IDEA İctimai Birliyi Azərbaycan
Respublikasının Prezidenti yanında Gənclər
Fondu ilə əməkdaşlığa
başlayır
IDEA İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu ilə ekologiya sahəsində birgə əməkdaşlığa başlayıb.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, bu məqsədlə iyunun 5-də tərəflər arasında əməkdaşlıq sazişi imzalanıb. Sazişə əsasən IDEA İctimai Birliyi və Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu arasında ekoloji maarifləndirmənin gücləndirilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə, tullantıların idarə olunması, meydana çıxan ekoloji çağırışlarla mübarizə, biomüxtəlifliyin qorunması, davamlı inkişafın təşviqi, ekoloji məsuliyyətin təbliği, ekoloji qiymətləndirmə kimi sahələrdə əməkdaşlıq və müvafiq layihələrin həyata keçirilməsi nəzərdə tutulur.
IDEA İctimai Birliyi 2011-ci ildə ətraf mühit sahəsində ictimai maarifləndirmənin gücləndirilməsi, ekoloji problemlərinin səmərəli həlli yollarının tapılmasına gənclərin cəlb olunması və bu sahədə təlim-tədrisin təşviqi məqsədilə təsis edilib. Ötən dövrdə IDEA ətraf mühitin mühafizəsi və ekoloji problemlərin həlli sahələrində gənclərin geniş kütlələrinin iştirakı ilə mühüm milli və regional layihələr həyata keçirib, beynəlxalq tədbirlər təşkil edib və bu sahədə fəaliyyət göstərən milli və beynəlxalq strukturlar ilə əməkdaşlıq əlaqələri qurub.
“Azərbaycan Respublikasının
Prezidenti yanında Gənclər Fondunun Əsasnaməsi”ndə gənclərin ekoloji maarifləndirilməsi məqsədi ilə
onlar arasında müxtəlif tədbirlər,
o cümlədən təlim və tətbiqi
layihələrin həyata keçirilməsi Gənclər Fondunun əsas vəzifələrindən
biri kimi müəyyən
olunub. IDEA və Gənclər Fondu arasında qurulacaq əməkdaşlıq
əlaqələri bu vəzifənin həyata
keçirilməsi məqsədinə xidmət edəcək.
AZƏRTAC
Azərbaycan.- 2015.- 6 iyun.- s.12.