Su təsərrüfatı və meliorasiya işçiləri peşə
bayramlarını qeyd ediblər
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” açıq səhmdar cəmiyyətlərinin kollektivləri 5 iyun - “Su təsərrüfatı və meliorasiya işçiləri günü” peşə bayramını qeyd ediblər.
Peşə bayramı münasibətilə Bakı Biznes Mərkəzində “Meliorasiya və su təsərrüfatının inkişafında Heydər Əliyev ideyalarının rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Əvvəlcə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı və “Azərsu” açıq səhmdar cəmiyyətlərinin fəaliyyətlərindən bəhs edən videofilm nümayiş etdirildi.
Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Aqrar siyasət məsələləri şöbəsinin müdiri Azər Əmiraslanov su təsərrüfatı və meliorasiya sistemində səmərəli fəaliyyətlərinə görə bir qrup əməkdaşın fəxri adlar və medallarla təltif olunması haqqında Prezident İlham Əliyevin sərəncamlarını oxudu.
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə ölkədə meliorasiya və su təsərrüfatının inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərindən danışdı. Qeyd olundu ki, qədim suvarma əkinçiliyi ənənələrinə malik Azərbaycanda müasir meliorasiya və irriqasiya işlərinə keçən əsrin əvvəllərində başlanılsa da, bu sahə əsasən ümummilli lider Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi 1969-1982-ci illərdə inkişaf edib. Həmin illərdə meliorasiya və su təsərrüfatı sahəsində quruculuq işləri geniş vüsət almış, iri su anbarları, çoxlu sayda hidroqovşaqlar, nasos stansiyaları, texniki cəhətdən müasir meliorasiya və irriqasiya sistemləri tikilib istifadəyə verilmiş, suvarılan torpaqların ümumi sahəsi 1,5 dəfədən çox artmışdı.
Ulu öndər keçmiş ittifaq rəhbərliyində olduğu illərdə də respublika iqtisadiyyatının, o cümlədən meliorasiya və su təsərrüfatının inkişafını daim diqqət mərkəzində saxlayırdı. Lakin böyük təəssüf hissi ilə qeyd etmək lazımdır ki, sonradan kənd təsərrüfatında, xüsusi ilə də meliorasiya və su təsərrüfatında durğunluq yaranmış, sahə dağılaraq məhv olmaq təhlükəsi ilə üzləşmişdi.
Xalqın tələbi ilə 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə meliorasiya və su təsərrüfatı öz inkişafının yeni mərhələsinə qədəm qoydu. Mövcud meliorasiya potensialından səmərəli istifadə olunması yolları və sahənin gələcək inkişaf istiqamətləri müəyyənləşdirildi. Ulu öndərin ölkədə meliorasiya və su təsərrüfatının inkişafına yönəlmiş siyasəti indi onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Bildirildi ki, son illərdə su təsərrüfatı və meliorasiya sahəsinə əsaslı kapital qoyuluşu dəfələrlə artıb. Bunun nəticəsi olaraq sahənin maddi-texniki bazası gücləndirilib, 2000-dən artıq maşın və mexanizm alınıb, 2935 kilometr uzunluğunda suvarma kanallarının, 1768 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin bərpası, yenidən qurulması və tikintisi işləri həyata keçirilib. Habelə 185 min hektar sahədə suvarılan torpaqların su təminatı və 190 min hektar sahədə meliorativ vəziyyət yaxşılaşdırılıb, 26 min hektardan çox yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib. O cümlədən 1194 subartezian quyusu qazılıb, dağ çaylarında 191,4 kilometr sahilbərkitmə işləri, Kür-Araz çaylarında isə 876 kilometr uzunluğunda bəndlərin möhkəmləndirilməsi və hündürləşdirilməsi işləri yerinə yetirilib.
