TARIXI YARADANLAR
Olimpiya oyunlarının məşəlinin yandırılması mərasiminin görüntülərini həyatımda ilk dəfə nə zaman izlədiyimi yaxşı xatırlayıram...
Bu, 1960-cı ildə İtaliyanın Roma şəhərində keçirilmiş XVII Yay Olimpiya Oyunları olmalı idi.
Bu tarix ona görə dəqiq yadımdadır ki, həmin olimpiya oyunlarında SSRİ idmançıları müxtəlif növlər üzrə rekord sayda - 103 medal qazanmışdılar.
Bu medallardan 43-ü qızıl, 29-u gümüş,
31-i bürünc medal idi.
Keçmiş İttifaqın hər yerində olduğu
kimi, Azərbaycanda da bu nailiyyətin geniş təbliğatı
gedirdi. 1956-cı ildəki ilk efirindən sonra şəhərlərimizə,
kəndlərimizə kütləvi şəkildə ayaq
açmaqda olan televizorun mavi ekranından bu təbliğatı
daha yaxşı izləyə bilirdik.
Mən də olimpiya məşəlinin
yandırılması mərasimindən qısa epizodları
evimizdəki balaca sehrli qutunun ekranından
görmüşdüm və belə bir məşəlin
günlərin birində Azərbaycanda da
yandırılacağı düşüncəsi, özümdən
asılı olmayaraq, xoş bir arzu kimi qəlbimə
dolmuşdu.
Onda 15
yaşım olsa da, olimpiya oyunlarının keçirilmə
şərtləri ilə bir o qədər dərindən tanış deyildim. Bu şərtləri
bir də 1980-ci ildə keçmiş SSRİ-nin paytaxtı
Moskva şəhərində təşkil edilmiş XXII Yay
Olimpiya Oyunlarına hazırlıq ərəfəsində diqqətlə
öyrənəcəkdim.
1960-cı
ildəki o epizodları izləyəndə isə elə
bilirdim ki, olimpiya məşəli hər dörd ildən bir
növbə ilə bütün ölkələri
dolaşır və o məşəl gec-tez mənim
doğulduğum torpaqlara da gələcək...
***
Aprelin
26-da Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev Bakıdakı qədim “Atəşgah” məbədində
bu il ölkəmizdə keçirilən I
Avropa Oyunlarının məşəlini alovlandırarkən ən
çox o arzumu xatırladım.
Görünür,
insan, həqiqətən, nəyisə ürəkdən arzulayanda
o, gerçək olur...
Və həmin
gün Odlar Yurdunun atəş məkanından od
alaraq Azərbaycanın rayonlarına doğru uzun bir səfərə
çıxan o məşəlin üzərindəki alov
dilimləri mənim düz 55 il əvvəlki arzumun xəyal
etdiyimdən də möhtəşəm bir şəkildə
gerçəkliyə dönüşməsi idi.
Budur, bütün ölkə vətəndaşlarının,
özünü Azərbaycana mənəvi tellərlə
bağlı sanan bütün dünya azərbaycanlılarının
intizarla gözlədikləri vədə yetişdi.
Cəmi
bir neçə gün də ötəcək və Azərbaycanın
ev sahibliyi ilə bəşər tarixində
ilk dəfə olaraq keçirilən I Avropa Oyunları
başlanacaq.
Bununla da
Azərbaycan bəşəriyyət tarixində yeni bir tarix
yazacaq, dünyanın mədəniyyət salnaməsində
yeni bir səhifənin müəllifinə çevriləcək...
***
Əsasında hər nə qədər idman
yarışları dayansa da, bu oyunları sadəcə bir
idman hadisəsi kimi dəyərləndirsək, onun mahiyyətini
kiçiltmiş olarıq.
Bəli, bu oyunlar idmanın, idman
yarışlarının insanlara bəxş etdiyi dəyərləri
sərgiləyir. Amma bu dəyərlərin əhatə
dairəsi idman arenalarından kənara çıxıb
çox-çox uzaqlara gedir.
