Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirir

 

"Azərbaycan" qəzetində I Avropa Oyunlarına həsr olunan "dəyirmi masa"

 

Azərbaycan tarixinə qızıl hərflərlə yazılan növbəti möhtəşəm hadisə ərəfəsindədir. Bir neçə gündən sonra Bakıda I Avropa Oyunları start götürəcək. Avropa Oyunlarının ilk keçiriləcəyi ünvan kimi Azərbaycanın seçilməsi ölkəmizin həm tarixi uğuru, həm dünyada artan nüfuzunun göstəricisi, həm də yüksəlişinin beynəlxalq miqyasda etiraf olunmasıdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ilin yanvarında yaradılan I Avropa Oyunlarının Təşkilat Komitəsi ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə cəmi 2 il yarıma hazırlıq işlərini başa çatdırıb. Artıq xarici ölkələrin idmançıları və nümayəndə heyətləri tədricən Bakıya gəlməkdədirlər.

“Azərbaycan” qəzeti I Avropa Oyunlarının təbliğini, bu çərçivədə həyata keçirilən tədbirlərin əhatəli şəkildə işıqlandırılmasını ilk gündən diqqət mərkəzində saxlayır. Artıq xeyli müddətdir ki, bu möhtəşəm idman hadisəsi qəzetin prioritet mövzusudur. Oyunların məşəlinin səyahətinə geniş yer ayıran “Azərbaycan” may ayının sonunda - ilk Avropa Oyunlarına hazırlığın yekun mərhələsində görkəmli məşqçilərin və Olimpiya çempionlarının iştirakı ilə “dəyirmi masa” keçirmişdi.

Bu günlərdə “Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirir” mövzusunda növbəti “dəyirmi masa” keçirildi. “Azərbaycan” qəzeti redaksiyasındakı Heydər Əliyev və mətbuat muzeyində keçirilən “dəyirmi masa”nın iştirakçıları Milli Məclis Sədrinin birinci müavini Ziyafət ƏSGƏROV, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz QURBANLI, Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Bəxtiyar ƏLİYEV, Milli Məclisin deputatı, AMEA-nın Dünya Siyasəti İnstitutunun direktoru Musa QASIMLI, Milli Məclisin deputatı, “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü Elman MƏMMƏDOV, YAP Gənclər Birliyinin sədri Seymur ORUCOV və “Şöhrət” ordenli Olimpiya çempionu, Güləş Federasiyasının vitse-prezidenti Fərid MANSUROV I Avropa Oyunlarına hazırlıq və bu möhtəşəm idman tədbirinin mahiyyəti il bağlı fikirlərini bölüşdülər.

“Dəyirmi masa”nı giriş sözü ilə açan baş redaktor, Milli Məclisin deputatı Bəxtiyar SADIQOV dedi:

- “Azərbaycan” qəzeti 97 ildir ki, nəşr olunur. Bu müddətdə müxtəlif mövzulara həsr olunan “dəyirmi masa”lar keçirilib. Lakin bu gün ikinci dəfədir ki, qonaqlarımızla “dəyirmi masa” ətrafında idmandan danışırıq. Bu da səbəbsiz deyil. Bildiyiniz kimi, Azərbaycan I Avropa Oyunlarına evsahibliyi edir. Həmin möhtəşəm oyunlara isə cəmi bir neçə gün qalır. İstərdik ki, bu yarışlar barədə ətraflı fikir mübadiləsi aparaq, onun ölkəmiz və dövlətimiz üçün əhəmiyyətindən danışaq, bu barədə cəmiyyətə fikirlərimizi çatdıraq.

Dövlətimiz bu mötəbər yarışın keçirilməsinə qədər çətin və şərəfli bir yol keçib. Bunu unutmaq lazım deyil! Bugünkü “dəyirmi masa”nın iştirakçıları ölkəmizin müstəqilliyinin ilk illərində yaşadığımız çətinliklərin şahididirlər. Lakin keçən 20 ildən çox zaman kəsiyində yeni bir nəsil formalaşıb. Bu nəsil dövlət tərəfindən qayğı ilə əhatə olunub, bugünkü gənclik əmin-amanlıqda yaşayır. Biz gənclərimizə onlar üçün bu günləri bəxş edən ümummilli lider Heydər Əliyevin gördüyü nəhəng işlər barədə müntəzəm məlumat verməliyik.

1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyevə əvvəlki iqtidardan sosial-iqtisadi böhran, doğma yurd-yuvasından qovularaq çadırlara sığınmış 1 milyondan çox qaçqın və məcburi köçkün miras qalmışdı. Demək olar ki, dövlətin bütün idarəetmə mexanizmləri iflic vəziyyətində idi. Bir tərəfdən Ermənistanın işğalçılıq siyasəti, digər tərəfdən isə daxildəki dağıdıcı qüvvələr Azərbaycan dövlətçiliyini məhvolma həddinə gətirib çıxarmışdı.

Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti və qətiyyəti sayəsində xaosa, hərc-mərcliyə, iqtisadi böhrana, idarəçilikdə yaranmış mərkəzdənqaçma meyillərinə birdəfəlik son qoyuldu. Əvəzində iqtisadi inkişaf, sabitlik və səmərəli dövlət idarəetmə sistemi quruldu. Nəticədə ölkəmiz qısa bir zamanda bütün sahələrdə böyük uğurlar qazandı. Bu uğurlardan biri də idman sahəsindəki nailiyyətlərimizdir.

Nəinki Azərbaycanda, hətta dünya siyasəti aləmində Heydər Əliyev siyasi kursu anlayışı mövcuddur. Zaman bir daha göstərdi ki, bu kursun alternativi yoxdur. Çünki Heydər Əliyev kursu özündə siyasi sabitlik, iqtisadi inkişaf, sosial rifah, qüdrətli dövlət anlayışlarını ehtiva edir.

Həmin uğurlu siyasətin nəticəsidir ki, bu gün Azərbaycan dünyada inkişaf edən, siyasi sabitliyə, mükəmməl idarəetmə sisteminə sahib bir dövlət kimi tanınır. Azərbaycan əvvəllər inkişaf parametrlərinə görə regionun lider dövləti idi. Ancaq son illər ölkəmizin beynəlxalq aləmdə qazandığı uğurlara arxalanaraq qətiyyətlə deyə bilərik ki, indi dövlətimiz dünyada sayılıb-seçilən ölkələrdən biridir.

Ulu öndər Heydər Əliyev siyasi kursunun uğurlarından biri də gənclər siyasətinin işlənib hazırlanmasıdır. Gənclər öz potensialına görə cəmiyyətdə mühüm yer tutur və eyni zamanda onlar Azərbaycan dövlətinin gələcək idarəçiləridir. Dövlətimizin gələcəyi gənclərin intellektual və fiziki səviyyəsindən asılıdır. Odur ki, gənclərin hərtərəfli inkişafını dövlət özünün prioritet fəaliyyət sahələrindən biri hesab edir. Bununla bağlı ulu öndər “Dövlət gənclər siyasəti” haqqında fərman imzalayıb, ardınca “Gənclər siyasəti haqqında” qanun qəbul olunub, Azərbaycanda “Gənclər günü” təsdiqlənib. Bundan əlavə, gəncliyin inkişafı ilə bağlı Dövlət Proqramı da qəbul edilib.