Azərbaycanın gələcək inkişafı üçün əvəzolunmaz iki nəhəng infrastruktur layihələri - Taxtakörpü su anbarının (SES-lə birlikdə), Vəlvələçay-Taxtakörpü və Taxtakörpü-Ceyranbatan kanallarının, Şəmkirçay su anbarının (SES-lə birlikdə), eləcə də Baş Mil-Muğan kollektorunun tikintisi və digər iri layihələr qısa müddət ərzində başa çatdırılıb.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əvvəlki illərdə olduğu kimi, 2014-cü ildə də meliorasiya və su təsərrüfatı obyektlərinin bərpası, yenidən qurulması və tikintisi işləri üzrə uğurlu fəaliyyətini davam etdirib. Səhmdar cəmiyyət tərəfindən bütün mənbələrdən, o cümlədən büdcə vəsaiti, xarici investisiyalar, Dövlət Neft Fondundan ayrılmış vəsaitlər hesabına 60 ədəd keçid və 7 ədəd yeni obyektdə layihələndirmə və əsaslı tikinti-quraşdırma işləri aparılıb.
Respublika büdcəsindən əsaslı tikintiyə ayrılmış vəsait hesabına torpaqların su təminatının yaxşılaşdırılması tədbirləri üzrə Kürdəmir rayonu ərazisində Çərtəyaz, Çöl Ərəb və Muradxanlı kəndlərinin, Ağcabədi rayonu ərazisində yerləşən qış otlaqlarının torpaqlarının suvarılması üçün suvarma kanallarının tikintisi və Qayğı kanalının yenidən qurulması, Ağstafa rayonu ərazisindəki Candar kanalından su götürən R-17 kanalının əsaslı təmiri, Yuxarı Qarabağ kanalı maşın qolunun və Qazax rayonunun Şıxlı arxının yenidən qurulması, Goranboy rayonunda “Xanarx” beton kanalının bərpası və yenidən qurulması işləri davam etdirilib.
Eyni zamanda Tovuz rayonunda Tovuzçay su anbarında tikinti işləri davam etdirilib, Şəki rayonunda Cəyirli su anbarının yenidən qurulmasına, Cəlilabad rayonunda İncəçay su anbarının təmir-bərpasına başlanılıb, Füzuli rayonunun Mollaməhərrəmli, Arayatlı və Babı kəndlərinin əkin sahələrinin su təminatının yaxşılaşdırılması üzrə nasos stansiyasının tikintisi işləri yerinə yetirilib. Ümumilikdə 44751 paqonmetr uzunluğunda suvarma kanalları tikilib, yenidən qurulub və bərpa olunub, 55825 paqonmetr uzunluğunda qapalı suvarma şəbəkəsi və 11213 paqonmetr uzunluğunda təzyiqli metal boru xətti çəkilib. Görülmüş işlər nəticəsində 10545 hektar sahənin su təminatı yaxşılaşdırılıb və 509 hektar yeni sahəni suvarma suyu ilə təmin etmək mümkün olub.
Respublikanın qərb zonasının iqtisadiyyatında mühüm rol oynayacaq “Şəmkirçay çayı üzərində dəryaçanın tikintisi” kompleksi layihəsinə daxil olan Şəmkirçay su anbarının su elektrik stansiyası ilə birlikdə tikintisi başa çatdırılıb və 2014-cü il noyabrın 15-də Prezident İlham Əliyevin iştirakı ilə açılış mərasimi keçirilib.
Qeyd edildi ki, Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahənin istifadəyə verilməsi, eləcə də Gəncə şəhərinin, Şəmkir və Samux rayonlarının içməli su ilə təmin edilməsi və ildə 56 milyon kvt elektrik enerjisinin istehsal edilməsi mümkün olacaq.
Dövlət başçısının müvafiq sərəncamı ilə respublikanın əhalisi 622 min nəfərdən çox olan 32 rayonun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250 ədəd, eyni zamanda Nazirlər Kabinetinin sərəncamı ilə 55 ədəd subartezian quyusu qazılıb və istismara verilib. Bununla da 4600 hektar sahə su ilə təmin olunub.
Füzuli və Ağcabədi rayonlarının inzibati ərazilərində dövlət ehtiyat fondu torpaqlarında 1725 hektar sahədə iri taxılçılıq təsərrüfatlarının yaradılması üçün Yuxarı Mil kanalı üzərində nasos stansiyasının, Hacıqabul rayonunun Muğan qəsəbəsinə və Qarasu kəndinə suyun verilməsi üçün Hacıqabul magistral kanalının 4300 paqonmetr uzunluğunda hissəsinin və Padar magistral kanalının tikintisi işləri aparılıb.
