I Avropa Oyunları Azərbaycanı dünyaya daha yaxından tanıdacaq

 

Bir dövlətin tarixikeçdiyi inkişaf yolu baxımından 24 il elə də böyük müddət sayılmır. Lakin müasir və müstəqil Azərbaycan dövlətinin timsalında artıq sübut olunub ki, qısa zaman kəsiyində xarüqələr yaratmaq, dünyaya səs salan mühüm uğurlara imza atmaq mümkündür. Azərbaycanın müstəqilliyinin ilkin çağlarının inkişaf deyil, xaos, anarxiya dövrü olduğunu nəzərə aldıqda isə qazandığımız nailiyyətlərin möhtəşəmliyi, əzəməti daha dərindən hiss olunur.

1991-ci ildə dövlət müstəqilliyimizi bərpa edəndə yaşadığımız sevinc çox keçmədən sabaha olan inamsızlıqla əvəz olunsa da, ulu öndər Heydər Əliyevin hakimiyyətə dönüşü ilə xalqımızın müstəqillik amalları gerçəkləşdi, Azərbaycan dövləti məhv olmaq təhlükəsindən xilas oldu.

Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı yolunda atdığı hər bir addım, ölkəmizi informasiya blokadasından çıxardı. Hələ 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması bir tərəfdən Azərbaycanın öz sərvətlərinə tam sahib olmasının bariz nümunəsi idisə, digər tərəfdən müstəqil dövlətimizi bütün dünyaya tanıtdı. Sonrakı dövrdə Azərbaycanın təşəbbüsü ilə Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişi Heydər Əliyevin neft strategiyasının təntənəsi olmaqla bərabər, Azərbaycanın dünyada tanıtımı idi.

Son illər Azərbaycanda vüsət alan dinamik inkişafa paralel olaraq qazanılan və ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artıran möhtəşəm uğurlarımızın sayı çoxalıb. Prezident İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasətin nəticəsi olaraq əldə edilən hər bir uğur göstərir ki, ulu öndər Heydər Əliyevin ideyaları gerçəkləşib, həyatda öz təsdiqini tapıb. Biz müstəqilliyimizi elan edəndə heç düşünə də bilməzdik ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasının nəinki üzvü olacaq, həm də ona rəhbərlik edəcək. Lakin Azərbaycan artıq BMT Təhlükəsizlik Şurasına sədrlik etmiş dövlət kimi adını tarixə yazıb. O cümlədən, Azərbaycanın orbitə öz peykini göndərməsi bir vaxtlar bizə xəyal görünürdü. Bu gün isə fəzada iki peyki var və 2013-cü ildən Azərbaycan kosmik klubun üzvüdür.

Azərbaycanın təşəbbüsü ilə çəkilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakıda “Şahdəniz” yatağının ikinci mərhələsinin işlənməsinə dair sazişin imzalanması, ötən ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümündə “Cənub” qaz dəhlizinin təməlinin qoyulması Azərbaycanın inkişafının və yüksələn beynəlxalq nüfuzunun, söz sahibinə çevrilməsinin göstəriciləridir. Eyni zamanda, bütün bu faktların hər biri dünya birliyinin Azərbaycanı daha yaxından tanıması istiqamətində qazanılan misilsiz nailiyyətlərdir. Bütün bunlarla yanaşı, Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər, mədəniyyətlərarası və humanitar forumlar, nüfuzlu idman yarışmaları, dünyada multikulturalizm və tolerantlıq dəyərlərinin bərqərar olmasına verdiyi dəyərli töhfələr ölkəmiz barədə təəssüratları dəyişir, imicinə müsbət təsir göstərir.

Azərbaycan dövləti tarixinə əbədi həkk olunan möhtəşəm hadisə ərəfəsindədir. Cəmi bir neçə gündən sonra Bakıda tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunları start götürəcək. Hələ üç il əvvəl Avropa Olimpiya Komitəsi I Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul etməsi ölkəmizdə böyük sevinc hissi ilə qarşılanmışdı. Çünki Avropa Oyunları sıradan bir idman turniri deyil. Bu, Olimpiya Oyunlarına bərabər tutulan və qitənin bütün ölkələrinin iştirak etdiyi, minlərlə idmançının mübarizə apardığı bir idman müsabiqəsidir. Bu cür idman tədbirlərinə ev sahibliyi etmək isə hər bir dövlətin daimi arzusudur. Lakin bu, hər dövlətə müyəssər olmur. Bu baxımdan I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı Avropa Olimpiya Komitəsinin qərarı ölkəmizin son illər qazandığı uğurların sırasına birini də əlavə etdi.