Sözsüz ki, gənclər siyasətinin tərkib hissələrindən biri də ölkədə idmanın inkişafıdır. Hazırda ölkəmizdə idman dövlət siyasətinin tərkib hissəsidir. Ümummilli liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev idmana xüsusi qayğı göstərməsi ilə dünya liderləri arasında seçilir. Təsadüfi deyil ki, Azərbaycan idmanda ən böyük uğurlarını cənab İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin prezidenti seçiləndən sonra qazanıb. Prezident İlham Əliyev bu sahədə köklü dəyişikliklər edərək qısa müddət ərzində yaranmış bütün problemləri həll edib. Heç kimin yadından çıxmaz - həmin dövrəcən ölkəmizin ən böyük idman qurğuları öz funksiyasından kənara çıxaraq alver mərkəzlərinə çevrilmişdi. Belə acınacaqlı vəziyyət vaxtilə ölkəni idarə etmiş səriştəsiz iqtidardan qalan acı miras idi. Bizim nəsil bunun canlı şahididir.

Azərbaycan Prezidentinin qətiyyəti sayəsində qısa bir zamanda bütün idman qurğuları təmir edildi, eyni zamanda yeniləri tikilərək idmançıların ixtiyarına verildi. Çünki yüksək səviyyəli maddi-texniki baza olmadan idmanı inkişaf etdirmək mümkün deyil. Bundan əlavə, bölgələrdə Olimpiya idman komplekslərinin tikintisinə də start verildi. Demək olar, bu gün Azərbaycanın bütün bölgələrində Olimpiya idman kompleksləri fəaliyyət göstərir. Bunun nəticəsidir ki, hazırda müxtəlif beynəlxalq səviyyəli yarışlarda Azərbaycan bayrağının yüksəklərə qaldırılmasında və dövlətimizin himninin səslənməsində bölgələrdə yetişən idmançıların əməyi böyükdür.

Ziyafət ƏSGƏROV:

- Azərbaycanın və dünyanın idman ictimaiyyəti tarixi hadisə ərəfəsindədir. Cəmi bir neçə gündən sonra respublikamız tarixdə ilk dəfə keçiriləcək I Avropa Oyunlarına evsahibliyi edəcək. Artıq bütün təşkilati işlər ən yüksək səviyyədə başa çatıb və hazırda bütün diqqət I Avropa Oyunlarının məşəlinin səyahətinə yönəlib. Təbii sual doğur ki, bu Oyunlar niyə məhz Azərbaycanda keçirilməlidir? Sualda böyük məntiq var və məntiqin arxasında sözsüz ki, Azərbaycanda görülmüş xeyli işlər dayanır.

Ekskurs edərək keçən əsrin 90-cı illərinə qayıdaq. Azərbaycanın o zaman hansı vəziyyətdə olduğunu yenidən təsəvvürümüzə gətirək - biz o dövrü yaşamışıq. Gənclər, 20-21 yaşı olan insanlar isə həmin vaxt haqqında kitablardan, televiziyadan, bizdən eşidirdilər.

1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyi haqqında Akt qəbul olundu. Təəssüf ki, ondan sonrakı dövrdə hüquqi dövlət quruculuğu prosesində addımlar atılmadı. O, kağızda yazıldı, amma real olaraq heç nə edilmədi. O vaxtkı fərasətsiz iqtidar (əlbəttə, əgər ona iqtidar demək mümkündürsə), 1991, 1992-ci illərdə və 1993-cü ilin ortalarına qədər Azərbaycanda mövcud olan vəziyyət, xaos, qarışıqlıq, vətəndaş müharibəsi - hamısı yaxşı yadımızdadır.

1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə gedən proseslərin də şahidiyik. Bu vaxtdan sonra Azərbaycan ictimai-siyasi sabitliyə qədəm qoydu. 1994-cü ildə, hələ Azərbaycanın ilk milli Konstitusiyası qəbul edilməmiş, ölkənin taleyinin necə olacağı bilinməmiş ulu öndər dünyanın tanınmış neft-qaz şirkətlərini Bakıya yığdı və sentyabrın 20-də böyük kontrakt imzaladı. O vaxt həmin şirkətlər məhz ümummilli lider Heydər Əliyevə inandılar. Həm də qeyd edim ki, bunlar brend şirkətlər idi, elə təkcə BP-ni xatırlatmaq kifayətdir. Doğrudan da, şəxsiyyətin rolu böyük amildir. Onlara sual verəndə ki hansı ümidlə Azərbaycana gəlirsiniz, nəyə arxayınsınız, sığortanız varmı, hamısı bir ağızdan Heydər Əliyevə inandıqlarını deyirdilər. Onlar ulu öndərin nüfuzuna, intellektinə görə həmin kontraktı imzaladılar.

Ulu öndər Heydər Əliyev ağır vəziyyətdə ölkə daxilində siyasi sabitliyi təmin etmək, iqtisadi siyasətin prioritetlərini müəyyənləşdirmək, kompleks islahatlar proqramının həyata keçirilməsinə baza yaradan konsepsiya hazırlamaq kimi çətin vəzifənin öhdəsindən məharətlə gəldi. Bununla da əsaslı sosial-iqtisadi dəyişikliklərə start verildi. İqtisadiyyatda liberallaşmanı təmin etmək üçün addımlar atıldı, xüsusi mülkiyyətə əsaslanan bazar münasibətlərinin formalaşdırılmasına başlandı. Bununla da ölkəmizə investisiya qoymaq istəyən ölkələr üçün əlverişli şərait yarandı və Azərbaycanın dinamik inkişafının əsası qoyuldu.

1995-ci ildə Azərbaycanın ilk milli Konstitusiyası qəbul edildi. Bu da çox böyük bir tarixi hadisə idi. Sovet dönəmindən bəri bu, bizim ilk milli Konstitusiyamız idi. Bundan sonra Azərbaycanda artıq hüquqi dövlət quruculuğunun normativ əsasları qoyulmağa başladı. Azərbaycan parlamenti müxtəlif qanunlar qəbul etdi. Artıq 2003-cü ilə qədər Azərbaycanda dövlət mexanizmi baş tutdu. Bu vaxta qədər ölkədə dövlətin tam əsasları yaranmışdı. Söhbət siyasi, hüquqi, iqtisadi, mənəvi və digər əsaslardan gedir.

Bu sözləri bir dəfə parlamentdə demişəm, yenə də deyirəm: Heydər Əliyev Azərbaycan dövlətinin fundamentini on iki ballıq zəlzələyə hesablayıb! Bu, o deməkdir ki, ən güclü “zəlzələdə” belə Azərbaycan dövləti dağılmayacaq! Bu, o deməkdir ki, Azərbaycan dövləti əbədidir!