Dünya Bankının krediti ilə həyata keçirilən “Milli su təchizatı və kanalizasiya xidmətləri üzrə ikinci layihə” çərçivəsində respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib, eləcə də “Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək Layihəsi” çərçivəsində respublikanın 13 rayonunda Sudan İstifadəedənlər Birliklərinin ərazilərində 56357 hektar sahədə suvarma və drenaj şəbəkələrinin bərpası, yenidən qurulması işləri yerinə yetirilib.
Ə.Əhmədzadə diqqətə çatdırdı ki, cari ildə 1 milyon 363 min hektar sahədə kənd təsərrüfatı əkinlərinin suvarılması nəzərdə tutulub. Hazırda respublikanın su anbarlarında 16,2 milyard kubmetr su yığılıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard kubmetr çoxdur. Toplanmış su kənd təsərrüfatı bitkilərinin vegetasiya suvarmasının aparılmasına imkan verməklə yanaşı, su anbarlarında olan ehtiyat həcm sel və daşqın vaxtı onların doldurulması üçün şərait yaradacaq.
Sudan istifadə planına əsasən, 2015-ci ildə ümumilikdə 1363689 hektar sahədə kənd təsərrüfatı bitkilərinin suvarılması nəzərdə tutulub.
“Kənd təsərrüfatı ili” çərçivəsində konkret tədbirlərin həyata keçirilməsi də nəzərdə tutulur. Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumi 7111 hektar (ondan 5399 hektar yeni suvarılan), Siyəzən rayonunda isə 3204 hektar (ondan 2539 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılacaq ki, bu da yeni istifadəyə veriləcək 7938 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına gətirib çıxaracaq. Şabran rayonunda isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə sənədlərinin hazırlanması başa çatdırılacaq.
Cari ildə ölkənin qərb zonası iqtisadiyyatının inkişafında mühüm əhəmiyyətə malik, ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının tikintisi başa çatdırılıb və onun istismara verilməsi üçün hazırda son tamamlama işləri aparılır. Şəmkirçay su anbarı zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikintisi işləri başa çatdırılaraq istifadəyə verilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə cari ildə respublikanın 34 şəhər və rayonunun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarma, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədi ilə qazılması nəzərdə tutulmuş 300 ədəd subartezian quyusundan hazırda 124-nün qazılması işləri başa çatdırılıb.
“Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov çıxış edərək, ölkə əhalisinin keyfiyyətli içməli su ilə təchizatı istiqamətində bir sıra layihələrin uğurla başa çatdırıldığını, bəzilərinin isə hazırda davam etdirildiyini bildirdi. Qeyd olundu ki, təməli Prezident İlham Əliyev tərəfindən qoyulmuş, müstəqillik dövrünün ən böyük infrastruktur layihəsi olan və tikintisi uğurla başa çatdırılan Oğuz-Qəbələ-Bakı su kəməri bu gün paytaxtın içməli su təchizatında mühüm rol oynayır. Bu kəmərin istismara verilməsindən sonra Kür sutəmizləyici qurğularından Abşeron yarımadasına verilən içməli suyun bir hissəsinin Aran bölgəsinə yönəldilməsinə imkan yaranıb. Bu imkandan istifadə edərək Şirvan-Muğan və Sabirabad-Saatlı qrup su kəmərləri layihələndirilib. 2013-cü ildə Şirvan-Muğan qrup su kəmərinin 107 kilometrlik Hacıqabul-Biləsuvar hissəsi tikilib, Hacıqabul, Şirvan, Biləsuvar şəhərləri keyfiyyətli içməli su ilə təmin olunub. 2014-cü ildə isə Kür Sutəmizləyici Qurğular Kompleksindən Sabirabad və Saatlı şəhərlərinə 62 kilometr uzunluğunda yeni kəmər çəkilib və artıq hər iki şəhərin sakinləri bu mənbədən su alırlar.
Külüllü layihəsinin icrası nəticəsində isə Kürdəmir, Ucar, Zərdab və Ağsu şəhərlərinin içməli su məsələsi tam həll olunub.