Bu qərarın qəbul olunmasında bir neçə amil mühüm rol oynayıb. Bunlar Azərbaycanın inkişafı, ictimai-siyasi sabitliyi, beynəlxalq tədbirlərin təşkilində ortaya qoyduğu ideal təşkilatçılıq, idman ölkəsinə çevrilməsi, o cümlədən son 15 ildə idman infrastrukturunu tamamilə yenilənməsidir. Ölkəmiz son illərdə inkişaf tempinə görə dünyanın öncülləri sırasındadır. Azərbaycanda ictimai-siyasi sabitliyik bərərar olubheç bir qüvvə bunu pozmaq iqtidarında deyil. Ökəmizdə 40-dan artıq yeni Olimpiya idman kompleksi və digər idman kompleksləri inşa olunub. İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir Olimpiya kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Bütün bunlar təsdiq edir ki, Azərbaycanın da ilk Avropa Oyunlarına ev sahibliyi etməyə tam haqqı çatır və bu Oyunların harada keçirilməsi məsələsi müzakirə olunarkən Avropa Olimpiya Komitəsi təbii ki, bu reallıqları nəzərə alıb.

Artıq I Avropa Oyunlarına hazırlıq ən yüksək şəkildə tam yekunlaşıb və idman arenaları idmançıların mübarizəsini gözləyir. Amma kənardan asan görünən bu hazırlıq işləri əslində, fədakar və gərgin fəaliyyətin nəticəsidir. Məlum olduğu kimi, Olimpiya Oyunlarına ev sahibliyi edən ölkənin hazırlıq işləri üçün qarşıda 8 il vaxtı olur. Lakin 2013-cü ilin yanvarında Prezident İlham Əliyevin sərəncamı ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın rəhbərliyi ilə I Avropa Oyunlarının Təşkilat Komitəsi yarananda hazırlıq işləri üçün cəmi 2,5 il vaxt var idi. Digər tərəfdən, Yay Olimpiya Oyunlarının keçirilməsində artıq tarixən formalaşmış təcrübə var. Bununla bağlı Beynəlxalq Olimpiya Komitəsinin hər bir sahə üzrə təlimatları, müəyyən edilmiş metodiki qaydaları var. Avropa Oyunları isə tarixdə ilk dəfə keçirildiyindən hər hansı təlimat və qayda yox idi. Buna baxmayaraq, Təşkilat Komitəsi Mehriban xanım Əliyevanın rəhbərliyi ilə hazırlıq işlərini ən yüksək səviyyədə, hər bir beynəlxalq tədbir təşkilatçısına nümunə ola biləcək şəkildə başa vurub.

Xatırladaq ki, 2012-ci ildə Bakıda keçirilən 57-ci “Eurovision” mahnı müsabiqəsinin ən yüksək səviyyədə təşkili bütün Avropada etiraf olundu. O zaman Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin fəaliyyəti nəticəsində hazırlıq işləri bir ildən də az vaxtda həyata keçirildi, mahnı yarışması ən yüksək səviyyədə təşkil edildi. Yarışmanın keçirilməsi ilə bağlı hər istiqamət üzrə plan hazırlandı və həm şounun təşkili, həm də müsabiqəyə hazırlıqla bağlı işlər sürətlə aparıldı. Avropa Yayımları Birliyinin mütəxəssisləri də görülən işləri yüksək qiymətləndirdilər. Mahnı yarışmasının yüksək səviyyədə təşkili və keçirilməsi Azərbaycanın beynəlxalq miqyasda nüfuzunun daha da yüksəlməsinə təkan verdi. Azərbaycan 2012-ci ildə bu müsabiqəyə yüksək səviyyədə ev sahibliyi etməklə bütün Avropaya ideal təşkilatçılıq və yüksək qonaqpərvərlik örnəyi oldu.

Bu dəfə isə cəmi iki ilə hazırlıq işləri başa çatdı. Bu dövrdə Bakıda 5 yeni və möhtəşəm idman qurğusu inşa edildi. Bu müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Velopark inşa olundu. Yarışların keçiriləcəyi digər idman kompleksləri ən müasir standartlar səviyyəsində yenidən quruldu. İstifadəyə verilən hər bir idman qurğusu dünyada idman ölkəsi kimi tanınan, Olimpiya hərəkatına dəstəyi dövlət siyasətinin əsas istiqamətlərindən biri olan Azərbaycanın uğurlu inkişafının göstəricisidir.

I Avropa Oyunlarının başlamasına sayılı günlər qalır. Bütün dünya iyun ayının 12-dən 28-dək tarixdə ilk dəfə keçiriləcək bu Oyunların möhtəşəm təşkilinə, Azərbaycanın inkişafına, nümunəvi ev sahibliyinə, xalqımızın gözəl dəyərlərinə şahidlik edəcək. Lakin Azərbaycanın özündə bu möhtəşəm idman yarışının həyəcanı məşəlin yandırıldığı gündən başlayıb. Məşəl simvol sayıldığından Bakıda I Avropa Oyunlarının məşəlinin alovlandırılması ölkəmizin və eləcə də dünyanın idman tarixində əlamətdar hadisələrdən biri idi. Ona görə aprelin 26-sı ilk Avropa Oyunlarının həyəcanının başlanğıc günü kimi tarixə düşdü. Olimpiya ənənəsinə uyğun olaraq, estafet qədim od məbədi olan “Atəşgah”dan başladı. Bu mənada Təşkilat Komitəsinin təqdirəlayiq addımlarından biri də I Avropa Oyunlarının sevincini bütün Azərbaycan xalqına yaşatması idi.