Heydər Əliyev siyasi kursu bu gün çox böyük entuziazmla, şövq və istəklə, həvəslə Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Məlumdur ki, Azərbaycan uzun müddət - 10 ilə yaxın iqtisadi göstəricilərinə görə həmişə birinci yerdə gedib. Sonra dünyada iqtisadi böhran baş versə də, ölkəmiz öz liderliyini əldən vermədi. 2013-cü ildə Azərbaycandakı iqtisadi inkişaf və siyasi sabitlik imkan verdi ki, ölkədə “Eurovision” mahnı müsabiqəsi keçirilsin. O vaxt da bizə qarşı qısqanclıqlar, hücumlar var idi. Müxtəlif adlar altında, məsələn, insan hüquqları, mətbuat azadlığı ilə bağlı spekulyasiyalar edilirdi. Bunlara baxmayaraq, tədbir ən yüksək səviyyədə keçirildi. 2011-ci ilin oktyabr ayında Azərbaycan Birləşmiş Millətlər Təşkilatına üzv seçildi. İki il bundan əvvəl isə Azərbaycan kosmik dövlət oldu.

Bütün bunlar təsdiq edir ki, I Avropa Oyunlarının keçirildiyi məkan kimi Azərbaycan təsadüfən seçilməyib. Onu da qeyd edim ki, belə yarışları keçirmək üçün təkcə bir ölkənin idman infrastrukturlarının yüksək səviyyədə olması əsas deyil. Beynəlxalq yarışların keçirildiyi məkanlar seçilərkən həm də həmin ölkədəki ictimai-siyasi sabitlik, sosial-iqtisadi inkişaf, təcrübə və nəqliyyat infrastrukturunun vəziyyəti nəzərdən keçirilir. Azərbaycanda isə bu söylənən amillərin hər biri ən yüksək formada təmin edilib. Bu isə onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf siyasəti ilə yanaşı, idmana göstərdiyi qayğı Olimpiya ailəsinin də diqqətindən yayınmır. Ona görə də dünyanın əsas idman qurumları bu fikirdədirlər ki, Azərbaycan mötəbər yarışları ən yüksək səviyyədə keçirə biləcək bir dövlətdir. Ölkəmizdə istənilən forum, konfrans, yarışın keçirilməsi üçün hər cür infrastruktur mövcuddur. Eyni zamanda Azərbaycan öz qonaqpərvərliyi, tolerantlığı ilə dünya dövlətləri sırasında öncül yerləri tutur. Bu gün mədəniyyətlərarası dialoqun beşiyinə çevrilən Azərbaycan tolerantlığa nümunə ölkədir. Əhalisinin əksəriyyətini müsəlmanlar təşkil etdiyi bu ölkə digər din və millətlərin sülh şəraitində və rahat yaşamasını təmin edib.

Avropa Olimpiya Komitəsi də inkişaf edən idman infrastrukturu ilə yanaşı, Azərbaycanın sahib olduğu bütün bu dəyərləri nəzərə alaraq I Avropa Oyularının ölkəmizdə keçirilməsi ilə bağlı qərar qəbul edib. Bu, Azərbaycan dövlətinin və xalqının böyük qələbəsidir. Əlbəttə ki, hər kəs Azərbaycanın bu yarışı da çox yüksək səviyyədə keçirəcəyinə əmindir. Çünki ölkəmizdə indiyədək keçirilən Avropa və dünya çempionatları və ya digər beynəlxalq toplantılar bizim üçün gözəl təcrübə formalaşdırıb.

Mübariz QURBANLI:

- Sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını Azərbaycan müəyyənləşdirəcək! Bu, belə də olmalıdır! Çünki Avropa Oyunlarının əsası Azərbaycanda qoyulur. Müstəqil Azərbaycan yeni tarix yazır! İndiyədək müxtəlif ölkələrdə Yay və Qış Olimpiya Oyunları keçirilib. Ancaq bu beynəlxalq yarışla bağlı araşdırmalar aparılarkən mütləq Oyunların ilk dəfə harada baş tutması maraq doğurur. Sonradan keçirilən Oyunlar tarixə qovuşsa da, tarixdə ən böyük iz qoyan yarışların keçirildiyi ilk məkan olur. Ona görə də Avropa Oyunlarının Azərbaycanda keçirilməsi xalqımız üçün qürurverici bir hadisədir. Bu, yalnız şimalda yaşayan 9 milyon azərbaycanlı yox, dünyada yaşayan soydaşlarımız üçün də fəxrdir. Bu gün müstəqil respublikamız dünya azərbaycanlıları üçün bir mayak rolunu oynayır. Hazırda isə Azərbaycan beynəlxalq idman bayramı astanasındadır və Avropa Oyunlarını keçirməklə ölkəmizin dünyadakı təbliğatını daha da genişləndirəcək.

Azərbaycanın Avropa ilə yanaşı, müsəlman dünyasında da tarixi izləri var. Şərqdə ilk respublikanın yaranışı, dənizdə ilk neft quyusunun qazılmasının Azərbaycana bağlılığı var. Bütün dünyada bununla əlaqədar araşdırmalar aparılarkən ölkəmizin adı öncül sıralarda çəkilir. Bundan sonra isə idman tədqiqatçıları tarixə ekskursiya etdikdə Avropa Oyunlarının vətəni kimi Azərbaycanın adını çəkəcək və ölkəmizlə maraqlanacaqlar.

Müstəqilliyinin bərpasından 24 il keçməsinə baxmayaraq, Azərbaycan böyük uğurlar qazanıb və bütün əldə edilən nailiyyətlər göz önündədir. Azərbaycanın müstəqilliyinin əvvəlki illəri ilə bugünkü durumunu müqayisə etsək, böyük irəliləyişin şahidi olarıq. Ulu öndər Heydər Əliyevin xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra yenilənən Azərbaycan bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilib. İndi isə postsovet məkanında, eyni zamanda müsəlman ölkələri arasında Azərbaycan çox böyük aparıcı rola malik dövlətlər sırasındadır. 24 il ərzində keçirilən konfranslar, toplantılar, forumlar, rəsmi səfərlərə diqqət etsək görərik ki, həqiqətən Bakı beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. Bu tədbirlərin əksəriyyəti humanitar, iqtisadi, siyasi toplantılardır. Humanitar tədbirlər sırasında isə birbaşa idmanla bağlı olanlar daha çoxdur.

Bakı şəhərində idmanın inkişafı ilə bağlı zamanında yaradılmış komplekslər bu gün dünya standartlarına cavab verən arenalar kimi istifadə olunur. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət ayırması, ölkəmizin bütün rayon və şəhərlərində Olimpiya idman komplekslərinin inşası Azərbaycanı həm də idman ölkəsi kimi dünyaya tanıdıb və paytaxtımız həm də beynəlxalq idman yarışları keçirilən məkana çevrilib. Bakıda indiyədək güləş, boks, taekvando, cüdo üzrə beynəlxalq yarışlar keçirilib və Azərbaycan təşkilatçılıq baxımından da xeyli təcrübə toplamış bir ölkə hesab olunur. Avropa Olimpiya Komitəsinin də məhz Azərbaycanla bağlı çıxardığı qərar təsadüfi deyildi. Belə bir məsuliyyətli Oyunların Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul edilərkən bütün cəhətlər nəzərə alınıb. Bunların sırasında ölkənin ictimai-siyasi sabitliyi, dövlətin həyata keçirdiyi siyasət və həmin ölkədə xalqın hakimiyyətə olan münasibəti əsas yer tutur. Digər tərəfdən, Avropa Oyunlarının keçirilməsi üçün müsbət rəy verilmədən öncə Azərbaycanın bu yarışı keçirməsi ilə bağlı təcrübəsi, imkanları, eyni zamanda, ölkənin idman və nəqliyyat infrastrukturları, hotelləri də nəzərdən keçirilib. Azərbaycanın idman qurğularının hazırlıq vəziyyəti və dövlətin bu böyük yarışı keçirmək üçün iqtisadi imkanlara malik olması əsas şərtlərdən biri olub. Təbii ki, bu tipli yarışların hansısa geridə qalmış ölkəyə həvalə edilməsi qeyri-mümkündür. Məsələn, Ermənistana belə bir yarışı heç zaman həvalə edə bilməzlər. Çünki bu ölkənin özü acınacaqlı durumdadır.