Bu oyunların nəticələri
idmançıların qazandıqları nəticələrdən
mahiyyət etibarilə xeyli böyükdür. Bu oyunlar
idmançıların timsalında insan mənəviyyatının
qələbə qazanmasıdır, insanın kamil bir şəxsiyyət
kimi formalaşması ideyasının inikasıdır. Dünyada sülh və əmin-amanlıq arzusunun
bütün bəşəriyyətin diqqətinə
çatdırılmasıdır.
Ta qədimlərdən
bəri təkcə idmançıların deyil, şeir,
mahnı, ədəbiyyat və incəsənət üzrə
istedadlı şəxslərin də öz bilik, bacarıq və
qabiliyyətlərini sərgiləmələrinə meydan verən
bu cür oyunlar bir mənəviyyat bayramıdır, insanın
fiziki gücünün onun mənəvi dünyası ilə
vəhdətidir.
Bu ziddiyyətli
dünyamızda dərisinin rəngindən, sosial, siyasi, dini əqidəsindən,
dilindən asılı olmayaraq bütün insanların mənəvi
dəyərlər ətrafında, vicdan, ədalət,
xeyirxahlıq işığında birləşib eyni bir ailənin
üzvləri, eyni bir vətənin vətəndaşları,
eyni bir evin sakinləri kimi mehriban yaşaya biləcəkləri
fərqli bir dünya qurmaq arzusunun ifadəsidir.
***
Belə möhtəşəm idman tədbirlərinin təşkili,
bütün cəhətləri ilə yanaşı, həm də
o tədbirin təşkilatçılığını
üzərinə götürən ölkələrin,
xalqların milli qürurudur.
Bu sətirləri
yaza-yaza Fransanın ictimai xadimi Pyer de Kuberten 1894-cü ilin iyun
ayında Sorbon Universitetinin akt zalında 13 ölkənin 79
nümayəndəsi qarşısında olimpiya
oyunlarının təşkili və Beynəlxalq Olimpiya Komitəsinin
yaradılması layihəsi ilə çıxış etdikdən
sonra baş verən tarixi faktları xatırlayıram.
Onda təsis konqresi Kubertenin təklifini bəyənmişdi,
Beynəlxalq Olimpiya Komitəsi yaradılmışdı,
oyunların əsas prinsiplərini, qayda və müddəalarını
əks etdirən xartiya qəbul olunmuşdu, oyunların antik ənənələr
üzrə - dörd ildə bir dəfə keçirilməsi
qərara alınmışdı.
Üstəlik,
1900-cü ildə təşkil edilməsi qətiləşdirilən
I Yay Olimpiya Oyunları üçün yer belə
seçilmişdi: Fransanın paytaxtı Paris şəhəri.
Amma həmin
konqresdə iştirak edən Yunanıstan nümayəndəsi,
məşhur şair və tərcüməçi Demetrios
Vikelasın etirazı zalda bir anlıq sükut yaratdı: “Qoy
Paris oyunları 1900-cü ildə keçirsin. Məgər
ellinlər torpağı, antik olimpiadalar beşiyi olimpiya
oyunlarını bundan dörd il əvvəl keçirməyə
layiq deyildirmi?”
Beləliklə, ilk olimpiya oyunları 1896-cı ildə
Yunanıstanın paytaxtı Afina şəhərində
keçirildi.
Demetrios Vikelas onda öz xalqına, qədim ellinlərin
varislərinə uzun əsrlərdən sonra olimpiya
oyunlarının məşəlinin yenidən ilk dəfə
məhz Yunanıstanda alovlandırılmasının
qürurunu yaşatdı.
Və bu
gün biz də müstəqil Azərbaycan dövlətinin I
Olimpiya Oyunlarının ilk ev sahibi kimi, ilk
təşkilatçısı kimi bəşəriyyət
tarixinə öz adını yazmasının qüruru ilə
qəlbimizi isindiririk.
