Mehriban Əliyeva xeyirxahlığın
və ümidin mücəssəməsidir
Özbəkistanda populyar olan “uchildiz.uz” saytı və “podrobno.uz” Xəbərlər Agentliyi öz səhifələrində Tulkin Eşbeyin “Mehriban Əliyeva xeyirxahlığın və ümidin mücəssəməsidir” sərlövhəli məqaləsini yerləşdiriblər. AZƏRTAC məqaləni təqdim edir.
Mehriban Əliyeva yaşından, milliyyətindən və dini etiqadından asılı olmayaraq milyonlarla insanın ürəyini necə fəth edib? Cavab sadədir. Ona ətrafdakılara humanist münasibətinə, ehtiyacı olan insanlara qayğı göstərdiyinə və kömək etdiyinə, onların dərdinə şərik çıxdığına və lazımlı məqamda yanlarında olduğuna görə ehtiram bəsləyir və sevirlər.
Mehriban Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri və İSESCO-nun ilk qadın xoşməramlı səfiridir.
Mehriban Əliyeva Azərbaycan mədəniyyətini daha geniş təbliğ etmək məqsədi ilə üç dildə (Azərbaycan, rus və ingilis) nəşr olunan “İRS – Naslediye” jurnalını təsis edib.
2002-ci ildə Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Onun təşkilatçılıq bacarığı və beynəlxalq səviyyədə nüfuzu 2003 və 2004-cü illərdə bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının, habelə 2005-ci ildə dünya çempionatının Azərbaycanda keçirilməsi haqqında qərar qəbul edilməsində həlledici rol oynayıb.
Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr səhiyyə, mədəniyyət, sosial sahə, ekologiya, idman və digər istiqamətləri əhatə edir. Onun müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilən fəaliyyəti cəmiyyətin həyatında Azərbaycan qadınının rolu haqqında aydın təsəvvür yaradır. Mehriban xanım özünü reallaşdıra bilən harmonik, məqsədyönlü və güclü qadınların etalonuna çevrilib.
Azərbaycan qadınları Mehriban xanımın timsalında təkcə lider və ictimai xadim deyil, həm də ehtiyacı olanların hamısına yardım əli uzadan etibarlı arxa, doğma insan görürlər.
Bütün bəşəriyyətə məxsus tarix və mədəniyyət abidələrinin bərpası Mehriban Əliyevanın qarşıya qoyduğu vəzifələrdən biridir. Azərbaycan Versal sarayı parkında mədəniyyət abidələrinin, Luvrda İslam incəsənəti bölməsinin, Berlin qəsrinin, Romadakı Kapitoli Muzeyində “Filosoflar zalı”nın və başqa mədəniyyət abidələrinin bərpa olunmasında fəal iştirak edir.
O, ətraf mühitin mühafizəsi, o cümlədən yaşıllıqların qırılması ilə bağlı problemlərə xüsusilə həssas yanaşır. Onun göstərişi ilə Fondun əməkdaşları dəfələrlə ağacların kəsildiyi yerlərə gedərək, nadir ağacların məhv edilməsinin qarşısını operativ şəkildə alıblar. Məhz Mehriban Əliyevanın təşəbbüsü ilə 2007-ci ildən başlayaraq ölkə ərazisində milyonlarla ağac əkilib.
Azərbaycanı dünyaya olduğu kimi - tarixən müxtəlif xalqlar və dinlər arasında qarşılıqlı hörmətə və etimada əsaslanan səmimi dostluq və əməkdaşlıq münasibətlərinin mövcud olduğu, yüksək tolerantlıq ənənələrinin formalaşdığı dünyəvi, çoxmillətli və çoxkonfessiyalı dövlət kimi təqdim etmək ölkənin birinci xanımının fəaliyyətində prioritet məsələlərdən biridir.
Onun təşəbbüsü ilə həyata keçirilən “Azərbaycan - tolerantlıq ünvanı” layihəsi çərçivəsində Bakıda Pir Həsən ziyarətgahı, “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsi və Müqəddəs Mirodaşıyan Qadınlar Kafedral Kilsəsi, Şamaxıda Cümə məscidi və Gəncədə “Həzrəti Zeynəb” məscidindən tutmuş Fransanın müxtəlif bölgələrində kilsələrin, Strasburqda XIV əsr Kafedral Kilsəsinin vitrajlarının bərpasına, habelə Həştərxanda Knyaz Vladimirə abidə ucaldılmasına qədər müxtəlif dini obyektlərdə bərpa işləri aparılıb. Beynəlxalq birlik Mehriban Əliyevanın təşəbbüsü ilə Müqəddəs Roma katakombalarının bərpa olunmasını xristian aləminin müqəddəs abidələrinin qorunub saxlanılmasına müsəlman dünyasının töhfəsi kimi qəbul edir.