Bu mənada Azərbaycan istənilən toplantı, forum və yarışın keçirilməsində böyük təcrübəyə malikdir. Bakı dünyanın ən böyük iqtisadi forumu hesab olunan Davos İqtisadi Forumu, mədəniyyətlərarası, dinlərarası münasibətlərə töhfə verən beynəlxalq forumlara dəfələrlə evsahibliyi edib. Azərbaycan tam təhlükəsiz ölkə kimi qiymətləndirilərək sivilizasiyaların toqquşduğu məkan adını qazanıb. Heydər Əliyev Fondunun, onun rəhbəri, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda, eləcə də digər bölgələrimizdə yüzlərlə beynəlxalq toplantı baş tutub. Bu tədbirlərdə isə dünyada mövcud olan bəzi sosial problemlərin ciddi müzakirəsi aparılıb, həlli yolları tapılıb. Ona görə də hər yerdə Azərbaycanın adı xüsusi olaraq çəkilir, ölkəmiz beynəlxalq toplantıların keçirildiyi bir məkan hesab olunur. Bu da Azərbaycanın dünya miqyasında öz yerini və çəkisini daha da möhkəmləndirməsinə müsbət təsir göstərib.

Bəxtiyar ƏLİYEV:

- Hər birimiz “Bakı-2015” I Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq. Bu, Azərbaycan dövlətinin tarixində ən əlamətdar hadisələrdən biridir. Bu idman yarışına çox ölkə evsahibliyi etmək istəyərdi. Lakin Azərbaycanın son illər beynəlxalq tədbirlər mərkəzinə çevrilməsinin, ictimai-siyasi sabitliyinin nəticəsi olaraq evsahibliyi Bakıya verildi. Şübhə yoxdur ki, bu möhtəşəm idman yarışı Azərbaycanın dünyadakı nüfuzunu daha da artıracaq, beynəlxalq ictimaiyyət respublikamızın inkişafını, mötəbər tədbirlər təşkil etmək imkanlarını bir daha yaxından izləmək imkanı əldə edəcək.

Burada Azərbaycan dövlətinin əsasları, xalq-iqtidar birliyi, eləcə də ölkəmizin dünya birliyində özünə layiqli və vacib yer tutması barədə çox maraqlı və dəyərli fikirlər səsləndirildi. Bütün fikirlər, gətirilən arqumentlər, əlbəttə, əsaslıdır. Diqqəti bu mövzuda bir neçə məsələyə yönəltmək istərdim. Məşhur Amerika siyasətçisi Zbiqnev Bjezinski söyləyirdi ki, Bakıya səfəri zamanı Heydər Əliyevlə söhbət edib, fikir mübadiləsi aparıb. Söhbət zamanı o, ulu öndərdən demokratiya ilə bağlı fikirlərini soruşub. Xalqımızın ümummilli lideri Heydər Əliyev cavabında bildirib ki, Azərbaycan müstəqil dövlətdir, onun siyasəti də müstəqildir.

Bu gün görürük ki, həqiqətən də Azərbaycan öz yolunu davam etdirir, müstəqil siyasət həyata keçirir. Təbii ki, bunun da dərin tarixi kökləri, əsasları var. Ölkə mətbuatında gedən bir çox yazılar və həqiqəti ortaya çıxaran alimlərimizin araşdırmaları göstərir ki, Azərbaycan dövlətçiliyi çox qədim köklərə söykənir. Bu, o köklərdir ki, vaxtilə mütərəqqi dəyərləri və sivilizasiyanı Şərqdən Avropaya çıxarıb.

Öz intibah dövrünü yaşayan zaman Avropa ayağa qalxmaq, inkişaf etmək istəyirdi. Məhz o dövrlərdə elm, təhsil, mədəniyyət Azərbaycandan Avropaya köç etməyə başlamışdı. Bütün bunlar tarixi həqiqətlər və danılmaz faktlardır.

Prezident İlham Əliyev bu günlərdə XXII Beynəlxalq “Xəzər Neft və Qaz” sərgisindəki çıxışında qeyd etdi ki, “Azərbaycan bu gün özünün yüksəliş və intibah dövrünü yaşayır”. Bəli, biz bunu qətiyyətlə deyirik. Bu yüksəliş isə cəmiyyət həyatının hər bir sahəsini əhatə edir. Bu yüksəliş tək sosial-iqtisadi inkişaf deyil, həm də Azərbaycanın dünya birliyində layiqli yerini tutması, söz sahibinə çevrilməsidir.

Vaxtilə dünyanın heç bir yerində Dağlıq Qarabağın harada yerləşməsi barədə doğru-düzgün məlumat yox idi. Dağlıq Qarabağı Rusiyanın hansısa bir əyaləti kimi tanıyırdılar. Lakin Azərbaycan müstəqilliyinin bərpasından sonra, xüsusən son 10 ildə dünyanın diqqət mərkəzindədir. İndi hamı bilir ki, Dağlıq Qarabağ Azərbaycandır. İnkişaf etmiş Avropada qısa müddətdə özünəməxsus yer tutan və BMT Təhlükəsizlik Şurasının üzvü seçilən Azərbaycan bu gün dünyanı narahat edən məsələlərdə konkret mövqe ortaya qoyur, təkliflər verir. Şərqdə, Suriya və digər ölkələrdə problemləri necə həll etməklə bağlı suallara cavab axtaranda bu, o qədər də asan məsələ deyildi. Lakin BMT Təhlükəsizlik Şurasına sədrlik etdiyi müddətdə Azərbaycan dövləti problemin diplomatik yolla həll edilməsinin vacibliyini ön plana çəkdi. Azərbaycan Prezidentinin yeritdiyi siyasətin mahiyyətində insan amili dayanır. Dövlətimiz ən böyük dəyəri insana verir. Hər bir şəxsin həyatı qorunmalıdır və bu, Azərbaycan dövlətinin və hakimiyyətinin birmənalı mövqeyidir. Amma biz belə düşündüyümüz halda görün dünyada nələr baş verir. Həmin münaqişəli ərazilərdə və digər ölkələrdə terror daha da dərinləşir, münasibətlər dəyişir. Bəzi ölkələr dünyaya “laboratoriya demokratiyası” ixrac edir və buna görə həmin münaqişəli bölgələrdə sabitlik əldə olunmur. Əksinə, mütəmadi olaraq yüzlərlə dinc insan - qocalar, uşaqlar həlak olur. Bu, Azərbaycan dövlətinin insana verdiyi dəyər, o da demokratiya adından çıxış edən bəzi beynəlxalq qurumların mövqeləri və əməlləri...