Dörd
ildən sonra Avropa Oyunları tamam başqa bir ölkədə
keçiriləcək, qismət olsa, dörd on ildən,
dörd yüz ildən sonra da, yəqin ki, bu oyunlar tamam
başqa-başqa ölkələrə salınacaq...
Amma bundan
sonra daha nə qədər keçiriləcəksə, daha
hansı ölkələrdə təşkil ediləcəksə,
bu oyunların hər birində yenə Azərbaycan olacaq!..
Yenə
Azərbaycanın adı xatırlanacaq...
Avropa Oyunlarında məhz Azərbaycanın
yaratdığı, məhz Azərbaycanda yaradılan ənənələr,
dəyərlər, meyarlar nəzərə alınacaq,
bütün hər şey bu ənənələrə, dəyərlərə
və meyarlara uyğunlaşdırılacaq.
Çünki
birinci həmişə birincidir...
***
Niyə məhz Azərbaycan?!
Bu
seçim əsla boşuna deyil...
Bütün
dünyanın böyük önəm verdiyi belə bir
möhtəşəm tədbirin təşkilatçısı
kimi məhz Azərbaycanın seçilməsi bizim cəmi 22
il ərzində bu qədər çətin şərtlər
daxilində, dörd bir yandan üzərimizə yönələn
təhdidlər qarşısında, işimizi pozmaqdan
ötrü fitnə-fəsad dəyirmanını bir an belə
dayandırmayan bədxahlarımızın məkrli niyyətləri
önündə qazandığımız tarixi nailiyyətlərin
bütün dünya tərəfindən etirafıdır.
Bu cür tarixi hadisələr həm də
keçmişi vərəqləyib zamanın
işığında düşünmək fürsəti
yaradır.
Bu 22 ilin
ilk 2 ilində Ermənistan silahlı birləşmələri
və onların havadarları tərəfindən işğal
edilib yağmalanmış torpaqlarının,
yurdlarının tüstüsü ərşə
çıxan, hakimiyyət iddialarının vətən
maraqlarından uzaq salıb müxtəlif cəbhələrə
parçaladığı vətəndaşları əldə
silah üz-üzə dayanan, küçələrində
güllə səsləri ara verməyən, evlərinə
şəhid tabutları gələn, insanları son qəpiklərini
verib bir parça çörək almaqdan ötrü saatlarla
növbədə gözləyən, bugünündən
sabahına kimsənin ümidi qalmayan boz və məhzun
görkəmli, laübalı bir məmləkət vardı.
O məmləkətin
adı Azərbaycan idi...
Əsrin əvvəlində
öz taleyinin sahibi olmaq cəhdi uğursuzluqla üzləşmişdi,
23 ay çəkən istiqlalı param-parça edilmişdi,
71 il keçmiş SSRİ-nin 15
respublikasından biri olmuşdu.
1991-ci ildə adının əvvəlinə əlavə
edilən “müstəqil” sözünün taleyi tükdən
asılı idi. Tarixin sərt küləkləri
qarşısında körpə fidan kimi titrəyən bu
adın belə nə qədər davam gətirəcəyini
kimsə bilməzdi.
O məmləkət
1993-cü ildəki həmin halından cəmi 20 il ərzində bu yerlərə qədər gəldi.
Xalqın
ulu öndər Heydər Əliyevə olan inamı, onun Azərbaycanın
gələcəyini düşünərək
atdığı addımlar, verdiyi qərarlar bizi nələrdən
adlatdı, ölkəmizi haradan haralara gətirdi...
I Avropa
Oyunları 1993-cü ildən başlanmış müddətcə
qısa, amma məzmunca əsrlərə bərabər
böyük bir dövrün məntiqi nəticəsidir...
22
yaşlı qocaman bir ağac kimi kökü torpağın dərinliklərinə
işləyən, budaqları göyün ənginliklərinə
doğru ucalan müstəqillik ağacımızın
yetirdiyi lətif bir meyvədir...
