“ADA” Universitetində
iqlim dəyişikliklərinin səbəbləri
və həll yollarına dair müzakirələr
aparılır
İyunun
5-də “ADA” Universitetində “İqlim dəyişikliklərinin
səbəbləri və həll yolları: hökumət tərəfindən
görüləcək işlər, vətəndaş cəmiyyətinin
öhdəlikləri və texnoloji həll yolları”
mövzusunda konfrans işə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “ADA” Universitetinin rektoru Hafiz Paşayev, Fransanın Azərbaycandakı səfiri Paskal Mönye, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov çıxış edərək mövzunun aktuallığından danışıblar. Bildirilib ki, iqlim dəyişikliyi bizim və yeni nəslin gələcəyinə təsir edir. Nəsli kəsilməkdə olan növlər hər il artır. Bəzi proqnozlar 2100-cü ildə dəniz səviyyəsinin bir neçə metr yüksələcəyini bildirir. Buna görə də təbii fəlakətlərə yol açan iqlim dəyişikliyinin qarşısının alınması üçün bütün səylər birləşdirilməlidir.
Qeyd olunub ki, vətəndaş cəmiyyətlərini və yerli xalqları təmsil edən 130-dan çox ölkə 2020-ci ilədək meşələrin qırılmasını yarıyadək azaltmağı vəd edir.
Konfransda, həmçinin Azərbaycanda ətraf mühitin qorunması istiqamətində görülən işlərdən danışılıb.
Panellərlə davam
edən tədbirdə, eyni zamanda, BMT-nin rezident əlaqələndiricisi Antonius Bruk, BMT-nin Ətraf Mühit
Proqramının ölkə üzrə əlaqələndiricisi
Mahir Əliyev, Alternativ
və Bərpa Olunan Enerji
Mənbələri üzrə Dövlət Agentliyinin,
müxtəlif qeyri-hökumət təşkilatlarının
nümayəndələri də mövzu
ətrafında çıxış ediblər.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 iyun.- S.11.