Bir müddət əvvəl ABŞ-ın müxtəlif ştatlarının qanunvericilik orqanlarının təmsilçiləri Azərbaycana səfər etmişdilər. O zaman çox yaxşı forum keçirildi, onların müsahibələrini dinlədik. Onlar Amerikaya qayıdandan sonra ABŞ-ın ştatlarında Ermənistanın Azərbaycana qarşı yürütdüyü təcavüzkar siyasət və Xocalı soyqırımı haqqında qəbul edilən qətnamələr də artdı. Dünya sanki qəfildən anlamağa başladı ki, yeni bir güc mərkəzi formalaşıb. Hətta onun haqq işini öz vətəndaşları da dəstəkləyir.

Bu gün beynəlxalq ictimaiyyətə bir məsələ də aydındır ki, Azərbaycan həqiqətən demokratik dəyərləri nəinki dəstəkləyən, onun daha da dərinləşməsinə xidmət edən dövlətdir. Ona görə də Azərbaycan yalnız Cənubi Qafqazda deyil, ümumiyyətlə, dünyada sülhün və davamlı inkişafın tərəfdarı olan dövlətdir. 2008-ci ildə Gürcüstanda baş verən hadisələri yada salmaq kifayətdir. Avropa dövlətlərinin bir çoxlarının başçıları və yaxud da ABŞ-ın vitse-prezidenti münaqişənin həlli üçün hara səfər etdilər? Əlbəttə, Azərbaycana, Bakıya gələrək Azərbaycan Prezidenti ilə məsləhətləşmələr apardılar. Həmin müharibənin geniş miqyas almasının qarşısının alınması zamanı Azərbaycan özünün bu bölgədə sülhün və təhlükəsizliyin qarantı olduğunu bir daha təsdiq etdi.

Bunlar qısa bir tarixi zaman çərçivəsində baş verənlərdir. Lakin bir daha göstərdi ki, Azərbaycan artıq təkcə yerdə deyil, eyni zamanda kosmik klubun üzvü kimi fəzada da uğur qazanıb və şərtlərini diktə edən dövlətə çevrilib. Lakin bütün bünlar Azərbaycanı sevməyən dairələrin dərin qısqanclığına səbəb olub. Azərbaycana qarşı xarici ölkələrdəki bəzi dairələrin qərəzli münasibətinin, aparılan şər-böhtan kampaniyalarının arxasında da ölkəmizin inkişafı, yüksəlişi, söz sahibinə çevrilməsi dayanır. Onlar Azərbaycanın bu uğurlarını heç cür həzm edə bilmirlər.

Burada iqtisadi maraqlar da var. Götürək neft-qaz kompaniyalarının maraqlarını. Onların hər biri özlərinə sərf edən şərtlərlə Azərbaycan sərvətlərindən pay əldə etmək istəyir. Bəzi transmilli şirkətlər Azərbaycanı məcbur etmək istəyirlər ki, onların maraqlarını müdafiə etsin. Necə ki bəzi Şərq ölkələrində bunu etdilər və indi həmin dövlətlərdə nələr baş verdiyi və həmin xalqların hansı bəlalara düçar olduğu göz qarşısındadır. Amma Azərbaycan dövləti buna qətiyyən imkan verməyib! Azərbaycan xalqının mənafeyinə zidd olan heç bir şərt qəbul edilməyib! Bundan sonra da qəbul edilməyəcək!

Azərbaycana qarşı müstəqillik illərində antiazərbaycançı şəbəkə tərəfindən dəfələrlə məkrli planlar həyata keçirilib. Onların təhriki ilə dövlət çevrilişinə cəhdlər olub. Lakin antiazərbaycançı şəbəkə hər dəfə görüb ki, təməli xalqımızın böyük oğlu Heydər Əliyev tərəfindən qoyulan müasir və müstəqil Azərbaycan dövlətinin dayaqlarını laxlatmaq mümkün deyil. 1993-cü ildən bu günə qədər olan dövrün real mənzərəsi göstərir ki, Azərbaycan dövlətini öz yolundan döndərmək, nəyəsə məcbur etmək faydasızdır. Çünki bu ölkə tam müstəqil, öz maraqlarına uyğun siyasət yürüdür. Ona görə əvvəllər olduğu kimi, I Avropa Oyunları ərəfəsində də fəallaşan antiazərbaycançı şəbəkənin bütün planları yenə də iflasa uğrayacaq.

Musa QASIMLI:

- Ölkəmiz və xalqımız qürurverici, möhtəşəm bir tarixi hadisənin ərəfəsindədir. Bir neçə gündən sonra dünya tarixində ilk dəfə olaraq I Avropa Oyunları Vətənimizdə keçiriləcək. Oyunların ölkəmizdə keçirilməsinə bir neçə il əvvəl səs vermək dövlətimizə, ölkəmizin gələcəyinə və dövlət başçısı cənab Prezident İlham Əliyevə olan inam və etimadın konkret təzahürü idi.

Məlum olduğu kimi, tarix boyu ilk addım atmaq, nümunə, model yaratmaq çox çətin olub. Xüsusən, dövlət müstəqilliyini 1991-ci ildə bərpa etmiş, ərazilərinin bir hissəsi Ermənistanın təcavüzü nəticəsində işğal altına düşmüş, qaçqın və məcburi köçkünü olan bir xalqın dövlət hakimiyyətinin belə bir məsuliyyətli işi öz öhdəsinə götürməsi təkcə cürətli bir addım deyil, eyni zamanda yüksək peşəkar idarəetmənin və təşkilatçılıq bacarığının göstəricilərindən biridir. Birmənalı olaraq söyləmək lazımdır ki, bu, Prezident İlham Əliyevin liderliyi altında Azərbaycan Respublikası dövlətinin özünə inamından, dünya idmanına verdiyi qiymətdən və böyük potensialından irəli gəlir.

Bu Oyunlar tariximizdə əbədi olaraq qalacaq. Min illər keçəcək və bu Oyunların keçirildiyi ilk ölkənin Azərbaycan olduğu deyiləcək. Necə ki ilk Olimpiya Oyunlarının keçirildiyi yer kimi Yunanıstanın adı çəkilir. İdman oyunları ilə maraqlanan hər kəs yaxşı bilir ki, Olimpiya Oyunları keçirilərkən daim Yunanıstan xatırlanır. Və xatırlandıqca, yunan xalqı qürur hissi keçirir. Deməli, bundan sonrakı bütün tarixi boyu Avropa Oyunları təşkil olunduqca Azərbaycan, Bakı, Azərbaycan xalqı xatırlanacaq və millətimizin gələcək nəsilləri ölkəmizin indiki idarəçilərinin uğurları ilə qürur duyacaqlar, başlarını dik tutacaqlar. Bu hadisə daim onlara ruh verəcək və millətimizi daha sıx birləşdirəcəkdir. Azərbaycan xalqının indiki nəslinin davamçıları bizim müasirimiz, onlar üçün isə tarixi keçmiş olan bu şərəfli idman hadisəsi ilə fəxr edəcəklər. Bu gün ölkəmizi dolaşan məşəl gələcək nəsillərin də qəlbini, ocağını isidəcək, milli ruhunu yüksəldəcəkdir.