“Azərbaycan
dövləti tarixdə heç zaman indiki qədər
qüdrətli olmamışdır”, - deyə bəyan edən
Prezident İlham Əliyevin bu bəyanatındakı inamın,
qətiyyətin reallıqla qovuşduğu, təkcə
sözdə deyil, işdə, əməldə öz ifadəsini
tapdığı tarixi andır...
Azərbaycanda yaradılmış sabitlik, əmin-amanlıq
mühitinin, tolerantlığın, davamlı inkişafın
təntənəsidir.
Qədim
Yunanıstanda hakimlər atletləri yarış meydanına
bu sözlərlə çıxarardılar: “Əgər sən
məşq etmisənsə və bu böyük
yarışlarda iştirak etməyə layiqsənsə, onda
mübarizəyə cəsarətlə başla, yox, əgər
özünü buna layiq bilmirsənsə, onda dəhşətli
biabırçılıqdan yaxa qurtarmaq üçün
yarışa girmə və istədiyin tərəfə
çıx get”.
Mənə
görə, müasir dünyamızda bu fikirlər inkişaf
yarışına qoşulmuş ölkələrə daha
çox aiddir və müstəqil Azərbaycan dövləti
I Avropa Oyunlarını yüksək səviyyədə təşkil
etməklə bu yarışda öncüllüyünü, bu
gün beynəlxalq arenada tutduğu yerə,
oynadığı əhəmiyyətli rola layiqliyini bir daha təsdiqləməkdədir.
I Avropa Oyunlarının keçiriləcəyi günlərdə
vətənimizə təşrif gətirən əcnəbi
qonaqlarımız özləri də buna bir daha şahid
olacaqlar.
Onların
hər biri öz təəssüratlarında ölkələrinə,
cəmiyyətlərinə bütöv bir Azərbaycan aparacaq!..
Beləliklə,
dünya müstəqil Azərbaycan dövlətini daha
yaxından tanıyacaq, Azərbaycan dünyaya daha sıx
qovuşacaq...
***
Cəmi
iki il əvvəl I Avropa Oyunlarının
Azərbaycanda keçiriləcəyi barədə qərar
verilməsi xəbərini duyunca ruhumuzu çulğalayan
sevinc, fərəh hissi ilə yanaşı, qəlbimizdə
bir tərəddüd də baş qaldırdı.
Hazırlıq
üçün verilmiş vaxt az
görünürdü...
Düzdür, buna qədər də Azərbaycanda beynəlxalq
idman yarışları keçirilmişdi. Ölkəmiz
bir sıra beynəlxalq tədbirlərə evsahibliyi
etmişdi və bunların hər birində eyni
yarışları gələcəkdə də təşkil
edəcək başqa ölkələr üçün
nümunə yaratmışdı.
Amma onu da anlayırdıq ki, kifayət qədər
çoxşaxəli fəaliyyət tələb edən, təkcə
müvafiq hökumət qurumlarının deyil, ümumilikdə
cəmiyyətin iştirakı zərurətini
aktuallaşdıran I Avropa Oyunları kimi tədbirlər
bunların heç birinə bənzəməz. Ona görə də iki il ərzində bunu
bacarıb-bacarmayacağımız, bir əskikliyimizin
olub-olmayacağı sualı çoxumuzu narahat edirdi.
Amma iki
ilin necə gəlib keçdiyini və bu qısa müddət
ərzində, hətta iki ilin başa çatmasına da bir
neçə ay qalmış Azərbaycanda bu Oyunlara
bütün hazırlıq işlərinin tamama yetməsinin,
belə qısa bir müddətdə o qədər idman
infrastrukturunun tikilməsinin, mövcud arenaların təmirinin,
yenidən qurulmasının, yolların çəkilməsinin,
maarifləndirmə kampaniyalarının təşkilinin fərqində
belə olmadıq.
I Avropa
Oyunlarının açılış və
bağlanış mərasimlərinin keçiriləcəyi
arenanın olduğu yer cəmi iki il əvvəl
ətrafına yöndəmsiz gecəqondular səpələnmiş,
görkəmi könül bulandıran, böyük bir mazut
çalası idi, xatırlayırsınızmı?!
