Məşəl
inkişaf və quruculuq
məkanında
Azərbaycan
xalqı dövlətimizin müstəqilliyinin bərpasından
ötən 24 il ərzində çoxlu sayda möhtəşəm
tarixi hadisələrin sevincini və həyəcanını
yaşayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı
ilə müstəqilliyimizin əbədi və dönməzliyinin
təmin olunması,
1994-cü ildə “Əsrin müqaviləsi”nin
bağlanması, neftimizin Ceyhan
limanına çatdırılması, Azərbaycanın “Eurovision” mahnı müsabiqəsinə ev sahibliyi etməsi, BMT Təhlükəsizlik
Şurasının üzvü seçilməsi,
dünyanın bu ali və
mötəbər qurumuna rəhbərlik
etməsi, “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsinə
başlanılması, “Cənub” qaz dəhlizinin
təməlinin qoyulması və bu kimi onlarla tarixi
hadisə ölkəmizin müstəqillik dövründə
qazandığı möhtəşəm uğurlardır.
Cəmi 6 gündən sonra
isə Azərbaycanda I Avropa Oyunları start götürəcək. Qeyd
edək ki, Amerika, Avropa və Asiyada qitə
ölkələrini əhatə edən kütləvi idman yarışları çoxdan
mövcuddur. Avropa
Oyunları isə bunların sırasında indiyədək təsis
olunan sonuncu qitə
miqyaslı yarışmadır.
İlk
Avropa Oyunlarının keçirilməsi
haqqında qərar 2012-ci il tarixində Avropa Olimpiya Komitəsinin
41-ci Baş Assambleyasında qəbul olunub. Bu möhtəşəm
qitə yarışında Avropanın 50 ölkəsindən
6 mindən çox idmançı gücünü sınayacaq. Onlar
on altısı olimpiya
və dördü qeyri-olimpiya
olmaqla 20 idman növü üzrə 253 dəst medal uğrunda mübarizə
aparacaqlar.
Avropa
Olimpiya Komitəsi I Avropa
Oyunlarının Bakıda keçirilməsi ilə
bağlı qərarı Azərbaycanda idmanın
inkişafına göstərilən qayğının və
ölkəmizin mötəbər tədbirlərin təşkilində
ortaya qoyduğu
yüksək nümunənin beynəlxalq miqyasda
etirafı idi.
Bu idman
yarışında 50 ölkədən
idmançıların iştirakı onun
nə qədər möhtəşəm və
miqyasının böyük olmasından
xəbər verir. Bu mənada
Avropa Oyunları müasir
olimpiya oyunlarına bərabər tutulan beynəlxalq idman
hadisəsidir. Lakin olimpiya
oyunları zamanı ev sahibi
olan ölkənin hazırlıq işləri
üçün ən azı 8 il vaxt tələb olunsa da, Azərbaycanın
qarşıda cəmi 2 il yarımlıq
hazırlıq dövrü var idi. Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi I Avropa
Oyunlarının Təşkilat Komitəsi bu
qısa müddətdə hazırlıq işlərini ən
yüksək səviyyədə başa
çatdırıb. I Avropa
Oyunlarının yarışları 18 idman
arenasında keçiriləcək. Bunların 5-i tamamilə yeni inşa olunub, digərləri isə müasir
standartlara uyğun
yenidən qurulub.
I Avropa Oyunları iyun ayının 12-dən start
götürəcək. Lakin Azərbaycanda
Oyunların həyəcanı çoxdan
başlayıb. Aprelin 26-da Prezident İlham
Əliyevin “Atəşgah” məbədində
alovlandırdığı I Avropa
Oyunlarının məşəli artıq 60-a yaxın şəhər
və rayona səyahət edib.