Yanar məşəlin ölkəmizin rayonlarında dolaşdırılması millətimizə qürur yaşadan, milli ruhu, millət, dövlət və Vətən sevgisini artıran bir hadisə olmaqla yanaşı, sabitliyin və inkişafın tərənnümçüsüdür. Bir zamanlar at ilə gedilən kəndlərə asfalt yolların salınması, keçilməz onlarla dərə, təpə və dağları aşaraq ucqar kəndlərə təbii qaz və su kəmərlərinin çəkilməsi rayonlarımızın sakinlərinə müstəqilliyin nə qədər böyük nemət olduğunu bir daha anladır. Bu gün Azərbaycanın rayonları müasir infrastrukturu, yolları, iş yerləri və s. ilə yeni inkişaf mərhələsindədir. Belə bir inkişaf gələcək uğurların da müjdəçisidir.

Bu Oyunlar təkcə idman yarışları deyil, eyni zamanda xalqımızın qədim və zəngin mədəniyyətinin təbliğatı olacaq. Avropalılar tarixi minilliklərə gedən bir mədəniyyətin daşıyıcısı olan xalqın müasir həyatı ilə tanış olmaq imkanı qazanacaqlar. I Avropa Oyunları ən mükəmməl şəkildə keçiriləcək, möhkəm təməli olan bir model olacaq və daim ona istinad ediləcəkdir. Oyunlar təkcə idman yarışları deyil, eyni zamanda dostluq və qardaşlığın nümayişi olacaqdır. Azərbaycan milləti və dövləti bu dəfə də hamını birləşdirən, ortaq məxrəcə gətirən cazibə qüvvəsi olacaqdır.

Fürsətdən istifadə edərək idmançılarımıza uğurlar arzulayıram. İnanıram ki, onlar bizi medallarla sevindirəcəklər. Ancaq onlar qalib gəlsələr də, gəlməsələr də, Oyunların keçirilməsi artıq bütün millətimizin və dövlətimizin tarixə qızıl hərflərlə yazılmış və dünya durduqca heç cür pozulmayan bir qələbəsidir. Bu sevinci millətimizə yaşadanlar da dünya durduqca yaşayacaqlar.

Elman MƏMMƏDOV:

- Bu cür möhtəşəm tədbirlər həm də Azərbaycanın haqq səsini dünyaya çatdırır. Haqq səsimizin dünyaya çatdırılmasından söhbət gedəndə yadıma 1988-ci il hadisələri düşür. Ermənilər məlum Dağlıq Qarabağ problemini ortaya atanda Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa böyük ehtiyac var idi. Onda Azərbaycan müstəqil deyildi, SSRİ deyilən bir dövlətin tərkibində idi. Ölkəyə milli ruhlu lider lazım idi. Ancaq o vaxt belə bir lider yox idi. Bir epizod deyəcəyəm: 1988-ci il sentyabrın 18-də ermənilər Xocalıya kütləvi hücum etdilər, 6-7 evi yandırdılar. Camaat müdafiə olunurdu, yaralanan olsa da, ölüm-itim olmadı. Amma sonradan erməni mətbuatında biri yazdı ki, Xocalıdan 19 erməni meyiti apardıq, digəri yazdı ki, yox, 27 erməni meyiti apardıq və s. Bunun ardınca o vaxt SSRİ Ali Soveti Millətlər Sovetinin sədri, əslən Pribaltikadan olan Voss, məşhur Ukrayna yazıçısı Oleynik, SSRİ Qadınlar Şurasının nümayəndəsi Zoya Popova, akademik Yemelyanov və başqaları 15 nəfərlik nümayəndə heyəti ilə Xocalıya gəldi. Sonra Xankəndiyə getdilər, oradan yenidən qayıtdılar Xocalıya, camaatla söhbət edəndə onların hamısı bir nəfər kimi ağız-ağıza verib dedilər ki, siz bu ermənilərdən nə istəyirsiniz? Siz bunları niyə öldürürsünüz, siz bunlara niyə güllə atırsınız?

Onları nə qədər inandırmağa çalışsaq da ki, biz hücum etməmişik, əksinə, onlar dəstə ilə gəlmişdilər bizi buradan qovmağa, öldürməyə... Nəticəsi olmurdu. “Biz məcburiyyət qarşısında müdafiə olunmuşuq”… - Nə qədər desək də, onlar öz mövqelərindən dönmədilər. Buna səbəb nə idi? Birmənalı şəkildə deyim ki, respublikanın lidersiz olması idi! Təsəvvür edin, Xocalı şəhərinin taleyi ilə bağlı məsələ müzakirə olunarkən ölkə rəhbərliyindən kimsə yox idi, rəhbərliyi Xocalı Kənd Sovetinin sədri Elman Məmmədov təmsil edirdi. Çünki lider yox idi, ölkənin maraqlarını düşünən yox idi!

Buna oxşar bir epizod da deyəcəyəm: 1991-ci ilin avqustunda İngiltərə Lordlar Palatasının üzvü Baronessa Koks Dağlıq Qarabağa gəlmişdi. Ümumiyyətlə, o, Dağlıq Qarabağa gəlib-getməyi su yolu etmişdi, çünki ermənilərin ən yaxın dostlarından idi. Koks növbəti dəfə gəlməmişdən bir gün əvvəl gecə ermənilər dağlardan Xocalını raket atəşinə tutdular. Evlər dağıldı, yaralananlar oldu, çox dəhşətli bir mənzərə yaranmışdı. Səhərisi eşitdik ki, Baronessa Koks gəlib. Daha sonra o, Xocalıya gəldi. Onu mən qarşıladım, apardım Ermənistandan gələn qaçqınların yanına. Görüşə 4 minə qədər qaçqın və məcburi köçkün yığışmışdı. Görüşdə o dedi: “Siz görün, bu yazıq erməniləri nə qədər incidirsiniz ki, onlar məcbur olub sizə raket atırlar”. Qəribəliyə baxın, bu, niyə belə idi?! Çünki bayaq dediyim kimi, qabağa çıxıb Azərbaycanın haqq səsini, əsl həqiqəti ortaya qoyan rəhbər, lider yox idi! Xalqın səsini-sözünü, haqqını-hüququnu tanıtmaq, bəyan etmək üçün lider lazım idi! O liderin ardınca gedən mütəşəkkil qüvvə lazım idi!

Belə hadisələrdən, belə faktlardan çox misallar gətirmək olar. Beləliklə, Azərbaycan 1988-ci ildən başlayaraq mübarizə apara-apara yox, birtəhər baş girləyə-girləyə gəlib 1993-cü ilə çıxdı. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə gəldi. Dünya şöhrətli dövlət xadimi haqqımızı, sözümüzü beynəlxalq aləmə çatdıra bildi. Sevindirici haldır ki, həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Bir məsələni də xatırlatmaq istəyirəm: 2001-ci il iyul ayının 4-də Bakıda ABŞ-ın müstəqillik günü qeyd edilirdi. Tədbirdə ABŞ-ın ölkəmizdəki səfiri R.Uilson Amerikanın inkişafından, demokratik dəyərlərindən ağızdolusu danışdı. Səfir çıxışını sona çatdırandan sonra mərhum Prezident Heydər Əliyev səfirə dedi: “Amerikanın inkişafı, demokratik dəyərləri ilə, “buna nail olmuşuq, ona nail olmuşuq” - deməklə çox qürrələnirsən. Amerika bu yolu 200 ildən çoxdur gəlir. Mən səni əmin edirəm ki, bizə 200 il lazım olmayacaq, biz qısa müddətdə bu yolu keçəcəyik, hətta bəlkə sizdən də irəli gedəcəyik”.