Prezident İlham Əliyevin alovlandırdığı I Avropa Oyunlarının məşəli ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzdi, hər yerdə böyük coşqu və təntənə ilə müşayiət olundu. Öncə onu qeyd edək ki, I Avropa Oyunlarının alovlandırılmasının bir rəmzi mənası var. Çünki Olimpiya məşəlinin alovlandırılmasının və estafetin müasir ənənəsinin əsasını qoymuş, qədim idman oyunlarını yaratmış yunan sivilizasiyası odu, alovu müqəddəs sayırdı. Eynilə Azərbaycan da tarixən “Odlar diyarı” kimi tanınmışdır. Odur ki, bu Oyunların ən mühüm elementlərindən biri - ölkəmizin milli rəmzlərindən olan alov, eyni zamanda, Olimpiya hərəkatının gücünün və qüdrətinin əsas təcəssümüdür. Odur ki, I Avropa Oyunlarının məşəli ölkəmizin tarixinin, adət-ənənələrinin tərənnümü idi. Digər tərəfdən, məşəl Azərbaycanın yüksəlişinin, inkişafının carçısı idi. Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzu, iqtisadi inkişafı, həyata keçirdiyi layihələr ölkəmizin yüksəlişinin ayrı-ayrı nümunələridir. Həmçinin ölkəmizin regionları ilə də bağlı düşünülmüş və əsaslandırılmış proqramlar icra olunur. Son illər Azərbaycanın bütün şəhər və rayonları böyük inkişaf yolu keçib, yenidən qurulub, abadlaşıb. Ölkə vətəndaşlarının sosial rifahı yüksəlib. I Avropa Oyunlarının məşəlinin səyahətini izləyən hər kəs bir daha Azərbaycanın bölgələrinin, hətta düşmənlə üz-üzə dayanmış cəbhəyanı rayonların inkişafını, o yerlərin sakinlərinin qətiyyətini görmək imkanı əldə etdi. Odur ki, I Avropa Oyunlarının məşəli Azərbaycanın dünya tərəfindən yaxından tanınması və ölkəmizin dəyərlərinin təbliği üçün mühüm addım oldu. Bütün dünya Azərbaycanın sülhsevər və dinamik inkişaf edən ölkə olduğunu gördü. Artıq məşəlin Bakı estafeti başlayıb. İyunun 7-də Prezident İlham Əliyev tərəfindən məşəlin qəbul edilməsi hər birimizdə qürur və fərəh hissi doğurur.

Azərbaycan I Avropa Oyunlarını ən yüksək səviyyədə, layiqincə təşkil edəcək və bu, ölkəmizin beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində daha önəmli yer tutmasına şərait yaradacaq. Təcrübə göstərir ki, bu cür beynəlxalq yarışlar ölkəyə turizm axınını da sürətləndirir ki, bu da mühüm iqtisadi dividend deməkdir. Ən əsası, Azərbaycan I Avropa Oyunlarının keçirildiyi ilk ölkə kimi adını tarixə yazacaq və ölkəmizdə müəyyən olunan modelstandartlar gələcək oyunların hər biri üçün nümunə olacaq.

Bakıya gələn hər bir xarici qonaq xalqımızı daha yaxından tanıyacaq, öyrənəcək və bu, ölkəmizlə bağlı dünya ictimaiyyətinin təəssüratının daha düzgün formalaşmasına töhfə verəcək. Lakin təcrübədən o da məlumdur ki, qazandığımız bu uğuru gözü götürməyən müəyyən xarici dairələr və onların yerli əlaltıları hər dəfə beynəlxalq tədbirlər ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyasına başlayırlar. Belə çirkin kampaniyalar zamanı köhnə ssenarilər yenidən dövriyyəyə buraxılır. I Avropa Oyunları ərəfəsində də Azərbaycana və bu idman tədbirinə kölgə salmağa cəhdlər olunur. Bunun da sifarişçisi Ermənistan, erməni lobbisi və ermənipərəst dairələrdir. Lakin təcrübə göstərir ki, bütün bu çirkin əməllər daim nəticəsiz qalıb. Bu gün Azərbaycan daha güclü, daha qüdrətlidir. Güclü dövlətə isə təsir etmək mümkün deyil. Ona görə ölkəmizə qarşı baş qaldıran yeni qarayaxma kampaniyası əvvəllər olduğu kimi indiiflasa uğrayacaq.

I Avropa Oyunları zamanı on minlərlə xarici vətəndaş Bakıya gələcək, dünyanın onlarla telekanalı Azərbaycandan bəhs edəcək. Bu zaman dünya ictimaiyyəti Azərbaycanın yüksəlişini, tərəqqisini bir daha görəcək, eyni zamanda, Dağlıq Qarabağ problemi ilə bağlı əsl həqiqətləri də eşidəcək. Bu isə dünya erməniliyinin yalanlarına, ölkəmizə qarşı apardığı qarayaxma kampaniyasına vurulan ən böyük zərbə olacaq.

 

Eldar QULİYEV,

Milli Məclisin deputatı, professor

 

Azərbaycan.- 2015.- 9 iyun.- S. 6.