Məşəlimiz
Şuşaya da nur saçacaq
Azərbaycan! Adımız,
ünvanımız, fəxrimiz ana Vətən!
Sabahlara açılan pəncərəndən
daim nurlu şəfəq
süzülsün! Bugünkü
növrağına baxan, görən, duyan övladların necə də xoşbəxtdir!
Axı, dünyanın gözləri sənə dikilib: kimisi bu təmtərağından qürur
duyur, kim isə
paxıllıqdan qara yaxmağa
cəhd edir. Sənin haqqında
düşünürlərsə, demək, varsan!
Var ol, yaşa,
Azərbaycan! Heç zaman
Vətənimdən gözəl diyar
görmədim. Yanan çıraqların
nur, ocaqların istilik
paylayır cahana!
Zəngin mədəniyyətə malik xalqımızın tarixi
həm də keşməkeşli olub. Zaman-zaman yadellilər bu cənnət
məkanın təbii sərvətlərinə diş qıcayıb, torpaqlarını zəbt
etmək üçün illərlə çirkin siyasət yürüdüblər.
Qarış-qarış azalsa da, bərəkəti tükənməyən
torpağımızın qədrini bilib uğrunda canından keçərək -
şəhid olub övladları. Təki,
“Vətən yaşasın” - deyilib. Vətənimizi
və xalqımızı dünyaya təqdim
etmək üçün Tanrı bizə
dahilər, sərkərdələr, lider
və öndər bəxş edib.
Ümummilli
lider Heydər Əliyev, onun
siyasi kursunun layiqli davamçısı Prezident
İlham Əliyev xalqımızın yetirdiyi liderlər kimi
tarixə imza atdılar. Son
illər Azərbaycanın Avropa və dünyaya inteqrasiyası da
məhz Azərbaycan Prezidentinin məqsədyönlü
siyasətinin nəticəsidir. Bu gün Avropa
Azərbaycanı inkişaf etmiş dövlət olaraq
tanıyır və beynəlxalq miqyaslı tədbirlərin
ölkəmizdə keçirilməsini məqbul sayır. İlk Avropa
Oyunlarının Azərbaycanda keçirilməsi də
dövlətimizin hərtərəfli inkişafı, nüfuzu, bütün
istiqamətlərdə nəinki Avropaya,
dünyaya inteqrasiyasının təsdiqidir.
Bu, əlbəttə, inkişafın Azərbaycan
modelidir.
Planlı sosialist sistemi dağıldıqdan sonra
demokratik cəmiyyət quruculuğuna
keçən ölkəmiz müstəqilliyini digər
müttəfiqlərindən fərqli olaraq
əldə etdi. Qanı, canı
bahasına imperiya buxovlarından
qurtulmağı bacaran xalqımız həmin
dövrlərdə ağır günlər yaşasa
da, milli-mənəvi
varlığını qoruyub saxladı! Bunun üçün xalqımız ümummilli lider Heydər
Əliyevin qətiyyətinə, siyasi təfəkkürünə,
dünyagörüşünə, millətsevərliyinə
güvəndi, ulu öndəri
harayladı. Bu, həm də o zamanlar idi
ki, Ermənistan Dağlıq
Qarabağı Azərbaycandan qoparmaq, ərazilərini
işğala məruz qoymaq
üçün hər tərəfdən hücuma keçmiş, Xocalını yer
üzündən silmiş,
Şuşanı odlara qalamış,
Laçını “koridor”a
çevirmiş, Kəlbəcəri
mühasirəyə alıb, kəlbəcərliləri yerindən-yurdundan
didərgin salaraq, qarlı-qanlı Murovdağ aşırımında gülləbarana
tutmuşdu...
O illərin
ağrı-acılarını unutmaq mümkün olmasa da, düşmən tərəfindən Vətənimizin
və vətəndaşlarımızın sinəsinə vurulmuş yaraların sağalması üçün xalqa milli, dövlətə siyasi
lider gərək idi.