Ümummilli liderin dediyi sözlər bu gün həyatda reallığa çevrilib. Bu, bizim hazırkı həyatımız, firavanlığımız və ölkə daxilindəki sabitliyimizdir. Dövr, zəmanə tələb edir ki, özünü, millətini, xalqını dünyaya tanıtmaq, haqq səsini beynəlxalq təşkilatlara çatdırmaq üçün bütün vasitələrdən istifadə etməlisən. Onlardan biri də idman sahəsidir. 1997-ci ildə cənab İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçiləndən sonra idman sahəsində irəliləyişlərin təməli qoyuldu. Qazanılan nailiyyətlər sayəsində neçə-neçə xarici ölkədə Azərbaycan bayrağı yüksəklərə qaldırıldı, dövlət himnimiz səsləndirildi. Bütün bunlara əsaslanaraq deyə bilərəm ki, Bakıda ilk Avropa Oyunları yüksək səviyyədə keçəcək, haqq sözümüzü bütün dünyaya eşitdirə biləcəyik. 300 milyon nəfərdən çox auditoriya, - mən hələ az rəqəm deyirəm, - bu idman Oyunlarını izləyəcək, yüz milyonlarla insanın evindəki televizorlar bunu göstərəcək. Xarici ölkələrin qəzetləri, jurnalları, mətbuatı bu idman Oyunları haqqında yazacaq. Bütün proqramlarda, göstərilən tədbirlərdə ilkin olaraq ekranlarda Azərbaycan, Bakı sözləri öz əksini tapacaq! Bu, çox böyük uğur və təbliğatdır! Avropada və müəyyən dairələrdə bəzilərinin həzm edə bilmədikləri bax, bizim bu uğurumuzdur. Artıq Bakıya, xarici ölkələrdən komandalar gəlməyə başlayıb. Bunlara dostlar, ölkəmizi və bizi istəyənlər sevinir, düşmənlər isə yanıb-yaxılır!

Seymur ORUCOV:

- Son illər Azərbaycanın beynəlxalq aləmdə iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirməsi, beynəlxalq qurumların hesabatlarında islahatçı ölkə kimi yer tutması, dünyanın nüfuzlu təşkilatlarının Azərbaycanın mövqeyini dəstəkləyən qərar və qətnamələr qəbul etməsi də sübut edir ki, ölkəmizin seçdiyi yol düzgündür. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əldə edilən bütün bu uğurların təməlində isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulan inkişaf strategiyası dayanır.

İndi isə xalqımız tariximizə qızıl hərflərlə yazılacaq daha bir möhtəşəm tədbirə hazırlaşır. Azərbaycan I Avropa Oyunlarına evsahibliyi edəcək. İndiyə qədər digər qitələrin hər birində daxili yarışmalar var idi. Avropa Oyunları isə Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunlarından sonra keçiriləcək sonuncu qitə oyunlarıdır. Avropa Oyunlarının ilk tarixinin Azərbaycanda yazılması həqiqətən də bizim üçün ayrıca bir qürurdur, fəxarət hissidir! Ona görə də ölkəmizin ictimaiyyəti, hər kəs Avopa Oyunlarını bayram kimi qeyd edir.

Avropa Oyunları miqyasına görə Olimpiya Oyunlarından heç də geri qalmır. Ona görə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin müstəqillik dövründə nail olduğu ən böyük uğurlardan biridir. Bu qərarın qəbul edilməsində bir neçə amil öz rolunu oynayıb. Bunlar ölkəmizin artan beynəlxalq nüfuzu, Azərbaycanın idman ölkəsi kimi tanınması, sosial-iqtisadi uğurlar, infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması və sair bu kimi dünyanın diqqətini çəkən məsələlərdir.

Ümumiyyətlə, təkcə idman yarışlarına deyil, beynəlxalq səviyyəli istənilən yarışa evsahibliyi etmək üçün ölkələr arasında ciddi rəqabət mövcuddur. Təsadüfi deyil ki, idman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illər mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Son 15 ildə Azərbaycanda 40-dan artıq Olimpiya idman kompleksi inşa olunub. Əvvəllər mövcud olmuş bütün idman qurğuları yenidən qurulub. Onlarca dünya və Avropa miqyaslı idman yarışlarına evsahibliyi edib. Elə Avropa Olimpiya Komitəsi də

I Avropa Oyunlarının Azərbaycanda keçirilməsi barədə qərarını qəbul edərkən ölkəmizin real imkanlarını, son illər çoxsaylı idman yarışlarına evsahibliyi etməsini, Olimpiya hərəkatının burada geniş vüsət almasını və digər amilləri nəzərə alıb. I Avropa Oyunlarının keçirilməsi bütün Avropa Olimpiya hərəkatı üçün də tarixi hadisədir.

Azərbaycan I Avropa Oyunlarına hazırlıq işlərini ən ideal şəkildə həyata keçirərək nümunəvi təşkilatçılıq modelini ortaya qoyub. Prezident İlham Əliyev ilk gündən Oyunlara hazırlıq işlərini diqqət mərkəzində saxlayıb. Məlum olduğu kimi, hazırlıq işləri 2013-cü ildən start götürdü. Həmin ilin yanvarında Prezident İlham Əliyevin sərəncamına əsasən ölkəmizin birinci xanımı, YAP sədrinin müavini, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin cəmi 2 il yarım vaxtı vardı. Olimpiya Oyunlarında və ona bənzər yarışlarda isə ev sahibi olan ölkənin hazırlıq işlərinə ən azı 7-8 il vaxtı olur. Müddətin az olmasına baxmayaraq, Təşkilat Komitəsi öz işini sürətlə və keyfiyyətlə apardı. Biz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin öz işini nə qədər mütəşəkkil, nəzərdə tutulmuş qrafikə uyğun həyata keçirdiyinin şahidi olduq. Bu müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su İdmanı Sarayı, Bakı Atıcılıq Mərkəzi və Velopark inşa olundu, Atletlər kəndi yaradıldı, neçə-neçə idman qurğusu beynəlxalq standartlara uyğun yenidən quruldu.

Təbii ki, görülən bütün işlər çox əziyyət bahasına başa gəlmişdir. Oyunlar bitdikdən sonra isə həmin idman komplekslərində bizim yeni-yeni Fərid Mansurovlarımız, Namiq Abdullayevlərimiz yetişəcəkdir. Bu da Prezident İlham Əliyevin biz gənclərə olan növbəti hədiyyəsidir. Bu günlərdə I Avropa Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru da öz çıxışında dedi ki, Azərbaycanda Oyunlara hazırlıqla bağlı hər şey qrafik üzrə gedir. Bu da bizim hər birimizi çox sevindirir. Bütün dünya bir daha əmin olur ki, Azərbaycan ən mötəbər və ən irimiqyaslı tədbirlərin təşkili üzrə ideal təşkilatçı dövlətə çevrilib.

