaşlıq şəraitində iki il yarımdır ki, böyük idman tədbirini yüksək səviyyədə hazırlamaq üçün səylərini əsirgəməmişdir. Mövcud olan idman obyektləri müasir standartlara uyğun şəkildə yenidən qurulmuş, nəticə etibarı ilə ölkədə tamamilə müasir idman infrastrukturu yaradılmışdır. Onların arasında ən vacibi, əlbəttə, 68 min nəfərlik tamaşaçı tutumu olan Bakı Olimpiya Stadionudur ki, ilk baxışdan görünüşü ilə də  xoş təəssürat yaradır, göz oxşayır, paytaxtımızın müasirliyinə yeni bir çalar qatır.

Oyunların Bakıda keçirilməsinin digər mühüm səbəbi isə respublikamızın regionda lokomotiv dövlət rolunda çıxış etməsi, həmçinin Avropanın əsas enerji təchizatlarından birinə çevrilməsidir. Son vaxtlar Azərbaycan iqtisadiyyatı və elmi-mədəni potensialı elə səviyyəyə çatıb ki, indi sadəcə, Şərqlə Qərb sivilizasiyaları arasında körpü rolunu oynamır. Ölkəmiz bu sivilizasiyaların hər ikisinin daşıyıcısı olmaqla, multikulturalizm məkanına çevrilib. Azərbaycanda dinlərarası, mədəniyyətlərarası münasibətlər ən yüksək səviyyədə təmin edilib. Milli, etnik, dini müxtəliflik bizim böyük sərvətimiz və güc mənbəyimizdir. Bu baxımdan bizdəki zəngin mədəniyyət digər xalqlar üçün olduqca maraqlıdır. I Avropa Oyunları zamanı biz həm də zəngin mədəniyyətimizin təbliğinə imkan əldə etmiş oluruq.

Bu gün hər bir azərbaycanlıda məmnunluq doğuran milli eksteryerə malik tikililər, sosial infrastruktur obyektləri, mədəniyyət abidələri paytaxtımızın qonaqlarını heyrətləndirməkdədir. Dərin köklü milli ənənələrə malik xalqımız dünəninə güvənərək, gələcəyə inamla baxır.

Bu kimi beynəlxalq tədbirlərin keçirilməsi ölkənin tanıdılması baxımından olduqca vacib amillərdəndir.  Məsələ, əlbəttə, bununla da bitmir. Unutmayaq ki, Oyunlarla bağlı ölkəmizə turist axını daha da güclənəcək. Demək, bu tədbirin keçirilməsinin mahiyyəti həmçinin ölkəmizin turizm sektorunun inkişaf etdirilməsi deməkdir. Tədbirlər, həmçinin ölkəmizin mədəniyyəti, tolerantlığı, mətbəxi, qonaqpərvərlik ənənələrimizin təbliğ olunması baxımından da az əhəmiyyət daşımır. Bir sözlə, Azərbaycan dünyada parlayan bir turizm məkanı  təsiri də bağışlayır.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti də I Avropa Oyunlarına həsr edilmiş  müxtəlif tədbirlər, o cümlədən rəsm sərgiləri, konsert proqramları keçirib. Universitetin rəssamlıq fakültəsinin tələbələrinin əl işlərindən ibarət təşkil edilən sərgi ilk Avropa Oyunlarına həsr edilmişdir. Bu sərgi ölkənin bir sıra ali təhsil müəssisələrində nümayiş etdirilmişuğur qazanmışdır.

Eyni zamanda tələbələrimiz könüllülərin sıralarında olmaqla, bu mötəbər idman tədbirinin keçirilməsində yaxından iştirak edəcəklər. Ona görə də bu nüfuzlu  beynəlxalq idman tədbirinə böyük ruh yüksəkliyi ilə hazırlaşırlar. İnanırıq ki, 2012-ci ildə keçirilən  “Eurovision-2012” mahnı müsabiqəsi kimi,  ilk Avropa Oyunları da avropalıların yaddaşında silinməz iz qoyaraq, xalqımızın tarixinin növbəti şanlı səhifəsini yazacaq. Şərəfdir ki, Yunanıstan Olimpiya Oyunlarının vətəni sayıldığı kimi, Azərbaycanın da  adı ilk Avropa Oyunlarının keçirilmə məkanı kimi tarixə düşəcək.

 

Fərəh ƏLİYEVA,

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor

 

Azərbaycan.- 2015.- 6 iyun.- S. 5.