İyun ayının 5-də isə I Avropa Oyunlarının məşəli Siyəzən
rayonundan sonra
Xırdalan şəhərinə gətirildi. Abşeron rayonunun inzibati mərkəzi olan Xırdalanda bir
neçə gün əvvəldən məşəlin
yürüşünə hazırlıq işləri
başlanmışdı. Məşəlin
qarşılanacağı yerdən tutmuş,
keçəcəyi küçə və prospektlər, yürüşün tamamlanacağı Heydər
Əliyev adına Mədəniyyət və İstirahət
Parkı bayram libasına bürünmüşdü.
Ümumiyyətlə, Abşeron
rayonu inkişafı ilə yanaşı, bayram və əlamətdar günlərin
özünəməxsus şəkildə qeyd
olunması ilə həmişə diqqət çəkir. Novruz bayramı, ulu öndər
Heydər Əliyevin doğum günü, Respublika Günü, Qurtuluş Günü və digər əziz tarixlərimiz
Xırdalan sakinlərinin sevimli
bayramlarıdır. Həmin günlərdə minlərlə sakin zövqlə təşkil olunan
bayram şənliklərində
yaxından iştirak edir.
Elə məşəlin gətirildiyi 5 iyun
tarixində də şəhərdə müşahidə olunan izdiham digər bayramlarda olduğu kimi idi. Həmin gün Xırdalanda yüksək bayram əhvali-ruhiyyəsi var
idi, on minlərlə
şəhər sakini I Avropa
Oyunlarının məşəlinin gəlişini izləmək
üçün küçələrə
çıxmışdı.
Siyəzən rayonundan
gətirilən məşəl Xırdalanın girişində
- M.Rəsulzadə küçəsində qarşılanacaq.
Məşəlin qəbul edilməsi isə kun-fu
sanda üzrə dördqat
dünya çempionu,
ikiqat Avropa çempionu, əməkdar idman
ustası Ramiz Yaqnəliyevə həvalə
edilib. O, həyəcan dolu
təəssüratlarını bölüşərək dedi: “İdmançı kimi
həyatımda çox həyəcanlı
anlar olub. Lakin bu gün mən başqa həyəcanın doğurduğu
sevinc içərisindəyəm. Çünki I Avropa
Oyunlarının məşəldarı olmaq
həyatımın ən yaddaqalan hadisəsidir.
Ölkəmizi dolaşan məşəl,
nəhayət, şəhərimizə gəlib
çıxdı. Son illər sürətlə
inkişaf edən, modern
şəhərə çevrilən Xırdalan bu xoş gündə daha gözəl, daha əzəmətli
görünür. Şəhərin sakinləri
isə məşəlin yürüşünü
izləməklə həm də I Avropa
Oyunlarının sevincini
bölüşürlər. Azərbaycan indiyədək çoxlu sayda beynəlxalq
tədbirə layiqli ev
sahibliyi edib.
İnanıram ki, ölkəmiz I Avropa Oyunlarını da ən
yüksək səviyyədə təşkil etməklə
sonrakı Oyunlar üçün
nümunə olacaq”.
Həmsöhbətimin qeyd
etdiyi kimi, Xırdalan
şəhəri son illər həqiqətən
inkişaf edib, modernləşib.
Lakin bu inkişaf tək Xırdalanı deyil, onun inzibati
mərkəzi olduğu bütün
Abşeronu əhatə edir.
Respublikada aparılan uğurlu sosial-iqtisadi siyasət nəticəsində Abşeron rayonunun da hərtərəfli inkişafı üçün böyük
işlər görülüb və bu işlər hazırda yüksək əzmlə
davam etdirilir. Ölkənin
hər yerində yaşanan inkişaf Abşeronun
simasında aydın müşahidə olunur.