Fərid MANSUROV:

- Çıxışımı müasir Azərbaycan dövlətinin idmanda qazandığımız uğurlar üzərində kökləmək istəyirəm. Hələ 1997-ci ildə cənab İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Təşkilati və quruculuq işləri sayəsində Azərbaycan idmanının tarixində yeni səhifələr açıldı. Uğurlarımız olsa da, o dövr üçün çətinliyimiz də az deyildi. Lakin 1997-ci ildən sonra respublikamızda idmançıların bütün problemləri öz həllini tapmağa başladı. İdman sahəsinə ayrılan diqqət və idmançılarımıza göstərilən xüsusi qayğı uğurlarımıza ciddi təkan verdi. Bunu hər bir idmançı, hər bir azərbaycanlı öz həyatında hiss etməyə başladı. Demək olar ki, bütün ağrılı-acılı günlərə, idmançıların problemlərinə son qoyuldu. Qələbələrimizin sayı sürətlə artdı və bayrağımız daha da uca zirvələrdə dalğalanmağa başladı.

Etiraf edək ki, yarışlarda və təlim-məşq toplanışlarında olan nəticələr, Olimpiya Oyunlarında, beynəlxalq yarışlarda, dünya çempionatlarında əldə edilən uğurlar, qələbələr bilavasitə cənab İlham Əliyevin adı ilə bağlıdır. O da həqiqətdir ki, insanların idmançılara olan ehtiramı, hörməti ölkə başçısının diqqət və qayğısından mayalanır. Bu gün də ölkədə idmanın inkişafına diqqət və qayğı gündən-günə artır. Yeni Olimpiya komplekslərinin tikilməsi, müasir avadanlıqlarla təchiz edilməsi buna bariz nümunədir. Bunlar tək idmançılar üçün yox, bütün xalqımız üçündür. İstənilən hər kəs bu idman mərkəzlərində sağlamlığının qeydinə qalır. Ulu öndər Heydər Əliyevin tez-tez vurğuladığı kimi, sağlam bədəndə sağlam ruh olar. Bunun üçün ölkəmizdə hər cür şərait yaradılıb. Komplekslər dünya standartlarına uyğun avadanlıqlarla təchiz olunub. Bu gün bütün Avropa ölkələri bizim Bakıya, burada keçiriləcək ilk Avropa Oyunlarına tamaşa etməyə can atır. Onlar çalışırlar ki, Azərbaycanda belə yüksək təşkilatçılıqla yaranan Olimpiya Stadionunda beynəlxalq yarışlar keçirsinlər. Bütün bu şəraitin və imicin yaranmasında ölkə başçısı İlham Əliyevin əməyi və qayğısı böyükdür. İnanıram ki, bundan sonra da idmançılarımıza dövlət qayğısı davam edəcək və idmançılarımız da dünya çempionatlarının və Olimpiya Oyunlarının qalibi olmaqla etimadı doğruldacaqlar.

Digər xüsusi hal isə ondan ibarətdir ki, müasir Azərbaycan dövləti nə qədər cavan olsa da, idmançılarımızın böyük əksəriyyəti, o cümlədən I Avropa Oyunlarına qatılacaq çempionlarımız müstəqillik dövrünün yetirmələridir. Onlar arasında nəinki müstəqillik dövründə idmançı kimi formalaşan, hətta dünyaya göz açıb idmanın bütün zirvələrini fəth edən çempionlarımız da var. Danılmaz faktdır ki, ölkə başçısının daim diqqətində olan prioritet məsələlərdən biri yeniyetmə və gənclərin fiziki və mənəvi cəhətdən sağlamlığı, onların layiqli vətəndaş kimi formalaşması olub. Bu missiyanı biz idmançılar əyani olaraq hər zaman hiss etmişik.

1997-ci ildə idmanımızda yeni bir mərhələ başlayanda mənim 15 yaşım var idi və yeniyetmələr arasında güləş üzrə dünya çempionatında II yeri tutmuşdum. Ancaq bu pilləyə qədər çox çətinliklər olmuşdu. Qeyd etdiyim kimi, bu vaxtdan sonra uğurlarımız bir-birinə calandı, yeni-yeni ilklərə imza atdıq. Mən və neçə-neçə idmançımız dünya, Avropa çempionatlarının ən yüksək pillələrini fəth etdik, Olimpiya Oyunlarının qalibi olduq.

Paytaxtla bərabər bölgələrimizdə də idman sürətlə inkişaf etməyə başladı. Təsadüfü deyil ki, son illər çempionlarımız arasında ayrı-ayrı rayonlarda yetişən idmançılarımızın sayı xüsusilə çoxalıb. Bir daha təkrar etmək istəyirəm ki, son 15 ildə idmançılarımız müxtəlif dünya turnirlərində dəfələrlə qələbə qazanıb, bayrağımızı uca zirvələrdə dalğalandırıblar. Eyni zamanda bu müddətdə hər il ölkəmizdə ayrı-ayrı idman növləri üzrə beynəlxalq turnirlər, mötəbər yarışlar keçirilib. Həm də maraqlısı odur ki, Azərbaycanda təşkil olunan beynəlxalq yarışlar əksər əcnəbi idmançıların marağına səbəb olur. Başqa ölkələrdə keçirilən turnirlərə könülsüz gedən və ya heç getməyən peşəkar idmançılar Azərbaycana məmnuniyyətlə gəlirlər. Çünki onlar həmişə buradan xoş xatirələrlə geri dönürlər. Bəzən elə olur ki, biz beynəlxalq yarışlardan qayıdanda əcnəbi idmançılar koordinatlarımızı götürür və tezliklə Azərbaycanda keçirilən müxtəlif yarışlara qatılacaqlarını bildirirlər. Bu da o deməkdir ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınır, dünyanın tanınmış idmançıları bizimlə maraqlanır.

Bu mənada Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyasında böyük səs çoxluğu ilə Avropa Oyunları kimi möhtəşəm bir yarışın məhz ölkəmizdə keçirilməsinə üstünlük verilməsi təsadüfi deyil. Bu, həm də Azərbaycanın dünyada etibarlı, təhlükəsiz və sabit ölkə kimi tanınmasının göstəricisidir. Qeyd edim ki, hər bir qitənin oyunları keçirilir. Bundan əvvəl qitə oyunları olaraq Asiya Oyunları, Pan-Amerika Oyunları, Ümum-Afrika Oyunları və Sakit Okean Oyunları keçirilib. Ölkəmizdə keçirilən I Avropa Oyunları isə sonuncu qitə oyunları olmaqla onların ən möhtəşəmi və yaddaqalanı olacaq. İdmançıların sayına və digər göstəricilərə görə yarışın sanbalı daha aydın görünür. Oyunlarda 253 dəst medal uğrunda 6000-dən çox idmançı mübarizə aparacaq. Ölkəmizdə 16 məkanda təşkil olunacaq bu yarışda 16-sı Olimpiya, 4-ü qeyri-Olimpiya idman növü olmaqla 20 növ üzrə mübarizə aparılacaq. 11 növ üzrə 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya paylanacaq. Bir faktı xatırladım ki, 2014-cü il Soçi Qış Olimpiya Oyunları ilə müqayisədə Avropa Oyunlarına gələnlərin sayı 2 dəfə çox olacaqdır.

 

(Ardı var)

 

Azərbaycan.- 2015.- 10 iyun.- S. 4, 5.