Əgər kimə desəydin ki, cəmi iki ildən
sonra bura dünyanın ən gözəl məkanlarından
birinə çevriləcək, burada dünyanın ən
möhtəşəm arenalarından biri, ətrafında
dünyanın ən gözəl bulvarlarından biri olacaq, yəqin
ki, ən yaxşı halda adamın reallıq hissinə
şübhə edərdilər.
Amma bütün bunlar artıq baş verib, bütün
bunların hamısı reallıqda var.
Böyük insanlar da o insanlardır ki, onlar tərəddüdlərə,
gələcəkdən bədgümanlığa məğlub
olmazlar.
Hansısa məqsədin alınıb-alınmayacağı
barədə istixarə etməkdənsə, o məqsədə
nail olmaq üçün bütün güclərini ortaya
qoyarlar, məqsədə, hədəflərə doğru tərəddüdlərlə
deyil, inamla, ümidlə, ardıcıl addımlarla gedərlər.
I Avropa
Oyunlarına hazırlıq üzrə Təşkilat Komitəsinin
sədri Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı
səfiri, Milli Məclisin deputatı Mehriban xanım
Əliyevadır...
I Avropa
Oyunlarına hazırlıq işlərini yüksək səviyyədə
yerinə yetirməsi ilə Mehriban xanım Prezident İlham
Əliyevin, dövlət rəhbərimizin timsalında
ümumilikdə Azərbaycan xalqının, dövlətimizin
ona olan inamını, güvənini növbəti dəfə
doğrultdu.
Cəmi
iki il ərzində görülmüş
işlərlə öz böyüklüyünü, məqsədyönlüyünü,
insanlara nümunə olası əzmini bir daha sübuta yetirdi.
İndi
düşünürəm ki, I Avropa Oyunlarına
hazırlıq üzrə Təşkilat Komitəsinin sədri
məhz Mehriban xanım Əliyeva olduğu zaman axı bizim hər
hansı tərəddüdlərimizə, cəmi iki il
keçəndən sonra isə gözlərimiz önündə
canlanan inanılmaz nəticələrə təəccübümüzə
yer yox idi...
Bəyəm 2012-ci ildə Bakıda keçirilmiş
“Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsini
unutmuşuq?!
Onda da Azərbaycan ölkə rəhbərimizin arzusu, dəstəyi
və Mehriban xanım Əliyevanın təşkilatçılığı
ilə cəmi bir neçə ay ərzində bu müsabiqənin
öz tarixi boyu xatırlanacaq ən möhtəşəm bir
örnəyini ortaya qoydu.
“Eurovision”in yeni meyarlarını, normalarını müəyyən
etdi və 2012-ci ildən bəri dünyanın hansı
ölkəsində təşkil olunmasından asılı
olmayaraq, təşkilatçı ölkələrin dəqiqliklə
nəzərə almağa çalışdıqları bir
Azərbaycan nümunəsi var.
“Eurovision”
Mahnı Müsabiqəsinin düzənləndiyi “Bakı
Kristal Zalı” 2012-ci ildən bəri Xəzərin
köksündə ağ mirvari kimi bərq
vurub mənəvi dünyamıza işıq saçır.
Tarixi-mənəvi qazancımız kimi,
qapılarını insanlarımızın üzünə
açıb gələcəyimizin inkişafına xidmət
edir.
I Avropa Oyunları üçün yaradılanlar təkcə
bir neçə həftəlik idman yarışlarının
keçirilməsi üçün deyil. Azərbaycanın
bugünü və sabahı üçündür. Ölkəmizin daha da abadlaşması
üçündür. Daha da gözəlləşməsi
üçündür. Gənc nəslin
pis vərdişlərdən uzaq, sağlam ruhda böyüməsi
üçündür. İdmanın
ölkəmizdə xoş bir ənənəyə
çevrilməsindən, bütün vətəndaşlarımızın
gündəlik həyat tərzinə daxil olmasından, beləliklə,
xalqın həm cisminin, həm də ruhunun
sağlamlığından ötrüdür.