Son illərin real mənzərəsi
bu rayonun ölkənin
əsas inkişaf və quruculuq
ünvanlarından biri olduğunu
təsdiq edir. Bu inkişaf
Abşeronun qüruru olduğu qədər, ölkəmizdən kənarda
da Azərbaycanın gözəl
tanıtımıdır. Ölkə Prezidentinin
birbaşa təşəbbüsü və
himayəsi sayəsində rayon ərazisində
olduqca mühüm infrastruktur layihələri həyata keçirilmiş, möhtəşəm
tikililərin təməli qoyulmuş
və uğurla başa
çatdırılmışdır. İstifadəyə verilən
və yenidən qurulan səhiyyə və
təhsil müəssisələri, uşaq
bağçaları, yollar, yol ötürücüləri və yol qovşaqları, idman
qurğuları, parklar, inzibati
binalar rayonun
simasını tamamilə dəyişmişdir. Bu dövrdə həm ayrı-ayrı dövlət
proqramlarından, həm yaradılmış azad
sahibkarlıq mühitindən irəli gələrək rayonda çoxsaylı xidmət və istehsal sahələri fəaliyyətə
başlamışdır.
Xırdalan şəhərinin girişinə
toplaşan minlərlə sakinin
alqışları I Avropa
Oyunlarının məşəlinin gətirilməsindən xəbər
verir. Bir qədər əvvəl
həmsöhbətim olmuş Ramiz Yaqnəliyev məşəli qəbul edərək
başı üzərinə qaldırır və yürüş başlayır. Daha sonra onu
digər məşəldarlar - Xəyyam Abışov, Şahmar Əliməmmədov, Rafiq
Məmmədov, Zöhrab Əliyev, Şərif
Şərifli, Balakərim Rəhimov, Cavid
Rəfiyev və Qələndər Aslanov əvəz
edirlər. Məşəlin keçdiyi
Heydər Əliyev prospekti, Zərifə
Əliyeva və Qalubiyyə küçələri boyunca musiqi sədaları
eşidilir, sakinlər yürüş
iştirakçılarını alqışlarla
qarşılayırdılar.
Yürüşün
marşrutu həm də Xırdalan şəhərinin
son illər daha da gözəlləşən simasını
yaxından izləməyə imkan verirdi. Xırdalan sürətlə inkişaf edib, xüsusən
şəhər adı almasından sonra bu statusa uyğun
olaraq dəyişib, modernləşib. Qısa müddət ərzində burada
onlarla yeni inzibati və hündürmərtəbəli
yaşayış binaları inşa olunub. Əhalinin istirahətinə xidmət edən
parklar salınıb. Şəhərin
küçələrində göz oxşayan yaraşıqlı gecə
işıqları, ictimai binaların, fərdi
evlərin, xidmət obyektlərinin, həyət
divarlarının fasadlarının milli
ornamentlər və müasir üzlük materialları ilə işlənməsi
Xırdalan şəhərinin ümumi mənzərəsinə
xüsusi gözəllik verir.
Burada inşa olunmuş yüksəkmərtəbəli
yaşayış evləri, inzibati binalar, nəfis layihələr əsasında tikilib istifadəyə verilmiş
sosial obyektlər, ticarət, iaşə və
məişət xidməti müəssisələri şəhərin
möhtəşəmliyini, müasirliyini
əks etdirir. Məşəl yürüşünün keçirildiyi
Heydər Əliyev prospekti, Zərifə
Əliyeva və Qalubiyyə küçələri də
görülən yenidənqurma işləri nəticəsində
öz görkəmini tamamilə dəyişmişdir.
Səkilər yenisi ilə əvəz olunmuş, yolların kənarında gözoxşayan qazon örtüyü salınmış,
binaların fasadı yenilənmiş, müasir
işıqlandırma sistemi
quraşdırılmış, mövcud
iaşə obyektləri standartlara uyğun olaraq yenidən qurulmuşdur.