Lənkəran və Astara şəhərləri, həmçinin bu rayonların 39 kəndini keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etmək üçün Xanbulançay su anbarının yaxınlığında məhsuldarlığı gündə 30 min kubmetr olan müasir sutəmizləyici qurğunun inşası başa çatdırılıb. Bu mənbədən Lənkəran şəhərinə suyun verilməsinə başlanılıb, Astara şəhərinə isə suyun verilməsi üçün magistral kəmərin inşası hazırda davam etdirilir.
Bu gün ölkəmizdə geniş miqyasda su və kanalizasiya layihələrinin icrası davam etdirilir. Hazırda 43 şəhər və rayon mərkəzində su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur. Ucqar və sərhədyanı kəndlər də daxil olmaqla, yaşayış məntəqələrində icra edilmiş layihələr nəticəsində regionlarda və Abşeron yarımadasında milyonlarla insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşıb.
İslam İnkişaf Bankı ilə birgə maliyyələşdirilən “Azərbaycanın 6 rayonunda milli su təchizatı və kanalizasiya proqramı layihəsi” çərçivəsində artıq 4 şəhərdə - Gədəbəy, Astara, Daşkəsən və Tərtərdə, Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə birgə maliyyələşdirilən “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” üzrə isə Qobustan şəhərində su təchizatı və kanalizasiya layihələrinin icrasına başlanılıb.
Bildirildi ki, “Açıq kommunal infrastruktur proqramı II” çərçivəsində 24 kilometr uzunluğunda Göygöl-Gəncə magistral su kəməri istismara verilib və Gəncə şəhərinə yeni qurğulardan içməli suyun verilməsi təmin edilib. Bu günlərdə inşası yekunlaşmış 16,5 kilometr uzunluqda Şəmkirçay-Şəmkir magistral xəttinin istifadəyə verilməsi ilə Şəmkir şəhəri daha məhsuldar mənbə hesabına içməli su ilə təmin ediləcək. Regionlarda həyata keçirilən layihələr çərçivəsində içməli su çatışmazlığının müşahidə olunduğu kəndlərin də probleminin həllinə xüsusi diqqət yetirilir.
Abşeron yarımadasının şəhər, qəsəbə və kəndlərində su təchizatı, kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün hazırlanmış Master Planın ən böyük layihələrindən olan Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğusunun tikintisi yekunlaşmaq üzrədir. Məhsuldarlığı saniyədə 6 kubmetr təşkil edəcək qurğu Abşeron yarımadasında 1 milyondan artıq insanın içməli su təchizatının yaxşılaşmasına imkan verəcək. Bu layihənin tərkib hissəsi olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə magistral su kəməri 2014-cü ildə tikilib istismara verilib və mövcud qurğular hesabına Abşeron yarımadasında bir çox yaşayış məntəqələrinin içməli su təchizatı yaxşılaşdırılıb.
Son illər görülmüş işlər nəticəsində Abşeron yarımadasında 260 min nəfər ilk dəfə mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin edilib, fasiləsiz su alanların sayı 900 min nəfərdən 2 milyon 40 min nəfərə çatdırılıb.
Ümumilikdə, son 11 il ərzində 6300 kilometr magistral və paylayıcı su xətti, 2130 kilometr kanalizasiya kollektoru xətti, 157 su anbarı, 86 su və kanalizasiya-nasos stansiyası tikilib istismara verilib.
Su təchizatı sahəsində görülən böyük işlər əhaliyə verilən suyun keyfiyyət göstəricilərinin müasir metodlarla tədqiqini və daim nəzarətdə saxlanılmasını zəruri edir. Bunu nəzərə alaraq, yeni Mərkəzi Laboratoriya yaradılıb və burada quraşdırılmış müasir avadanlıqların köməyi ilə içməli suyun 84, tullantı sularının 54 olmaqla, 138 parametrini təyin etmək mümkündür.
Elmi-praktik konfrans məruzələrlə
davam etdirildi.
Sonda konfrans iştirakçıları adından
Prezident İlham Əliyevə müraciət
qəbul olundu.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 iyun.- S. 10.