Bu
isə ulu öndər, ümummilli
liderlik missiyasını şərəflə
daşıyan Heydər Əliyev idi! Xalq ona görə Kəlbəcərin
işğalı günlərində səsini qaldıraraq “Bizi bu bəladan ancaq Heydər Əliyev xilas
edə bilər! Bizə Heydər Əliyev lazımdır” -deyirdi.
Zamanın fırlanan, daim
irəliyə aparan çarxını saxlamaq, vaxtı ləngitmək mümkün deyil. O
ağır illərdən bizi çox da uzun
tarixi bir məsafə
ayırmır. Lakin bu
qısa müddət ərzində keçilən siyasi, iqtisadi, sosial, mədəni yol bizi inkişafın yüksək pilləsinə
qaldırıb. Bunu nəinki inteqrasiya etdiyimiz Avropa, həm də dünya
dövlətlərinin liderləri, ictimaiyyəti birmənalı
şəkildə bildirirlər.
İnkişafımızın yeni mərhələsi dünyanın siyasi və ictimai xadimləri
ilə ön sıralarda dayanan
Azərbaycan Prezidenti İlham
Əliyevin adı ilə bağlıdır.
Son
illər ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin
sırasına daha biri
əlavə edilir ki, o da nəinki adını
daşıdığı qitənin, hətta dünyanın
marağındadır. Bu, ilk
dəfə keçiriləcək “Bakı-2015” I Avropa Oyunlarıdır. İdman
yalnız sağlamlıq deyil, o, həm də mədəniyyət və incəsənət
hadisəsidir. Burada fiziki
və mənəvi güc özünü
bütövləşdirir. Demək, ölkəmizdə
keçiriləcək ilk Avropa
Oyunları həm də kimliyimizin təsdiqi
üçün yaradılmış meydan, auditoriya və
tribunadır. Mədəniyyət və incəsənətimizin
idmanla sintezinin nümayişi üçün
münbit şərait yaradılıb.
Müqəddəs məşəlimizin ölkəmizi başdan-başa dolaşması
xalqımızın fərəhini qat-qat
artırır! Axı, bu həm də müasir Azərbaycanın siyasi,
iqtisadi, sosial və mədəni
inkişafının göstəricisi deməkdir.
“Bakı-2015” I Avropa
Oyunlarının ölkəmizi bürüyən şənlik
növrağı dünyaya səs
salıb. Avropa Oyunlarının məşəli
nəinki ölkəmizi, dünyanı nura
qərq edir. Həm də qısa zaman içərisində belə inkişaf və təntənəyə layiq olduğumuzu sübut etmək fürsəti əldə etmişik.
Onu
da unutmuruq ki, ölkəmizin təbii sərvətlərlə
zəngin ərazisinin 20 faizi Ermənistanın
təcavüzkar siyasəti nəticəsində 20 ildən
artıqdır ki, işğala
məruz qalıb. Dünya birliyi
hələ də bu işğal
faktına göz yumur,
yaxud təcavüzkarın
cilovlanmasında gecikir, ikili
standartlar nümayiş
etdirməkdədir. Azərbaycanın haqlı mövqeyini
sözdə dəstəkləyən avropalılar
işğalçı dövlətə birmənalı şəkildə
təsir etmir ki, bu da münaqişənin
həllinin uzanmasına səbəb olur. Bununla belə Azərbaycan yalnız yerləşdiyi
regionun deyil, qitənin
söz sahibinə, tədbirlərin ev sahibinə çevrilib.
Bu inkişafın onun
əsas problemi olan
Dağlıq Qarabağ münaqişəsinin
həllinə də əlac edəcəyi inamı bu gün güclənib.
Yurd-yuvası erməni vandalları, terrorçu
və təcavüzkarlar tərəfindən yağmalanan,
tar-mar edilən məcburi köçkünlər
də bu məşəlin
işığında xoş əhval-ruhiyyədə
görünürlər. Budur, onların bəzilərinin
od-alovlu yurd yerlərinə
dönəcəkləri ümid və
inamlarına söykənən fikirləri.