Ötən ilin oktyabr ayında Prezident İlham Əliyevin Abşeron
rayonuna səfəri zamanı istifadəyə
verilən obyektlər bu rayonun
və Xırdalan şəhərinin inkişaf
yolunda olmasının əyani təsdiqi idi. Prezident İlham Əliyev Xırdalan
şəhərində Heydər Əliyev Mərkəzinin, şahmat və musiqi məktəblərinin,
Masazır qəsəbəsində inşa
olunan stadionun
açılışında iştirak edib, həmçinin Xırdalan şəhərindəki
Bayraq meydanında, Heydər Əliyev
adına Mədəniyyət və İstirahət Parkında
aparılan yenidənqurma işləri ilə tanış olub. Məşəlin yürüşünü izləyənlər
arasında olan Abşeron
Rayon Ağsaqqallar
Şurasının sədri Nadir
Ağayevlə Abşeronun dünəni və
bugünkü barədə söhbətləşirik.
40 ildən artıqdır Xırdalanda
yaşadığını bildirən həmsöhbətim dedi ki, hələ
ötən əsrin 70-ci illərində ulu
öndər Heydər Əliyevin başladığı islahatlar nəticəsində Abşeron
rayonu da inkişaf yoluna qədəm
qoymuşdur: “O dövrdə
Heydər Əliyevin müdrik rəhbərliyi
ilə respublikamızın hər bir
bölgəsində canlanma
yaşanırdı. Ulu öndərin diqqəti
və qayğısı nəticəsində Abşeronda
müasir üsullarla
- süni yağış aqreqatları ilə
suvarılan əkin sahələrinin genişləndirilməsi,
istehsalatın bütün sahələrində ən
yeni texnikanın geniş
tətbiqi, maldarlığın, quşçuluğun
sənaye əsasına keçirilməsi rayonun
ən yüksək istehsalat göstəriciləri
əldə etməsinə şərait yaratmışdı. Həyata
keçirilən islahatlar nəticəsində
Abşeron rayonu
yaradılarkən qarşısında qoyulan
başlıca vəzifənin - Bakı və Sumqayıt
şəhərlərinin təzə-tər kənd təsərrüfatı
məhsulları ilə daha dolğun ödənilməsinin öhdəsindən
layiqincə gəldiyini sübut etmişdi.
Bu
gün isə rayonumuz
ulu öndərin layiqli
siyasi davamçısı olan
Prezident İlham
Əliyevin diqqəti sayəsində dinamik
inkişaf edir. İndi Abşeronda hara getsən inkişafla, quruculuqla, yeni
açılan müəssisələrlə rastlaşarsan.
Elə küçələrində
addımladığımız Xırdalan şəhəri rayonumuzun inkişaf edən
simasıdır. Əgər təxminən 10 il
əvvəllə müqayisə etsək, şəhərimizin
nə qədər dəyişdiyini görərik”.
Qalubiyyə küçəsindən sonra məşəl Heydər Əliyev adına
Mədəniyyət və İstirahət Parkına gətirildi.
Bu park ötən il yenidənqurmadan sonra
istifadəyə verilib və
xırdalanlıların ən sevimli
istirahət məkanlarından birinə çevrilib.
Parkda ulu öndər
Heydər Əliyevin abidəsi qoyulub.
Ölkəmizin ən gözəl memarlıq nümunələrindən
olan Xırdalan şəhərindəki
Heydər Əliyev Mərkəzi də parka
yaxın yerdə inşa olunub.
Azərbaycan dövlətçiliyinin möhkəm
əsaslar üzərində qurulmasında, respublikanın hərtərəfli
inkişafında, ölkədə bütün
sahələrin canlandırılmasında müstəsna xidmətləri
olan ümummilli lider Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi
məqsədilə Abşeronda indiyədək
bir neçə mühüm
layihə reallaşdırılıb. Xırdalanda orijinal layihə əsasında tikilən Heydər
Əliyev Mərkəzi də ümummilli liderin xatirəsinə rayon
sakinlərinin dərin ehtiramının parlaq
nümunəsidir. Məşəlin yürüşünü izləyənlər
arasında Xırdalan şəhərindəki 2 saylı orta məktəbin XI sinif şagirdi Naqi Məhəmmədzadə
ilə söhbətimiz də Heydər Əliyev Mərkəzinin
gənc nəslin inkişafına verdiyi
töhfələrlə bağlı oldu.
