Minskdə X Belarus Beynəlxalq Media Forumu işə başlayıb

 

İyunun 8-də Belarusun paytaxtı Minsk şəhərində “Gələcək naminə tərəfdaşlıq: Böyük Qələbənin irsi” adlı X Belarus Beynəlxalq Media Forumu işə başlayıb.

Forumun işinə 20 ölkədən 400-dən artıq nümayəndə qatılıb. Tədbirdə Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov iştirak edir. Azərbaycanı media forumda, həmçinin “Bakinski raboçi” qəzetinin baş redaktorunun müavini İlqar İsmayılov, AZƏRTAC-ın Sosial şəbəkələr və informasiya resursları şöbəsinin müdiri Elşən Şahbalayev və “Kaspi” qəzetinin Siyasət və iqtisadiyyat şöbəsinin müdiri Roman Temnikov təmsil edirlər.

Belarusun informasiya naziri Liliya Ananiç forumun beynəlxalq informasiya məkanının inkişafına, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu qeyd edib. O bildirib ki, hazırda informasiyanın təsir gücünün artdığı bir zamanda media strukturlarının üzərinə böyük məsuliyyət düşür.Belarus Prezidenti Aleksandr Lukaşenkonun tədbir iştirakçılarına təbrik məktubu oxunub. Məktubda deyilir: “Belarus Beynəlxalq Media Forumu xalqlar arasında etimadın möhkəmlənməsinə töhfə verəcək”. Dövlət başçısı bildirib ki, Qələbənin 70 illiyinin qeyd edildiyi bir vaxtda keçirilən forumun əhəmiyyəti də artır, bu irsin qorunub saxlanması işində kütləvi informasiya vasitələrinin üzərinə böyük vəzifə düşür.

Forumda həmçinin Belarus Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Buzov, Rusiyanın TASS informasiya agentliyinin baş direktoru Sergey Mixaylov və başqaları çıxış ediblər. Tədbir çərçivəsində Belarusun BelTA agentliyinin fotoları əsasında “Böyük Qələbənin mərhələləri” sərgisi keçirilib.

Forumda qlobal dünyada yeni medianın rolu, yeni geosiyasi reallıqlar dövründə müasir dünya və digər mövzularda müzakirələr aparılacaq.

 

AZƏRTAC

 

Azərbaycan.- 2015.- 9 iyun.- S.5.