Aqil
Məmmədov Xocalının Kosalar kənd
həkim ambulatoriyasının baş həkimidir.
İlk Avropa Oyunlarının
xalqımızın, o cümlədən
xocalılıların taleyində yaddaqalan
iz buraxacağına əmindir.
İnanır ki, “Atəşgah”dan
götürülən idman məşəli,
vaxt gələcək
ki, Xocalıda da alovlanacaq və bütün
ağrı-acılara son qoyulacaq,
yurd nisgilini əridəcək.
Ölkəmizin belə mötəbər
beynəlxalq tədbirlərə ev sahibliyinin tarixi əhəmiyyətinin
böyük olduğunu
deyən Mirvari Verdiyeva
Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimidir. Kəlbəcərin
əsrarəngiz gözəlliyində dünyaya
göz açandan ana yurdun təbiətinə
vurğun olub. O yerlərin
fauna və florasına
heyranlığını elmi və ədəbi-bədii
yaradıcılığında təsdiqləyir. Kəlbəcərin müdafiəsində olarkən
düşmən silahından yaralanaraq II qrup əlilə çevrilmiş
yurd nisgilli müəllim
də ilk Avropa
Oyunlarının coşqu ilə
başlayıb, uğurla sona
çatacağına əmindir: “İdman
yalnız sağlamlıq deyil, həm də
mədəniyyət və incəsənətdir.
Düşmənlərimiz bu
növrağımıza qara yaxmağa cəhd edirlər, amma
bacarmazlar. Biz
inkişafımızla bir çox
ölkələrə nümunəyik. Tariximiz
qədim, mədəniyyətimiz isə mənəviyyatımız
kimi zəngindir. Axı, bu
həm də müasir Azərbaycanın siyasi, iqtisadi, sosial və mədəni inkişafının
göstəricisi, xalqımızın milli-
mənəvi dəyərlərinə sahib
çıxması deməkdir”.
Şərqlə Qərb mədəniyyətlərinin
bir araya gətirildiyi
Azərbaycanın humanitar sahədəki təcrübəsi
dünya xalqlarının marağına səbəb
olub. Mədəni dəyərlərin
öyrənilməsinə və onlardan
istifadə edilməsinə son illər daha çox diqqət
ayrılmasının da səbəbləri
az deyil. Deyirlər ki, mədəniyyətin dili
daha çox
anlaşıqlıdır. Buna görə
də mədəni əlaqələrin daha
da genişlənməsi xalqlar
arasında ünsiyyəti vacib faktor kimi ortaya
çıxarıb. Azərbaycan daha bir ilkə imza atır. Bu, dünyanın nəzər-diqqətini
özünə cəlb edən ilk Avropa Oyunlarıdır. I Avropa
Oyunları xalqımızın sülhpərvər, tolerant, qədim mədəniyyətə və
zəngin mənəviyyata malik olduğunu da təsdiqləyəcək
möhtəşəm idman layihəsidir.
Bugünkü
idman məşəlimizin müqəddəsliyi
bir də ondadır ki,
o, sabah
Qarabağın işğal altında qalan yurdlarında da alovlanacaq. İdman məşəlinin
açdığı həmin yol dövlət
başçısı, Ali Baş Komandanla birlikdə
bizi zəfər bayrağı altında bu gün gedə bilmədiyimiz
oba-oymaqlara da qovuşduracaq.
Azərbaycanı əbəs yerə Odlar yurdu
adlandırmayıblar! Bizi istiqanlı xalq kimi tanıyıb bəşəriyyət.
Azərbaycan ana kimi bizi isti qucağında böyüdüb, dünyaya
təqdim edib. Dilimiz,
mədəniyyətimiz, mətbəximiz zəngin, tariximiz qədim və uludur.
Bundan ancaq qürur duymaq olar.
Məhəmməd
NƏRİMANOĞLU,
Azərbaycan.- 2015.- 6 iyun.- S. 6.