Hər dəfə
müstəqil Azərbaycan dövlətinin bu inkişaf abidələrinin,
mədəniyyət nişanələrinin yanından ötərkən
Nazım Hikmətin nikbinlik dolu, ümid dolu misraları vətənin
ötən əsrin sonlarında yaşadığı faciələrdə
çox əzilmiş, çox ağrımış ruhundan məlhəm
kimi keçib illər, əsrlər sonra bu torpaqlarda
ömür edəcək gələcək nəsillərə
ünvanlanır:
Gözəl
günlər görəcəyiz, çocuqlar,
Günəşli
günlər
görəcəyiz...
Motorları
maviliklərə sürəcəyiz, çocuqlar,
işıqlı maviliklərə
sürəcəyiz...
***
İstənilən bir xalq üçün milli həmrəylikdən
mühüm nailiyyət yoxdur.
Xalqın qazandığı bütün uğurlar milli
həmrəylikdən başlanır, milli həmrəylikdə
qorunur və gələcək perspektivlərə də bu dəyər
yol açır.
Milli birlik olmayan yerdə ilk baxışda ciddi bir nailiyyət
kimi görünən hər hansı nəticə müvəqqətiliyə
məhkumdur, ömrü zamanın sərt bir
şapalağından asılıdır.
Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycan
dövlətinə rəhbərliyi dövründə vətəndaşlarımızı
ümumi məramlar ətrafında bir araya gətirdi. Cəmiyyətdə
milli vəhdətin əldə olunması istiqamətində
uzaqgörən addımlar atdı.
Müstəqillik illərinin bəlli bir mərhələsində
firqə maraqları, siyasi qütblər arasındakı
ziddiyyətlər yetərincə kəskin xarakter
daşıdığından siyasi əqidəsindən,
hakimiyyətə münasibətindən asılı olmayaraq,
bütün qütblərin ümummilli məsələlər
ətrafında vahid mövqe ortaya qoyacaqlarını
düşünmək bəlkə də inanılmaz idi.
Amma Heydər
Əliyev müdrikliyi, ulu öndərin milli dövlətçilik
kursunu uğurla həyata keçirərək müstəqil
dövlətimizi tarixinin ən qüdrətli
çağlarına yetirən Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin əzmi,
qətiyyəti, xalqın öz liderinə olan inamı bunu
mümkün etdi.
I Avropa
Oyunları kimi ümummilli mahiyyət kəsb edən tarixi
hadisələr bu vəhdəti bütün ruhunla duymaq
imkanıdır, həm də...
Azərbaycan cəmiyyəti aylardır ki, hazırlıq
ovqatındadır, bayram əhvali-ruhiyyəsindədir. Ölkənin həyatında
Oyunlara hazırlıqla bağlı xoş bir həyəcan
var. Adətən, xeyir iş astanasında olan evlərdə,
ailələrdə belə həyəcan yaşanar.
Azərbaycan da bu günləri ilə, bu halı ilə,
bu ovqatı ilə xeyir işə hazırlaşan möhkəm,
sağlam bir ailəni xatırladır.
Hamı
bu beynəlxalq tədbirin yüksək səviyyədə,
ölkəmizin adına layiq keçməsi
üçün əlindən gələni etməyə
çalışır. Hər kəs görülən
işlərə az da olsa, töhfə verməyə
can atır.
Oyunların
təşkili zamanı ortaya çıxa biləcək
mümkün problemlərin vaxtında aradan
qaldırılması zərurətindən irəli gələrək
hökumətin atdığı məcburi addımları, nəqliyyat
vasitələrinin hərəkəti ilə bağlı tətbiq
edilən qadağaları, bir qisim avtomobilin paytaxta daxil
olmasına müəyyən məhdudiyyətlərin
qoyulması və s. bu kimi yenilikləri də hamı
anlayışla qarşılayır.