O dedi: “Bu gün Azərbaycanın dinamik
sosial-iqtisadi inkişafı, ölkəmizin
dünya birliyində öz
yerini daha da möhkəmləndirməsi məhz Heydər
Əliyevin irsinin, ideyalarının
yaşamasının, siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Ulu öndər Heydər Əliyevin dövlətçilik
fəlsəfəsinin, azərbaycançılıq məfkurəsinin
dərindən öyrənilməsi, geniş
təbliğ olunması bütün Azərbaycan
xalqının ümdə istəyidir. Biz
məktəblilər də Heydər Əliyev irsinin
öyrənilməsinin vacibliyini dərk edirik. Çünki Heydər
Əliyev irsinin öyrənilməsi, ümummilli liderin
ideyalarının yaşaması, davam
etdirilməsi dövlətimizin, xalqımızın
inkişafı deməkdir.
Ona
görə də şəhərimizdə bu
cür möhtəşəm Heydər
Əliyev Mərkəzinin yaradılması hər bir Xırdalan sakininin, o cümlədən biz məktəblilərin
ürəyincədir. Mərkəzdə ümummilli
liderin xatirəsinin əbədiləşdirildiyi
muzey məktəblilərin daha çox maraq göstərdiyi yerdir.
Burada yaradılan müzakirə və diskussiya zalları bizim öz intellektual dünyagörüşümüzü
artırmaq üçün ən gözəl
vasitələrdir. Mərkəzdəki linqafon,
internet və rəssamlıq otaqları və
rəqs zalları yeniyetmə və gənclərin asudə
vaxtının səmərəli təşkil edilməsinə
geniş imkanlar
açır”.
Xırdalan şəhərində
öz möhtəşəmliyi ilə
müşayiət olunan məşəlin
yürüşü ulu
öndərin adını daşıyan mədəniyyət və
istirahət parkında başa
çatdı. Qeyd etdiyimiz
kimi, bu park yenidən qurulub və
ötən il Prezident
İlham Əliyevin Abşerona
səfəri zamanı istifadəyə verilib.
Ərazisi 12 hektar olan
parkda sakinlərin mənalı istirahəti
və asudə vaxtlarının səmərəli
keçirilməsi üçün hər
cür şərait yaradılıb. Yenidənqurma
işləri zamanı milli memarlıq üslubu ilə müasirlik
tam uzlaşdırılıb, orijinal elementlər və formalarla
zənginləşdirilib. Parkın ərazisində çoxlu ağac və dekorativ gül kolları əkilib,
çəmənlik salınıb. Burada
aparılan yenidənqurma işləri ölkədə əhalinin
istirahətinin yüksək səviyyədə təşkil
olunmasının davamlı və kompleks xarakter daşıdığını təsdiqləyir.
Adi
günlərdə Xırdalan sakinlərinin əsas istirahət
yeri olan bu məkanda iynə atsan,
yerə düşməz. Dünən isə parkda
10 minə yaxın insan var
idi. Hər kəs məşəlin meydana gətirilməsini alqış sədaları
ilə qarşılayırdı. Hər kəsin simasında bir bayram sevinci, bayram ovqatı var idi. Hər kəsin
çöhrəsindən fərəh
yağırdı. Yaxınlıqdakı Bayraq meydanında vüqarla dalğalanan üçrəngi bayrağımız
isə bu mənzərəni daha qürurverici edirdi. Sonuncu məşəlçi kunq-fu
sanda üzrə dördqat dünya çempionu və Avropa çempionu Rövşən Həşimov
burada quraşdırılan
səhnəyə qalxaraq
məşəli alovlandırdı.
Sonra I Avropa Oyunlarının çırağı yandırıldı
və yarışlar başa çatanadək saxlanılmaq üçün
şəhərə təhvil
verildi. Mərasimdə I Avropa Oyunlarının
məşəlinin “Atəşgah”
məbədində alovlandırılması
mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.- 2015.- 6 iyun.- S. 7.