Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli
qərarı ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim
zolağının ölçüləri”ndə dəyişikliklər
edilməsi haqqında
Azərbaycan Respublikasının
Nazirlər Kabinetinin qərarı
¹ 202
Bakı şəhəri,
26 may 2015-ci il
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 sentyabr tarixli 317 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 10, maddə 1288) ilə təsdiq edilmiş “Avtomobil yollarının təhkim zolağının ölçüləri”ndə aşağıdakı dəyişikliklər edilsin:
1. 1.4-cü, 2.5-ci və 3.1-ci bəndlər aşağıdakı redaksiyada verilsin:
“1.4. Ümumi istifadədə olan respublika və yerli əhəmiyyətli, habelə şəhər avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz.
2.5. İstehsalat obyektlərinin və avtomobil yollarının ayrı-ayrı tikinti elementlərinin yerləşdirilməsi üçün tələb olunan torpaq sahəsinin ölçüləri 16 nömrəli cədvələ uyğun olaraq təyin edilir.
3.1. Avtomobil yollarının təhkim zolağının ölçüləri müəyyən edilərkən, avtomobil yollarının aşağıda göstərilən hissələrinin torpaq yatağı fərdi layihələndirilmə tələb etdiyindən, 1-15 nömrəli cədvəllərdə göstərilən ölçülər bu sahələrə şamil edilmir:
3.1.1. tökmələrin hündürlüyünün və ya qazmaların dərinliyinin maksimal həddi 12 metrdən çox olan;
3.1.2. körpülərə, yol ötürücülərinə və tunellərə yanaşmalarda yerləşən.”.
2. Aşağıdakı məzmunda 1.5-ci və 3.1-1-ci bəndlər əlavə edilsin:
“1.5. Azərbaycan Respublikasının Asiya avtomobil yolları şəbəkəsinə daxil olan yollarının layihələndirilməsi zamanı Azərbaycan Respublikasının 2005-ci il 5 aprel tarixli 878-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Asiya Avtomobil Yolları Şəbəkəsi haqqında Hökumətlərarası Saziş”ə əsasən müəyyən olunmuş layihələndirmə normaları tətbiq edilir.
3.1-1. Avtomobil yollarının bu sənədin 3.1-ci bəndində sadalanan sahələrinin normaları ərazi planlaşdırılması sənədləri və tikinti layihəsi əsasında müəyyən edilir.”.
3. 3.2-ci, 3.6-cı bəndlər və 16 nömrəli cədvəlin “Qeydlər”i ləğv edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının Baş naziri
Azərbaycan. - 2015.- 7 iyun.- S.5.