Heydər Əliyev
Fondunun yeni layihəsi
olan “XX-XXI əsr Azərbaycan rəngkarlığı”
ekspozisiyası açılıb
İyunun
8-dən Dövlət Bayrağı Meydanı ərazisində
Heydər Əliyev Fondunun daha bir layihəsi olan yeni ekspozisiya
açılıb. Bu, ölkəmizin təsviri incəsənətinin
inkişafının yüzillik tarixini əhatə edən
“XX-XXI əsr Azərbaycan rəngkarlığı”
ekspozisiyasıdır.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, xanımı,
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və
Fondun vitse-prezidenti Leyla Əliyeva ekspozisiyanın
açılışında iştirak ediblər.
Məlumat
verildi ki, burada özündə dəzgah rəngkarlığının
əsasını qoymuş ilk peşəkar rəssamlarla
yanaşı, həm tanınmış korifeylərin, həm
də qismən unudulan sənətkarların əsərləri
sərgilənir.
Müasir Azərbaycanın təsviri incəsənət tarixi nisbətən gəncdir və XX yüzilliyin birinci yarısına təsadüf edir. Avropa incəsənət ənənələri Azərbaycana hələ XVIII əsrdən nüfuz etməyə başlayıb. Lakin müasir təsviri incəsənət məktəbinin formalaşmasında ciddi və əhəmiyyətli addım Bakıda 1920-ci ildə ilk Rəssamlıq Məktəbinin açılışı ilə atılıb. Artıq Rəssamlıq Məktəbinin ilk buraxılışı Azərbaycana əsl sənətkarları – milli rəngkarlıq məktəbinin formalaşmasının əsasında duran çox müxtəlif və son dərəcə istedadlı rəssamları bəxş edib. Milli rəngkarlıq məktəbinin inkişafında növbəti mərhələdə rəssam-nonkonformistlər tamamilə başqa bədii -plastik məsələləri həll etməklə Azərbaycanda avanqardizm üçün yol açıblar. Onların əsərləri müasir təsviri incəsənətin əsasını qoyub. Bu parlaq və bənzəri olmayan sənətkarların yaradıcılıq metodu “Abşeron rəngkarlıq məktəbi” adını alıb.
Bu gün Azərbaycanda incəsənətin inkişafı üçün bütün imkanlar mövcuddur. Yeni formasiya rəssamlarının yaradıcılığı əsl düşüncə oyunlarıdır.
Sərgi realizm, modernizm və postmodernizm kimi bir-birindən fərqlənən bədii
istiqamətlərdən bəhs edir və
Azərbaycan təsviri incəsənətinin parlaq,
sirli və dərkedilməz dünyası
ilə tanış olmağa imkan yaradır.
AZƏRTAC
Azərbaycan.-2015.- 9 iyun.- S. 3.