Heç kim Oyunların layiqincə keçirilməsinə
xidmət edən qaydaları pozmaq istəmir. Bu,
cərimələnmək qorxusundan deyil. Cəza
tədbiri ilə üzləşmək əndişəsindən
irəli gəlmir.
Hər kəs özü cani-könüldən bu
qaydalara əməl etmək istəyir, hazırlıq işlərinə
hansısa şəkildə xələl gətirməyi
özünə rəva görmür.
Hamı
anlayır ki, bu, Azərbaycanın tədbiridir, Azərbaycanın
adına yazılan tarixi hadisədir,
hamı özünü bu hadisənin fəal
iştirakçısı sanır, vacib bir parçası
kimi hiss edir.
Bu möhtəşəm tədbir Azərbaycan vətəndaşları
olaraq bizim hər birimizə aiddir, hər birimizindir.
I Avropa
Oyunlarına hazırlıq işləri ilə bağlı
hansısa əcnəbidən, xarici qonaqdan eşitdiyimiz adi bir
xoş sözün fərəhi, içimizi doldurduğu məmnunluq
duyğusu kimi, hazırlıq prosesində ortaya
çıxdığını eşitdiyimiz hər hansı
problemin gözlərimizdən asdığı təlaş
kimi, bu problemin aradan qalxdığını eşitcək
köksümüzü dolduran rahat nəfəs kimi...
Vətəndaşlıq
da elə budur...
Milli
birlik də elə budur...
Vətən
təəssübü də elə budur...
***
Az əvvəl
sağlam bir ailə haqqında söhbət açdım...
Bu, Azərbaycan
adlı müqəddəs ocaqda yaşayan, vətənin bol
nemətlərindən barınan, çörəyini yeyib,
suyunu içən və belə bir məmləkətdə
doğulduğuna görə, belə bir məmləkətin
sakini olduğuna görə, vətən sərhədlərindən
kənarda belə bir ailəni təmsil etdiyinə görə
şükranlıq duyğuları bitib-tükənməyən
bütün azərbaycanlıların ailəsidir.
Amma ailədə bəzən naxələflər də
olur, deyilmi?!
Naqis əməllərindən
xar olursan, düz yola çəkməkdən ötrü
göstərdiyin bütün cəhdlərin heç bir əsər
etmədiyini görüb, Tanrının cəzası kimi qəbullanırsan,
səbrinə tapınıb ilahi ədalətin
özünün nə vaxtsa bu naqislikləri yerbəyer edəcəyi,
pis əməl sahiblərinə, düz yoldan azmışlara
tövbə qapısını nişan verəcəyi məqamı
gözləyirsən.
Belələrindən, əfsus ki, biz də xali deyilik.
I Avropa Oyunları ərəfəsində
uğurlarımızı qısqanıb təzyiq məqsədilə
Azərbaycana qarşı fitnə-fəsad karxanasını
işə salmış xarici bədxahlarımızın dilinə
dil verənləri, cılız maraqları naminə bu tarixi tədbirin
möhtəşəmliyinə kölgə salmaq istəyənləri
doqquz milyonluq ümumi ailəmiz içindəki naxələflər
gözündə görürəm.
Cəmiyyətin
sivil inkişafına təkan verən, Azərbaycan adına
qürur doğuran, vətəni bütün dünyaya
yaxşı yöndən tanıdan, üstəlik bu
yarışları izləmək üçün ölkəmizə
gələcək, Azərbaycan vətəndaşlarına məxsus
hotellərdə, mənzillərdə qalacaq, ticarət və
xidmət müəssisələrindən istifadə edəcək
xarici turistlər hesabına insanlarımıza az-çox mənfəət
qazandıracaq belə bir tədbiri gözdən salmağa
çalışmağın naxələflikdən başqa
bir adı varmı?!
Bəlkə də onlar belə bir ərəfədə
Azərbaycana atmaq istədikləri çamurlarla, xarici dairələrlə
əlbir-dilbir olub milli maraqlarımıza qarşı iftira
kampaniyaları təşkil etməklə siyasi mübarizə
apardıqlarını zənn edirlər.