Mehriban xanımın rəhbərliyi ilə bir çox əhəmiyyətli layihələr həyata keçirilib. O, milli-mədəni dəyərlərin qorunub saxlanmasına və dünyaya təqdim olunmasına töhfə verir, istedadlı gəncləri - idmançıları, rəssamları, musiqiçiləri dəstəkləyir. O, minlərlə adama sağlamlığını və ümidini qaytarıb. Bütün bunlar bir məqsədlə - xalqının və Vətəninin rifahına xidmət məqsədi ilə edilib. Onun fəaliyyəti insanları xeyirxah işlərə ruhlandırır, cəmiyyətdə mərhəmət və şəfqət kimi əbədiyaşar dəyərlərin təsdiqinə xidmət edir.
Heydər Əliyev Fondunun prezidentinin təşəbbüsü ilə Azərbaycanda talassemiyalı xəstələr üçün Mərkəz inşa edilib. Burada talassemiyanın istər elmi, istərsə də praktiki cəhətdən öyrənmək üçün hər cür şərait yaradılıb.
Mehriban Əliyevanın sayəsində cəmiyyətin sosial həyatında xeyriyyəçilik və mesenatlıq ənənələri dirçəldildi. O, bütün sosial problemlərin yalnız dövlət tərəfindən həll olunması barədə ictimai şüurda kök salmış təsəvvürləri dağıtdı və onların həllində cəmiyyətin bütün zümrələrinin iştirak etməyə can atmasına nail oldu.
Dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyəti günlərinin, Azərbaycanın dövlət müstəqilliyinin bərpası, habelə xarici ölkələrlə diplomatik münasibətlərin qurulması münasibətilə tədbirlərin keçirilməsi, onun təşəbbüsü ilə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzinin açılması, Avropa Parlamentinin və UNESCO-nun mənzil-qərargahlarında, BMT-nin Cenevrədəki qərargahında silsilə tədbirlərin təşkil edilməsi bir məqsədə - beynəlxalq arenada ölkənin mövqelərinin möhkəmlənməsinə və imicinin yaxşılaşmasına xidmət edir.
Mehriban Əliyevanın 2015-ci ildə Bakıda birinci Avropa Oyunlarının keçirilməsinə hazırlıq üzrə Təşkilat Komitəsinə başçılıq etməsi onun fəaliyyətinin Azərbaycan dövlətinin rifahına və beynəlxalq arenada ölkənin nüfuzunun yüksəlməsinə dəlalət edir.
Tarixdə birinci Avropa Oyunlarının 2015-ci ildə Azərbaycanın paytaxtında - Bakı şəhərində keçirilməsi haqqında qərar 2012-ci ilin dekabrında Romada qəbul edilib.
Oyunlar hazırda qitənin 50 milli Olimpiya komitəsini birləşdirən, qərargahı Lozannada yerləşən Avropa Olimpiya Komitəsi tərəfindən keçirilir. Oyunların açılış mərasimi 2015-ci il iyunun 12-də, bağlanış mərasimi isə iyunun 28-də olacaq.
Bu, tarixi qərar idi, çünki digər kontinental oyunlardan fərqli olaraq, Avropa Oyunları heç vaxt keçirilməyib. Bu, Avropa Olimpiya ailəsinin Azərbaycana göstərdiyi böyük etimad idi.
Bununla bərabər, son illər Azərbaycanda müasir idman infrastrukturu yaradılıb. Azərbaycanın regionlarında 40-dan çox Olimpiya idman mərkəzi açılıb. Bakıda yaradılan və əsaslı təmir edilən bütün idman obyektləri ən yüksək standartlara cavab verir.
Son illər Azərbaycanda çoxsaylı dünya və Avropa çempionatları keçirilib. Əlbəttə, Azərbaycanın sürətli iqtisadi inkişafı bu qərarın qəbul edilməsində öz rolunu oynayıb.
Bu gün Azərbaycan və Bakı şəhəri artıq həmin Oyunların keçirilməsinə tam hazırdır.
Mehriban Əliyevanın rəhbərlik etdiyi Təşkilat Komitəsi etimadı yüksək səviyyədə doğruldur. Bu Oyunlar tarixə sadəcə birinci Avropa Oyunları kimi deyil, həm də ən gözəl Oyunlar kimi daxil olacaq. Bakı ağla gələn və gəlməyən bütün rekordları vurmağa hazırdır: cəmi iki il ərzində Azərbaycan birinci Avropa Oyunlarını Olimpiya oyunları vüsəti ilə keçirmək üçün bütün işləri görməyə macal tapıb.
Heç şübhəsiz,
Mehriban Əliyeva bu
işdə xüsusi zəhmət çəkib,
Vətəninin və Beynəlxalq Olimpiya
hərəkatının təbliğinə çox
mühüm töhfə verib.
Bu bir daha
onun öz Vətəninə
və xalqına böyük məhəbbətini
göstərir.
Azərbaycan.- 2015.- 9 iyun.- S. 5.