Bəlkə də onlara elə gəlir ki, tutduqları
bu pis yol özlərinə tərəfdar qazandıracaq, mənfur
məqsədlərinə doğru yollarını
yaxınlaşdıracaq.
Yaxşı ki, elin gözü tərəzidir və xalq
yaxşını pisdən, doğrunu yanlışdan,
uğuru faciədən, əsl vətənpərvərləri
populistlərdən hələ 1993-cü ildə
ayırmağı bacarıb.
Və bu gün Azərbaycanın əldə etdiyi
bütün bu nailiyyətlər, ötən illər ərzində
Azərbaycan həyatına daxil olan bütün uğurlar elin
bəsirət gözünün
açıqlığından, xalqın doğru seçimindən
gəlir.
Naxələfliyi
öz yaxalarında şərəf nişanı kimi
daşıyanlar isə nəhayət anlamalıdırlar ki,
qayəsi, məqsədi siyasətin, ərazi
iddialarının bir-birindən iraq saldığı dövlətləri,
xalqları mədəniyyət müstəvisində bir araya gətirməkdən
ibarət olan, bütün dünyada barışa, əmin-amanlığa
xidmət edən bu cür tədbirlərdə xırda
maraqlara yer yoxdur.
Bu maraqları sərgiləmək üçün
küncdə-bucaqda cılız bir fürsət gəzənlər,
sapı özümüzdən olan baltaların dəstavuzu ilə
müstəqil Azərbaycan dövlətinə belə məqamlarda
hansısa şəkildə təzyiq göstərmək istəyənlər
kənardan çox miskin görünürlər.
I Avropa Oyunları bitəndən sonra 2017-ci ildə də
Azərbaycanda İslam Həmrəyliyi Oyunları keçiriləcək. Azərbaycanın
bu sahədəki rolunu, nüfuzunu, təşkilatçılıq
məharətini nəzərə alaraq artıq mətbuatda
ölkəmizdə yer üzündəki bütün
türkdilli xalqlar üçün də belə bir idman tədbirinin
təşkili təşəbbüsləri irəli
sürülür.
Azərbaycan
dövləti olaraq bizim məramımız Şərq və
Qərb sivilizasiyaları arasında körpü olmaqdır,
qloballaşan dünyada bu iki sivilizasiyanın bir-birindən
götürməli olduğu dəyərləri
uzlaşdırmaqdır, Şərq və Qərb
arasındakı qorxunc toqquşmaların,
qarşılıqlı düşmən təsəvvürlərinin
öz yerini dialoqa, anlaşmaya verdiyi, bütün xalqlara, milli
mədəniyyətlərə sayğının ali dəyərə
çevrildiyi xoş, rahat bir dünya qurmaqdır.
Öz düşüncə karvanımızı belə
ülvi, bəşəri məqsədə doğru istiqamətləndirərkən
getdiyimiz yolun kənarlarından eşidilən miskin səslər
bizə nə edə bilər ki?!
Tarix “ilk” kəlməsini çox sevir.
Zamanın xatırladığı çox şeylər
var ki, tarix onu böyük-kiçikliyinə görə yox, məhz
dünyada bir ilk olduğuna görə yaddaşına
yazıb.
Azərbaycan
da belə ilklərdən xali deyil...
Və cəmi
bir neçə gündən sonra Azərbaycan zamanın daha
bir ilkini bəşəriyyət salnaməsinə yazacaq: Avropa
Oyunlarını keçirən ilk ölkə...
Bu tarixi
Azərbaycan dövləti yaratdı...
Azərbaycan
Prezidenti yaratdı...
Dövlət
rəhbərinin ətrafında sıx birləşmiş Azərbaycan
vətəndaşları yaratdı...
Hüseynbala MİRƏLƏMOV,
Milli Məclisin deputatı,
yazıçı-publisist
Azərbaycan.- 2015.- 10 iyun.- S. 6.